Məhkəmə qərarları › İş №e-2(001)-3824/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3824/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3824/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Muğanbank ASC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Muğanbank ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Muğanbank ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə imzalanmış LBP/22/077/000003 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 26% faiz hesablamaqla 5335 manat məbləğində kredit verilmişdir. Əsas öhdəliyin icrasının təmin edilməsi məqsədilə Muğanbank ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə G-LBP/007/000003 sayılı girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ümumi çəkisi 71,8 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Eyni zamanda Muğanbank ASC ilə X1 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan tərəfindən xx.xx.2022-ci il tarxili LBP/007/000003 sayılı kredit müqaviləsinin şərtləri pozularaq öhdəliklər icra edilməmişdir. Belə ki, UNİ/130 sayılı xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin Muğanbank ASC-yə əsas borca görə 5205,03 manat, faiz borcuna görə 740,18 manat, dəbbə puluna görə 164,65 manat olmaqla cəmi 6109,86 manat borcu yaranmışdır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borca görə 5205,03 manat, faiz borcuna görə 740,18 manat, dəbbə puluna görə 164,65 manat olmaqla cəmi 6109,86 manat borcun və ödənilmış 82 manat dövlət rüsumunun tututlaraq Muğanbank ASC-yə ödənilməsinə, tələbin girov predmeti olan ümumi çəkisi 71,8 qram olan qızıl-zinət əşyalarına yönəldilməsinə, həmin əşyaların açıq həracadan satılmasına, əmlakın satılması nəticəsində əldə edilmiş vəsait heabına Muğanbank ASC-yə olan 6109,86 manat borcun və 82 manat ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Muğanbank ASC-nin nümayəndəsi A.Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, bankdan ilkin olaraq 5200 manat kredit götürmüş, 6-7 ay kredit borcunu, təxminən 3300 manata qədər problemsiz ödəmiş, daha sonra bankın təklifi ilə yenidən 1700 manat kredit götürmüş, cəmi borcu 5000 manat olmuş, işdən çıxdığı, anası vəfat etdiyi, özü xəstələndiyi üçün borcunu ödəyə bilməmişdir. Bir ay olar ki, yenidən işə girmiş, banka yeni cədvəl tərtib edilməsini təklif etsə də, ona ilkin olaraq borcundan 1600 manat ödəməyi bildirmişlər. Lakin onun maddi imkanı olmamış, banka girov qoyduğu qızıllarının satılmasını, borcum tam silinsini təklif etmiş, bank ona bütün qızılların satılmalı olması bildirilmiş, o, qızıllarının dəyərinin borcundan çox olmasını, bütün qızıllarının satılmasına zərurət olmadığını demiş, bu səbəbdən aralarında razılıq əldə edilməmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Maddə 281.2. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcverən Muğanbank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli LBP/22/077/000003 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 48 ay müddətinə qaytarmaq, illik 26% ödəmək şərti ilə 5335 manat kredit verməyi öhdəsinə götürmüşdür. Girov saxlayan Muğanbank ASC ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli G-LBP/22/077/000003 saylı girov müqaviləsindən müəyyən olunur ki, girov qoyan əsas öhdəliyin icrasının təmini məqsədi ilə müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş əşyanı girov saxlayanın sahibliyinə verir, girov saxlayan isə öz növbəsində xx.xx.2022-ci il tarixli LBP/22/077/000003 saylı kredit müqaviləsi üzrə borc alanın öz öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda girov qoyulmuş əşyanın dəyərindən girov qoyanın digər kreditorlarına nisbətən üstün qaydada təminat almaq hüququna malikdir. Girov müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə üzrə girov qoyulan Muğanbank ASC-də saxlanılan, çəkisi 71,8 qram, dəyəri 6102 manat olan zinət əşyalarıdır. Borcverən Muğanbank ASC, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin xx.xx.2022-ci il tarixli LBP/22/077/000003 saylı kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri borc verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Muğanbank ASC-nin xx.xx.2023-cü il tarixli 130 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixli LBP/22/077/000003 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 5205,03 manat, faiz borcuna görə 740,18 manat, cəriməyə görə 164,65 manat olmaqla cəmi 6109,86 manat borcu vardır. Muğanbank ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli 131 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank birgə borclulara xx.xx.2022-ci il tarixli LBP/22/077/000003 saylı kredit müqaviləsi üzrə borc 5 gün ərzində ödənilmədiyi halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Muğanbank ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli 127 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank xx.xx.2022-ci il tarixli LBP/22/077/000003 saylı kredit müqaviləsi üzrə borcalana 5 gün ərzində borc ödənilmədiyi halda girov predmeti olan qızıl-zinət əşyalarına tutma yönəldiləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, birgə borclular olan cavabdehlər öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 5205,03 manat, faiz borcuna görə 740,18 manat borcları yaranmışdır. Ona görə də məhkəmə iddiaçının cavabdehlərdən əsas borca görə 5205,03 manatın, faiz borcuna görə 740,18 manatın tutulmasına, tutmanın girov predmeti olan və iddiaçıda saxlanılan çəkisi 71,8 qram olan zinət əşyalarına yönəldilməsi tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 20 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehlərə aid edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli LBP/22/077/000003 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5205,03 manat, faiz borcuna görə 740,18 manat, cəriməyə görə 20 manat, dövlət rüsumuna görə 82 manat olmaqla cəmi 6047,21 manat müştərək qaydada Muğanbank ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan Muğanbank ASC-də saxlanılan ümumi çəkisi 71,8 qram olan qızıl-zinət əşyalarına tutma yönəldilməklə həmin əşyalar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərcinin ödənilməsinə yönəldilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar