Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3832/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Azad oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(001)-5625/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, 28 avqust 2016-cı il təvəllüdlü X2 və 15 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 350 manat olmaqla, hər ay cəmi 700 manat sabit pul məbləğində Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə olan birgə nikahlarından iki övladları - 28 avqust 2016-cı il təvəllüdlü X4 və 15 fevral 2019-cu il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Biz bir müddət mehriban yaşasalar da sonradan ailədə narazılıqlar baş vermiş, məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(001)-5625/2022 saylı qətnaməsi ilə Cavabdeh 28 avqust 2016-cı il təvəllüdlü X2 və 15 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehlə faktiki ayrıldığı dövrdən azyaşlı uşaqları onun himayəsindədir, uşaqların bütün ehtiyaclarını- istirahət və təhsilini özü təmin edərək, onların qayğısına tək qalır. Uşaqların saxlanması üçün hər ay hər uşağa görə 193 manat məbləğində aliment onların əvvəlki təminatının yüksək səviyyədə saxlanmasına kifayət etmir. Belə ki, uşaqların böyüməsi, onların ehtiyaclarını artması, pulun illik inflyasiyası və bir çox bu kimi amillər uşaqların saxlanması üçün çəkilməli olan xərcləri də artırır ki, bu xərcləri ödəməkdə çətinlik çəkir. Cavabdeh isə uşaqları ilə heç maraqlanmır, alimentin uşaqların saxlanmasına kifayət edib-etməməsinə məhəl qoymadan cavabdeh yalnız ona təyin edilmiş alimenti ödəyir. Halbuki, cavabdeh ali təhsilli stamotoloqdur, o, AG Servis MMC-yə məxsus “Stardent” Diş Klinikasında diş həkimi işləyir və hər ay 3000-4000 manat məbləğində əmək haqqı alır. Baxmayaraq ki, cavabdeh yüksək gəlir əldə edir, aliment məbləğini artırmaq üçün onu mediasiyaya dəvət etdikdə o, mediasiyaya gəlməmiş, mediatorla əlaqə saxlayaraq artıq məbləğdə aliment ödəməyəcəyini bildirmişdir. Hal-hazırda uşaqların xərci də artdığına görə bir uşağın saxlanması üçün 300-350 manat xərc tələb edilir ki, bu hal onu aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etməyə məcbur etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh əvvəl işləməsə də, hazırda işləyir. Maddi vəziyyətində hazırda dəyişiklik olmuşdur. İddiaçı cavabdehdən hər ay hər uşaq üçün 350 manat olmaqla, 700 manat alimentin tutulmasını xahiş edir. Lakin qarşı tərəf cavabdehin 420 manat əmək haqqı almasını göstərən arayış təqdim etmiş və həmin arayışı təkzib edən dəlilləri yoxdur. Bunun müqabilində aliment məbləğini yaşayış minimumu həddində müəyyən edilməsinə də, etiraz etmir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflərin birgə nikahlarından iki övladları olmuşdur. Uşaqlar böyüyüb, onların ehtiyacları artıb. Cavabdeh diş həkimi işləyir və hər ay təxminən 3000- 4000 manat əmək alır. Lakin buna baxmayaraq cavabdeh uşaqları ilə maraqlanmır. Uşaqların bütün ehtiyaclarını iddiaçı özü qarşılayır. İddiaçı özü işləmir.Cavabdehdən uşaqların saxlanılması üçün 2023-ci il üçün yaşayış minimumu həddində yəni 220 manat məbləğində alimentin tutulmasına etiraz etmir. Hər bir halda nəzərə alınmalıdır ki, cavabdhe diş həkimi işləyir. Günü bu gün fəhlələr belə 420 manat əmək haqqı almır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, keçən qətnamə ilə müəyyən olunan aliment məbləğini cavabdehin atası ödəmişdir. Hazırki aliment məbləği əgər artırılarsa cavabdehin əmək haqqının 100 % həcmindən artıq olacaq ki, bu da, cavabdehin mənafeyinə uyğun deyil. Nəzərə alınmalıdır ki, cavabdehin maddi durumunda hər hansı irəliləyiş olmamışdır. Cavabdehin rəsmi əmək haqqı 420 manat olsa da, tutulmalar sonrasında əlinə 370 manat məbləğində vəsait alır. İddiaçının təhsilinin inkişafı üçün cavabdeh 4-5 ilini Türkiyədə sərf etmiş, hazırda ölkəyə qayıtmaqla, özünə kariyera qurmağa başlamışdır.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdehin maddi durumunda heç bir dəyişiklik yoxdur. Cavabdeh 5-6 il olar ki, Türkiyə Respublikasında təhsil alırdı və Bakı şəhərinə təzə qayıdıb. Cavabdeh xx.xx.2022-ci il tarixdə AG Servises MMC-də həkim-stomatoloq vəzifəsində işləyir və aylıq əmək haqqı 420 manat təşkil edir. Ümumiyyətlə tərəflər evli olan vaxtı onlara cavabdehin valideynləri baxıb. Hal-hazırda da cavabdehin valideynləri uşaqlara maddi yardım edirlər. Uşaqlar həftədə 1 dəfə cavabdehin valideynləri ilə qalırlar və uşaqların bütün ehtiyacları onlar tərəfindən qarşılanır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5625/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh olu ilə cavabdeh Rəsulova (Babayeva) Günay Firudin qızı arasında bağlanmış və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixə 2057 № ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 cavabdeh İddiaçı yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində tutulması və s. qət edilmişdir.
8. "xxxx" MMC tərəfindən təqdim edilən arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də xx.xx.2022-ci il tarixindən həkim-stomotoloq vəzifəsində işləyir. Aylıq əmək haqqı 420 manatdır.
9. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZE-İ seriyalı 445588 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2022-ci il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 591 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına “Rəsulova” soyadı verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh olu ilə cavabdeh Rəsulova (Babayeva) Günay Firudin qızı arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5625/2022 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulan uşaqlar xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir.
11. Həmin qətnamə ilə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutulmuşdur.
12. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5625/2022 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay hər uşaq üçün 350 manat olmaqla, ümumilikdə 750 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.
13. Tələbini isə uşaqların tələbatlarının artması və özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.
14. Cavabdeh isə iddia tələbini qəbul etmir və artırılacaq aliment məbləğinin onun əmək haqqının 100 % həcmindən belə çox olduğunu, maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
17. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
20. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
22. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
23. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
24. İşin halları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnaməyə əsasən cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, 386 manat aliment tutulur. Odur ki, keçən müddət ərzində yaşayış minimumu tələbləri, uşaqların xərcləri artmışdır. Dolayısı ilə iddiaçının alimentin artırılmasına zərurət yaranması barədə dəlilləri əsaslıdır. Buna baxmayaraq iddiaçı artırılması tələb edilən miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması ilə bağlı sübut təqdim etmədiyindən, tələbi qismən təmin edilməlidir.
25. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək iddia etmişdir ki, cavabdeh 3000-4000 manat əmək haqqı alır və təqdim edilən arayışa əsasən onun 420 manat əmək haqqı alması inandırıcı deyil. Halbuki, “Azemis” Elektron məhkəmə sistemindən cavabdehin gəlir məlumatları sorğulandıqda cavabdehin həqiqətən "xxxx" MMC-də stomotoloq vəzifəsində işlədiyi və aylıq əmək haqqının 420 manat olduğu müəyyən edilir. Bununla belə məhkəmə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, qətnamə ilə tutulan alimentin məbləği artırılaraq hər ay, hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməlidir.
26. Belə ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üçün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur. Cavabdehin nümayəndəsinin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh əmək qabiliyyətli bir valideyn kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını yüksək saxlamalı və bununla bağlı vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideyn olaraq yerinə yetirməli olduğu vəzifələrini şərtsiz qəbul etməklə, uşağının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq üçün qanunla qadağan edilməyən formada tədbirlər görməlidir.
27. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
28. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5625/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
34. Məhkəmə eyni zamanda o qənaətə gəlir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu mediasiya xərci ilə əhatə olunduğundan cavabdehdən işə baxılması ilə bağlı hər hansı rüsum tutulmamalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5625/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev