Məhkəmə qərarları › İş №e-2(001)-3852/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3852/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3852/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Zumrud Alıevanın, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4777,78 (dörd min yeddi yüz yetmiş yeddi manat 78 qəpik) manat məbləğində zərərin və 67,78 (altmış yeddi manat 78 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4845,56 (dörd min səkkiz yüz qırx beş manat 56 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonentCavabdeharasında xx.xx.2023-cü il tarixində 07-5110 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00002 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2747,52 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 328,32 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 168,48 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 228,96 manat; Cəmi 5201,28 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur(sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh 2023-cü ilin noyabr ayından 2024-cü ilin aprel ayına qədər – 2747,52 manat zərərdən cəmi 423,50 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum4i 777,78 (dörd min yeddi yüz yetmiş yeddi manat 78 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, cavabdeh 2023-cü ilin noyabr ayına qədər evdə yaşayış olmadığını desə də, Azərişıq ASC-nin saldosundan görünür ki, 2023cü ilin yanvar ayından həmin ünvanda elektrik sərfiyyatı olmuşdur.

4. Cavabdeh məhkəmə iclaslarında iddiaya etiraz etmiş, yazılı qaydada iddiaya etiraz təqdim etmişdir. Etirazını isə onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbi ila məhkəmə qarşısında iddia qaldırarkan araşdırmanı düzgün aparmamış. İddiaçı əməkdaşları tərəfindən həmin aktlar tərtib olunduğu zaman həmin ünvanda ümumiyyətlə yaşayış olmamışdır. Sənədlərdən də göründüyü kimi həmin aktlarda nə mənim, nə də ailə üzvlərimin imzası var. Daha əvvəl mənim tərəfimdən qaz çəkilişi ilə bağlı onların əməkdaşlarına müraciətim olmuşdur. Onlar tərəfindən həmin xətt çəkilmiş və sayğacın yaxın günlərdə gətiriləcəyi söylənmişdir. Həmin dövrdə adı çəkilən ünvanda işıq belə yox idi. O zaman orada yaşayış necə mümkün ola bilərdi. Daha sonra həmin ərazinin qaz əməkdaşları tərəfindən məndən sayğac qoyulması üçün böyük məbləğdə pul tələb olundu.Mən imtina etdim və ailə uşağımın orada yaşamağı mümkün olmadığı üçün Novxanı kəndində olan həyət evimdə yaşamaq məcburiyyətində qaldım. İddiaçı tərəfin əməkdaşları qəsdən yaşayış olmayan və heç bir zərər vurulmadığı halda əsassız cərimələr yazdılar. Daha sonra Novxanıdan uşaqlarımın məktəbinə uzaq olduğu üçün işıq və qaz sayğaclarını sənədləşdirib 2023-cü ilin sonlarına yaxın həmin evə köçdük. İddiaçı tərəfindən qanunsuz şəkildə hesablanmış cərimələrlə bağlı məhkəməyə müraciət etmək niyyətində idim.Lakin evə köçdüyümdə qış fəsli olduğundan onların insafsıscasına qışın soyuğundan istifadə edərək qoyduqları tələbləri qəbul etmək məcburiyyətində qaldım. Sayğacın kartına ödənilən məbləğ yarı olaraq sayğaca yüklənirdi.

5. Verilən suallara cavab olaraq bildirmişdir ki, evinə işıq 2023-cü ilin yanvar ayında çəkilmişdir və işıq olmadığı halda kombidən istifadə mümkün deyildir. O, evə 2023-cü ilin sentyabr ayında köçmüşdür. Onun 5 evi var və qaz olmayan yerdə yaşaması məntiqsizdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, cavabdehi İ Qarabağ döyüşlərindən sonra qazi kimi tanıyır. Həm də özünün əl qabiliyyəti olduğundan cavabdehin evində usta kimi işləmiş, döşəməsinin, tavanının, dam örtüyünün tikilməsini (vurulmasını) həyata keçirmişdir. Evin təmiri təxminən 4-5 ay çəkmiş, ən nəhayət 2023-cü ilin sonunda bitirmişdir. Amma cavabdehin evə ailəsi ilə birgə köçərək, yaşaması biraz vaxt aparmışdır. Evdə işləyən zaman evə qaz, su, işıq xətləri çəkilməmişdir. Həmin ərəfədə qazdan qida ehtiyaclarını təmin etmək üçün qaz balonu vasitəsilə istifadə etmişlər. İşıq və su isə evə bitişik olan başqa bir qadının evindən təmin edilirdi. İşlədiyi dövrdə İddiaçı əməkdaşlarını orada görməmişdir. Evin təmirinə başlayarkən ev yarımtikili halda olmuş və yaşayış üçün yararsız olmuşdur. Həmin evdə cavabdehdən əvvəl yaşayış olmamışdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında bildirrmişdir ki, İddiaçı İB-nin Binəqədi rayonu xidmət sahəsində böyük mühəndis vəzifəsində çalıışır. Vəzifə səlahiyyətlərinə abonentlərin qaz sayğaclarına baxış keçirmək, sızıntı olduğu təqdirdə tədbir görmək və s. aiddir. Cavabdehin evinin olduğu ərazi onun xidməti sahəsinə aid deyil. Lakin məzuniyyətdə olan əməkdaşlara görə, həmin ərazilərə baxış üçün digər əməkdaşlar yönləndirilə bilir. Akt tərtib edilən dövrdə evin qapısının döyülməsi yadında olsa da, ev sahibinin onları qarşılaması halı yadında deyil. Akt adətən sayğacsız qazdan qeyri-qanuni istifadə hallarında tərtib edilir. Akt isə qanunsuz qoşulma halı aşkar edilən kimi dərhal tərtib edilmir. Belə ki, qanunsuz qoşulma halı aşkar edildikdən sonra, kəsici alətlə kəsilir və svarka olunur. Həmçinin qanunsuz qoşulma xətlərinin kəsilməsi hər dəfə fərqli üsullarla olur. Daha sonra onlar müvafiq ünvana gələrək bu halı aktlaşdırırlar. Aktı imzalamış olması, qanunsuz qoşulma halının aradan qaldırılması zamanı orada olmasını deməyə əsas vermir. Odur ki, o qanunsuz qoşulma faktı aradan qaldırılarkən (svarka işi zamanı) orada olmaması normaldır. Qanunsuz qoşulma hallarına həmin ərazinin öz nəzarətçisi nəzarət edir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, cavabdehi tanımır və evin yerləşdiyi ünvan onun nəzarətində deyil. Binəqədi rayonunun ərazisi əməkdaşlar arasında bölünür. Əgər bir əməkdaş məzuniyyətdə olarsa, həmin əraziyə digər əməkdaş göndərilir. Həmin ünvanda qanunsuz qoşulma xəttinin aradan qaldırılması halı yadına gəlmir. Əgər ki, qanunsuz qoşulma halı varsa, yəni şlank çəkilibsə mütləq akt tərtib edilir. Belə ki, bu halda ərazinin mühəndisi kəsim maşını ilə qanunsuz qoşulma halını aradan qaldırır. Lakin bu maşın fakt aşkar olunan zaman əldə olmur. Daha sonradan ünvana gətirilir və qoşulma halı aradan qaldırılır. Sayğacı podratçı şirkət xətti çəkdikdən sonra qoyur. Birləşdirilmə olmadığından şlank qoyulur. Onlar adi halda ev yiyəsinin icazəsi olmadan hasara belə boylana bilmirlər. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Azəriqaz” İB ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Buna qədər isə xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay təbii X5nın pozulması haqqında 11 AKT tərtib edilmişdir.

10. İlk dəfə xx.xx.2022-ci il tarixdə təbii X5nın pozulması haqqında ******* saylı AKT tərtib edilmişdir. Həmin AKT-a əsasən müəyyən edilmişdir ki, mənzilə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadəsi aşkar edilmişdir. Tarixi göstərilməyən dekabr 2022-ci il tarixli AKT-a əsasən sayğacsız qeyri-qanuni xəttin ləğv edildiyi göstərilmişdir. Bu aktlar cavabdeh tərəfindən imzalanmasa da, məhkəmə iclasında şahid qismində dindirilən birliyin nümayəndəsi Bağırov Hakim imzalamışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı AKT-ın əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və qaz işlədicilərdən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub.m saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 kub.m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcminin 22896 kub.m olduğu müəyyən edilmişdir. Bu əsasla da cavabdehə 2022-ci ilin dekabr ayı üçün AKT-a görə 2747.52 manat borc hesablanmışdır.

11. Daha sonra eyni qaydada 2023-cü ilin yanvarında 362.88 manat, fevralında 328.32 manat, martında 302.4 manat, aprelində 362.88 manat, mayında 233.28 manat, iyununda 233.28 manat, iyulunda 168.48 manat, avqusutunda 116.64 manat, sentyabrında 116.64 manat, oktyabrında 228.96 manat olmaqla, cəmi 11 akt-a görə 5201.28 manat borc hesablanmışdır.

12. Cavabdeh tərəfindən ödənilən 423 manat vəsait 2022-ci ilin dekabr ayında tərtib edilən akt-a görə hesablanan 2747.52 manat borcdan silinmişdir.

13. Cavabdeh iddianı qəbul etmir və etirazını onunla əsaslandırır ki, AKT-lar tərtib edilən zaman evdə yaşayış olmamışdır, çünki Azəriqazın əməkdaşı ondan qaz sayğacı quraşdırmaq üçün pul tələb etmişdir və o da razılaşmadığından 2023-cü ilin noyabr ayına qədər onun evinə sayğac quraşdırılmamışdır və qaz olmayan evdə yaşamaq da mümkün deyildir. Bundan əlavə 2022-ci ilin dekabr ayında həmin evdə işıq olmadığına əsaslanmaqla, kombinin işıqsız istifadəsinin və dolayısı ilə qazdan istifadənin mümkün olmadığını bildirmiş və 2022-ci ilin dekabrında tərtib edilən AKT-ın qanunsuz olduğunu iddia etmişdir. Bundan əlavə tərtib edilən AKT-lardan xəbərinin olmadığını, birliyin əməkdaşları tərəfindən qaz axıntısının qarşısını almaq üçün özlərinin çəkdikləri şlanqın 11 ay ərzində ləğv edilmədiyini bildirərək, həmin aktların qanunsuz olduğunu iddia edir. Etirazının dəlillərini evdə usta kimi işləyən şəxsin şahid ifadəsinə və həmin evə və ona məxsus olan digər evlərə işıqdan, qazdan istifadə ilə bağlı saldolara əsaslanaraq sübut etməyə çalışır.

14. İddiaçı isə tələbinin əsası kimi istinad etdiyi aktların əsaslılığını akt-ı tərtib edilən şəxslərin ifadələri, çəkilən fotoşəkillərlə sübut etməyə çalışır və cavabdehin etirazını isə mübahisə olunan evin işıqdan istifadəsi ilə bağlı saldosuna əsasən əsassız olduğunu iddia edir. Belə ki, Binəqədi kəndi, 1-ci mədəndə( mübahisə olunan fərdi yaşayış evi) yerləşən evdə işıqdan istifadə ilə bağlı saldodan görünür ki, 2023-cü ilin fevral ayından işıqdan istifadə olunmuşdur.

15. Bundan əlavə iddiaçı Bakı şəhəri Baş Polis İdarəsinə xx.xx.2023-cü il tarixdə məktub göndərmiş və istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir.

16. Binəqədi Rayonu Binəqədi X2 Pərviz Salman oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, keçirilmiş monitorinqdə ümumu sahəsi 75-90 kv.m olan torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ümumi sahəsi 50-55 kv.m olmaqla başa çatmamış yarım təmirli kiçik otaq, mətbəx və dəhliz birlikdə, o cümlədən kiçik giriş hissədən ibarətdir. Qeyd olunan mənzilin yaşayışa yararsız və təmirə ehtiyac olduğu tərəflərindən müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

17. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

18. Belə ki, iddiaçının tələbinin əsası hüquqazidd əməl nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Hansı ki, bu tələbin təsdiq edilməsi sübutetmə ilə bağlıdır və sübutetmə yükü iddiaçının üzərinə düşür.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun(xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklə)

20. 13-cü maddəsinin 8-1-ci bəndində əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X5nın təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixdə edilən dəyişikliyədək):

22. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

23. Yeni redaksiyada isə 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Məhkəmə işin müəyyən edilmiş hallarını dəyərləndirərək o qənaətə gəlir ki, iddiaçının tələbi ona görə əsassızdır ki, əgər iddiaçı qanunsuz qoşulma faktını aşkar etmişdirsə, bu barədə tərtib etdiyi AKT-ın bir nüsxəsini müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idi. Hazırki mübahisədə isə əgər iddiaçı 2022-ci ilin dekabr ayında cavabdehin 2747.52 manat dəyərində qazı taladığını müəyyən etmiş idisə, bu barədə tərtib etdiyi AKT-ı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə göndərməli idi. Lakin iddiaçı vurulan zərərin həcminin 5000 manatdan aşağı olmasına baxmayaraq, formal olaraq Bakı şəhər Baş Polis İdarəsinə müraciət etməklə(üstəlik AKT-ı əlavə etmədən) qanunla ona həvalə edilmiş vəzifəsini icra etməmişdir.

28. Bundan əlavə məhkəmə iclasında dindirilən şahidin ifadəsindən və tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, qeyri-qanuni xəttin ləğv edilməsi ilə bağlı AKTlar formal olaraq tərtib edilmişdir. Belə ki, təbii X5nın pozulması haqqında xx.xx.2022-ci il tarixli və günü qeyd edilməyən dekabr 2022-ci il tarixli qeyri-qanuni xəttin ləğv edilməsi barədə AKT-ı tərtib edən məhkəmə iclasında şahid qismində dindirilmiş Bağırov Hakim ifadəsində bildirmişdir ki, qanunsuz xəttin ləğv edilməsi üçün xüsusi aparat olur və onların qanunsuz qoşulma faktını müəyyən etdikləri zaman xəttin ləğv edilməsi həmin vaxt həyata keçirilmir. Göründüyü kimi qanunsuz xəttin ləğv edilməsi barədə AKT-ı imzalayan şəxslər, həqiqətən də həmin xəttin ləğv edilməsi faktının şahidi olmurlar.

29. Bundan başqa tərtib edilən aktlardan görünür ki, cavabdehin evinə qaz sayğacı quraşdırılmasa da, ona abonent kodu artıq verilmişdir. Yəni iddiaçı abonent kodu verməklə cavabdehin evinə qaz xətti çəksə də, 11 ay həmin ünvana qaz sayğacı quraşdırmamış və qaz xəttinin sonluğuna hər hansı bağlayıcı(vintil) qoymamışdır. Bu isə o qənaətə gəlməyə əsas verir ki, əgər zərər vurulmuşdursa belə, zərərin yaranmasına, artmasına şərait yaratmışdır.

30. Bundan əlavə birliyin nümayəndələri aktlar tərtib edilən zaman qanunsuz xətti dəfələrlə görüntüləsələr də, qanunsuz xəttin ləğv edildiyi və ya qanunsuz qoşulmanın aşkar edildiyinin vətəndaşa bildirildiyi barədə hər hansı çəkiliş aparmamışlar.

31. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, elektrik enerjisindən istifadə edilməsi evdə daimi yaşayış olduğunu birbaşa təsdiq etmir. Belə ki, elektrik cərəyanına evdə yaşayış olmadıqda belə, bir çox qurğunun qoşulması(soyuducu, həyətin işıqlandırılması, kamera, internet) mümkündür.

32. Beləliklə yuxarıda göstərilən hallar tərtib edilən aktların qanunsuz olduğu hüquqi nəticəsini doğurur və bu səbədən həmin aktlara əsasən hesablanmış borc abonentin hesabından silinməlidir. Tətbiq edilən prosessual normalar:

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

37. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

38. Beləlilkə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar