Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3855/2023 03.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh4 ilə BOKT İnkişaf üçün Maliyyə MMC-nin Bakı Filialı arasında xx.xx.2019-cu il tarixli, L-BK- 0046548-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 9870 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq BK-00021134, BK-00026149, BK-00026150 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1359,07 manat, faiz borcu üzrə 241,93 manat olmaqla cəmi 1601 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda borcalanın təşkilata əsas məbləğ üzrə 8510,93 manat, faiz borcu üzrə 109,22 manat olmaqla cəmi 8620,20 manat məbləğində kredit borcu vardır. Cavabdehlə təşkilat arasında bağlanmış kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən kredit üzrə ödənişlər razılaşdırılmış cədvələ uyğun ödənilmədikdə kreditor müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Təşkilatla borclunun zaminləri arasında bağlanmış BK-00021134, BK-00026149, BK-00026150 zaminlik müqavilələrinin 2.1 bəndinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıyacaqlarını öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq zamin, borclu tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından kreditorun xeyrinə silinməsinə icazə vermişlər. Ona görə də borclularla BOKT İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış L-BK-0046548-F saylı kredit, BK-00021134 saylı, BK-00026149 saylı, BK-00026150 saylı zaminlik müqavilələrinin ləğv olunmasına, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 8510,93 manat, faiz borcu üzrə 109,22 manat olmaqla cəmi 8620,20 manat məbləğində kredit borcunun və ödənilmiş 107 manat dövlət rüsumunun alınaraq BOKT İnkişaf üçün Maliyyə MMC-yə verilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsini qəbul edib, izahatında iddiaçıya olan borcunu hissə-hissə ödəyəcyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edib, izahatında iddiaçının tələb etdiyi borc məbləğini mübahisələndirmədiyini, borcunu hissə-hissə ödəyəcyini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Borcverən BOKT İnkişaf üçün Maliyyə MMC ilə borcalan Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0046548-F saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 60 ay müddətinə qaytarmaq illik 1% ödəmək şərti ilə 9870 manat kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən BOKT İnkişaf üçün Maliyyə MMC ilə borcalan Cavabdeh4 arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli L-BK-0046548-F saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca görə 9870 manatı, faiz borcuna görə 256,73 manatı borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Borcverən BOKT İnkişaf üçün Maliyyə MMC, borcalan Cavabdeh4 və zamin Cavabdeh2 Eyyub oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK-00026149 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin xx.xx.2019-cu il tarixli L-BK-0046548-F saylı kredit müqaviləsi üzrə boralanın öhdəliklərini yerinə yetirənədək borcverən qarşısında boralanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcverən BOKT İnkişaf üçün Maliyyə MMC, borcalan Cavabdeh4 və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK-00026150 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin xx.xx.2019-cu il tarixli L-BK-0046548-F saylı kredit müqaviləsi üzrə boralanın öhdəliklərini yerinə yetirənədək borcverən qarşısında boralanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcverən BOKT İnkişaf üçün Maliyyə MMC, borcalan Cavabdeh4 və zamin Cavabdeh1 qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK-00021134 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin xx.xx.2019-cu il tarixli L-BK-0046548-F saylı kredit müqaviləsi üzrə boralanın öhdəliklərini yerinə yetirənədək borcverən qarşısında boralanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. BOKT İnkişaf üçün Maliyyə MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixli L-BK-0046548-F saylı kredit müqaviləsi üzrə əsas borca görə 8510,93 manat, faiz borcuna görə 109,22 manat olmaqla cəmi 8620,2 manat borcu vardır. BOKT İnkişaf üçün Maliyyə MMC-nin Cavabdeh4 ünvanladığı xx.xx.2022-ci il tarixli BK-018 saylı xəbərdarlıqdan müəyyən olunur ki, borcverən borcalana borc ödənilmədiyi tarixdə məhkəməyə müraciət edərək kredit və ona hesablanan faizlərin vaxtından əvvəl tələb edəcəyini bildirmişdir. BOKT İnkişaf üçün Maliyyə MMC-nin X1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2022-ci il tarixli BK-018/2, BK-018/3 və BK-018/1 saylı xəbərdarlıqlardan müəyyən olunur ki, borcverən zaminlərə borc ödənilmədiyi tarixdə məhkəməyə müraciət edərək kredit və ona hesablanan faizlərin vaxtından əvvəl tələb edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmudur ki, birgə borclular olan cavabdehlər müqavilə öhdəliklərini icra etmədiklərindən iddiaçı kredit müqaviləsi üzrə borclanın öhdəliklərinin vaxtından əvvəl icrasını tələb edəcəyi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə təklifini cavabdehlərə göndərdikdən sonra kredit və zaminlik müqavilələrinin ləğv edilməsinə, kredit müqaviləsi üzrə yaranmış borc, faiz tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, borcverən borcalanın kredit müqaviləsində qeyd olunan şərtlərlə öhdəliklərinin icra edilməsindən imtina etməsinə dair təklifini birgə borclulara göndərdikdən sonra birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada kredit müqaviləsinin ləğvi baş verdiyindən, ləğv edilmiş müqavilənin təkrar ləğv edilməsi mümkün olmadığından, iddiaçı bağladığı zaminlik müqavilələrinin ləğv edilməsinə əsas ola bləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən, birgə borcluların iddiaçıya əsas borca görə 8510,93 manat, faiz borcuna görə 109,22 manat borclarının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia ərizəsi qismən təmin edilərək cavabdehdlərdən iddiaçının xeyrinə müştərək qaydada əsas borca görə 8510,93 manat, faiz borcuna görə 109,22 manat tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli L-BK- 0046548-F saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 8510,93 manat, faiz borcuna görə 109,22 manat, dövlət rüsumuna görə 107 manat olmaqla cəmi 8727,15 manat BOKT İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3855/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3855/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver