Məhkəmə qərarları › İş №e-2(001)-3864/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3864/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3864/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh ilə aralarında ½ hissədə bölünməklə həmin mənzilin üzərində ½ pay hüququnun müəyyən edilməsi və həmin mənzilin ½ hissəsinə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi, qətnamənin icrası üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları xx.xx.1990-cı il tarixdə qeydə alınmışdır. Nikahları xx.xx.2005-ci il tarixində pozulmuşdur. Buna baxmayaraq mübahisə etdikləri dövr uzun çəkməmişdir. Nikahın rəsmi pozulmasına baxmayaraq iki uşaqlarına görə bir evdə yaşamışlar. Belə ki, ilk gündən bu günədək həmişə ailənin və uşaqlarının yanında qalmışdır. Uşaqların tərbiyəsi ilə cavabdehlə birlikdə məşğul olmuşlar. Ailənin bütün maddi ehtiyacını qarşılamış və hazırda da bunu edir. Kommunal xərclər daxil olmaqla, bütün ailə ehtiyaclarını bu günədək o qarşılamışdır. Bunun yüzlərlə şahidəri var. Göründüyü kimi münasibətləri hər zaman gərgin olmuşdur. Amma uşaqlara görə dözüb yaşamışlar. Birlikdə yaşadıqlarına görə nikah pozularkən əmlak bölgüsünə zərurət olmamışdır. Nikah rəsmi pozulduğu dövrdə və sonra nikah dövründə əldə etdikləri evdə birgə yaşamışlar və hazırda da həmin evdə birlikda yaşayırlar. Nikahları təkrar qeydiyyata almasalarda faktiki bir yerdə yaşayır və birgə təsərrüfat aparırlar. Lakin qızları bir az əvvəl ailə qurub öz evinə köçəndən sonra ona məlum olmayan səbəbdən cavabdeh səbəbsiz şəkildə onunla mübahisələr edir, onun yaşayışını mümkünsüz hesab edir, evi tərk etməsini tələb edir. Son mübahisə zamanı ona evə gəlməməsini və çıxıb getməyini, evin bütövlükdə ona məxsus olduğunu, evi ona verməyəcəyini demişdir. O, bacardığı yollarla mülkiyyətindən istifadə etməyə qəsdən maneələr yaradır, mülkiyyətində olan sahəsindən istifadə etməyə məhdudiyyətlər yaradır. Buna görə də, məcbur olub həmin mənzilin ½ hissəsinə pay hüququnun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı daimi olaraq mübahisəli mənzildə yaşamışdır. Tərəflər arasında rəsmi nikah pozulsa da, onlar uşaqlarına görə birlikdə yaşamışlar. Evin alınması üçün tərəflər birgə nikah dövründə birlikdə ödəniş etmişlər. Evin tam dəyəri birgə nikah dövründə ödənilmişdir. Onda olan məlumata əsasən tərəf ikinci dəfə ailə qurmamışdır. Onlar bu günə kimi birgə təsərrüfat aparmışlar. Həmçinin iddiaçının ikinci dəfə ailə qurması onun mülkiyyət hüquqlarının pozmur. Son zamanlarda ona yaşadığı evə daxil olmağa icazə verilməmişdir. Bu gün iddiaçının mülkiyyət hüquqları pozulur. Onun yaşamağa başqa yeri yoxdur. Bu günə kimi onlar birgə təsərrüfat aparmışlar. İddia müddəti isə buraxılmamışdır. Çünki onlar boşansalar da yenə birlikdə yaşamışlar. Mülki məcəllədə qeyd edilir ki, iddia müddətinin axımı hüquqlar pozulduğu vaxtdan başlanır. İddiaçının hüququ hal-hazırda pozulduğundan o, məhkəməyə indi müraciət etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə izahatında bildirmişdir ki, tərəflər 1990-ci ildə nikaha daxil olmuşlar. Orderin tarixi isə 1992ci ildir. Order veriləndə tərəflərin ər-arvad olması qeyd edilmişdir. İddiaçı həmin mənzildə qeydiyyatda olması və yaşaması barədə müvafiq arayışı məhkəməyə təqdim etmişdir. Bütün qonşular, qohumlar, MKT-nın sədri də bilir ki, iddiaçı orada yaşayır. Əmlak nikah dövründə əldə edilmiş əmlakdır. Evin ödənişləri hissə-hissə edilmişdir. Son zamanlar münasibətləri gərginləşdiyindən cavabdeh tərəfindən İddiaçı mülkiyyət hüquqlarını pozulmuşdur, o vaxta qədər iddiaçı hər səhər o evdən gedir, hər axşam o evə qayıtmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, vəkil X3 izahatında bildirmişdir ki, cavabdeh Elmlər Akademiyasında işçi olmuşdur. Cavabdeh mənzil növbəsinə dayanmış və 1989-cu ildə qeydiyyata alınmışdır. 1990-cı ildə iddiaçı ilə evlənmişdir. Həmin vaxt evli olduğundan evin sənədləşdirilməsinə əri ilə birlikdə getmişdir. Cavabdeh adına 1992-ci il tarixində order verilmişdir. 2003-cü il tarixində tərəflərin nikahı pozulmuşdur. İddiaçı evi tərk etmişdir. Bundan sonra ikinci dəfə nikaha daxil olmuş, lakin həmin qadınla nikahı 2006-cı il tarixdə pozulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, vəkil X3 izahatlarında bildirmişdir ki, hazırki iddiada kifayət qədər çatışmazlıqlar vardır. Mənzilə dair mübahisə açılırsa bununla bağlı məhkəməyə sübut təqdim edilməli idi. Ortada sübut yoxdur. Burada pay hüququnun tanınması yol verilməzdir. Mənzilin çıxarışı olmasaydı pay hüququnun olması mübahisələndirilə bilərdi. Lakin həmin mənzilə dair cavabdehin adına çıxarış vardır. İddiaçı 15 il sonra mənzillə bağlı məhkəmədə iddia qaldırsa da, iddia müddətini ötürmüşdür.Tərəflər 2005-ci ildə boşanmışlar və həmin tarixdən iddiaçı mənzildən çıxmışdır. Ev 1989-cu ildə alınmış və həmin ildən ödənişləri edilmişdir. Tərəflər boşanana qədər iddiaçı həmin mənzildə yaşamışdır. Evlilik dövründə birgə təsərrüfat aparmışlar. Boşandıqdan 5-6 ay sonra iə iddiaçı mənzildən pay hüququ istəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o mübahisəli evi alanda iddiaçını heç tanımamışdır. Həmin dövrdə gənc xxxx kimi ev növbəsinə dayanmışdır. O evlər kooperativ evləri idi. Ev onun adına orderlə verilmişdir. Hal-hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında istifadə hüququnun itirilməsinə dair iddiasına baxılır. Ev 1 otaqlı evdir. İlk dəfə ev növbəsinə 1988-ci ildə dayanmış və 1989-cu il tarixdə sənədləşdirilməsi həyata keçirilmişdir. Evin ilkin ödənişinin yarısını 2500 manat məbləğində hissəsini nikahdan əvvəl etmişdir. Evləndikdən sonra isəq alıq məbləği ödəmişdir. Ev alınarkən Elmlər Akademiyasında işləmişdir. Hal-hazırda da orada işləyir. İndi evdə oğlu ilə birlikdə yaşayır. İlqar ondan sığınacaq istəmişdir. İlqar istədiyi vaxt həmin evə gəlib-gedir. Evin açarlarını ondan ala bilmir. İddiaçı onun oğlunu da döymüşdür. İddiaçı həmin evdə qeydiyyatdadır. Evləndikdən sonra onu öz razılığı ilə qeydiyyata salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifdəsində bildirmişdir ki, X5 ilə birlikdə böyümüşdür. Onunla münasibəti çox yaxşı olmuşdur. Cavabdeh tanımamışdır. İddiaçı və cavabdeh olan zaman əsgərlikdə olduğundan toylarında iştirak edə bilməmişdir. Ailəvi münasibətləri olmadığından evlərinə gediş-gəlişi olmamışdır. İlqarın başqa evi yoxdur. Tərəflərin boşanmasından və iddiaçının yenidən nikaha daxil olmasından xəbəri olmamışdır. O əsgərlikdən qayıtdığı ildə yəni 1995-ci ildə İlqar mübahisəli mənzildə yaşamışdır. İlqarı ildə 3-4 dəfə görür. Sonradan ilqarın özü ona boşanması barədə məlumat vermiş, lakin boşansalar da bir evdə yaşadıqlarını qeyd etmişdir. O, qızına da toy etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Səadət Sarayı tərəfindən verilən xx xxxxxxx 1990-cı il tarixli, V-ЖГ №409165 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 xx xxxxxxx 1990-cı il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2687 nömrəli qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilən xx xxxxxx 2005-ci il tarixli, AZ-İ seriyalı, 051113 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2005-ci il tarixində 389 № ilə qeydiyyat aparılmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Tİ və MHQ idarəsinin rəisi A.X.Qaraşova yazılan xx.xx.2002-ci il tarixli ərizənin surətindən görünür ki, o, Bakı şəhəri, 6-cı mikrorayon, İ.Cümşüdov küçəsində yerləşən, 15 a saylı evin 1 saylı mənzilinin həyat yoldaşı Cavabdeh adına özəlləşdirilməsinə etiraz etməmişdir. Ərizəsini öz imzası ilə təsdiq etmişdir. Həmin imzanı isə “xxxx” MTK-nın İH-nin sədri N.A.Qurbanov öz imzası və MTK-nın möhürü ilə təsdiq etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti nəzdində “xxxx” Mənzil Tikintisi Kooperativinin idarə heyəti tərəfindən verilən xx xxxx 2002-ci il tarixli, 86 saylı arayışdan görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, 6-cı mikrorayon, İ.Cümşüdov küçəsində yerləşən, 15 a saylı evin 1 saylı mənzilinin dəyəri “6700 rubl” məbləğində ödənilmişdir və “xxxx” MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən ÖM seriyalı, 091973 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayon, Masazır küçəsi, 15 a saylı evin, 1 otaqlı, 1 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 131 saylı reyestr kitabının 19993-cü səhifəsində xx xxx 2002-ci il tarixində qeydiyyat aparılmışdır. xx.xx.1992-ci il tarixli, 006927 saylı orderin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh həqiqətən Bakı şəhəri, 6-cı mikrorayon, Masazır küçəsində yerləşən 15 a saylı evin 1-ci blokun, 1-ci mərtəbəsininin 1 saylı mənzilində yaşayır. Həmin mənzildə Cavabdeh və İddiaçı qeydiyyatdadırlar. Bakı şəhəri İcra Hakimiyyəti nəzdində “xxxx” Mənzil Tikintisi Kooperativinin idarə heyəti tərəfindən verilən xx xxxx 2002-ci il tarixli, 88 saylı arayışdan görünür ki, Cavabdeh yaşadığı Bakı şəhəri, 6-cı mikrorayondakı Masazır küçəsinin adı dəyişdirilib İlqar Cümşüdov adlandırılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti nəzdində “xxxx” Mənzil Tikintisi Kooperativinin idarə heyəti tərəfindən verilən xx xxxx 2002-ci il tarixli, 85 saylı arayışdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, 6-cı mikrorayon, İ.Cümşüdov küçəsində yerləşən 15 a saylı evin 1-ci blokun, 1-ci mərtəbəsininin 1 saylı mənzilində Cavabdeh, İddiaçı (əri), X6 (qızı) , X7 (oğlu) qeydiyyatdadılar. Bakı şəhəri İcra Hakimiyyəti nəzdində “xxxx” Mənzil Tikintisi Kooperativinin idarə heyəti tərəfindən verilən xx xxxxxxx 2020-ci il tarixli, 688 saylı arayışdan görünür ki, arxiv materiallarına əsasən İddiaçı 1994-cü ildən bugünədək akı şəhəri, 6-cı mikrorayon, İ.Cümşüdov küçəsində yerləşən, 15 a saylı evin, 1 saylı mənzilində yaşayır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. xx xxx 2002-ci il tarixdə xx.xx.1992-ci il tarixli 006927 saylı Orderə, “xxxx” MTK-a tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 86 saylı maliyyə arayışına və İddiaçı razılıq ərizəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, ev 15A, 1 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. xx xxxx 2002-ci il tarixli, 85 saylı arayışa əsasən həmin mənzildə Cavabdeh, İddiaçı, X6, X7 qeydiyyatdadılar. İddiaçı mübahisəli mənzilin birgə nikah dövründə alındığını iddia edərək, mənzilin ½ hissəsində pay hüququnun müəyyən edilməsini tələb edir. Tərəflər arasında nikah 2005-ci ildə pozulmuşdur. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi ilə bağlı iddianın rədd edilməsini xahiş edir. İddiaçı tərəf hüquqlarının pozulmasını bildiyi vaxtdan 3 illik iddia müddətinin ötürülmədiyinə istinad edir. Məhkəmə iddia müddəti ilə bağlı məsələyə qiymət verməzdən əvvəl, ümumiyyətlə iddiaya dair iddiaçının birgə mülkiyyətə dair mübahisə açmaq üçün subyektiv hüququnun olub-olmamasının araşdırılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə x xxx 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bundan başqa Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyətinin Nəzdində “xxxx” MTK-ya məxsus binada yerləşən mübahisəli mənzilə dair order Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1992-ci il tarixli Sərəncamına əsasən iş üzrə Cavabdeh adına verilmişdir. xx.xx.2002-ci il tarixdə İddiaçı tərəfindən verilən razılığa əsasən mənzil xx.xx.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Cavabdeh adına özəlləşdirilərək onun xüsusi mülkiyyətinə verilmişdir. Bununla bağlı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsi haqqənda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx xxxxxx 1993-cü il tarixli qanunun: 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır 5-ci maddəsinə əsasən Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 12-ci maddəsinə əsasən Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bundan başqa, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının müvafiq tələblə məhkəməyə iddia vermək üçün subyektiv hüququ olmadığından iddia rədd edilməlidir. İddiaçının mübahisəli mənzillə bağlı birgə mülkiyyətə dair mübahisə açmaq üçün subyektiv hüququ olmadığından, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası əsassız hesab edildiyindən rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar