Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3868/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 AZN məbləğində əsas borcun, 1440 AZN məbləğində cərimə borcunun, cəmi 9440 AZN və həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 115 manat dövlət rüsumunun əvəzi tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aramızda xx.xx.2022ci il tarixli movcud borcun etirafı haqqında müəcərrəd müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci və 2.2-ci bəndinə əsasən, Borclu bu Müqaviləni imzalamaqla Borc verənə aşağıda göstərilən borcunun olduğunu bəyan,etiraf və təsdiq edir, nağd pul üzrə borc – 8000 AZN təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Borclu bu müqavilə ilə etdiyi etiraf etdiyi borcu 31 sentyabr 2021-ci il tarixinədək tam həcmdə Borc verənə qaytarılmasını öhdəsinə götürür. Sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən borclu hər gecikdirilmiş gün üçün borc verənə qalıq borcun 1% həcmində dəbbə pulu ödəməlidir. Borclu Cavabdeh borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetiməmişdir. Cavabdeh müqavilə üzrə borcu 8000 AZN təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, borclu borcundan heç bir ödəniş etmiyib. Cavabdehə bildiriş göndərilsə də, lakin borc məbləğini ödəməmişdir. Əmək münasibətləri ilə bağlı işçi işəgötürənə zərər vurub. İşəgötürən də müqavilə bağlayaraq, borc məbləğinin hissə-hissə ödənilməsinə razılıq əldə etmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. Hər bir halda müqavilədə nəzərdə tutulmuş qaydada, yəni 228 manat aylıq ödəniş etməyə cavabdeh razılıq verərsə, hüquqlarını müdafiə etdiyi şəxs vicdanlı davranaraq iddia ərizəsini geri götürməyi ona tapşırmışdır. Buna baxmayaraq cavabdehin təklif etdiyi məbləğlə razı olmaları mümkün deyildir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onun MMC-yə heç bir borcu yoxdur. İşi ilə bağlı hansı firmalara borcunun olmasını iddiaçı tərəf sübut etməlidir. Həmin müqaviləni imzalayan zaman ona izah etmişlər ki, bu rəsmi sənəd deyil və onun barəsində məhkəmədə iddia qaldırılmayacaq. O da, əmək kitabçasını götürmək üçün müqaviləni imzalamışdır. İddia tələbini qəbul etmir və bu pulu da ödəmək imkanı yoxdur. İddiaçı həmçinin ondan cərimə məbləğini tələb edir. Lakin o, rəsmi qurum olmadığından ondan cərimə məbləğini tələb edə bilməz. Bundan başqa onun başqa borcları da vardır, bu səbəbdən hər ay 70 manat ödəməyə razıdır.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabeh izahatlarında bildirmişdir ki, İddiaçı MMC-də işə düzələndə ona müqaviləyə imza atdırdılar ki, gələcəkdə məsuliyyəti yaranarsa onu məhkəməyə verə bilsinlər. O, da müqavilə ilə tanış olub imzalamış və onu işə qəbul etmişlər. Mağazaya gələn malları mal qəbulu şöbəsi qəbul etmişdir. Ancaq bütün məsuliyyət onun üstündə olmuşdur. Bir müddət sonra ona siqaret və digər mallarda əskikliklər olduğu deyildi və pulunu ödəməli olduğu bildirildi. O da, onlara borcu ödəyəcəyini bildirmişdir. Lakin daha sonra qohumları ona məsuliyyəti boynuna götürməməyini dediklərindən, o da və ona aid olmayan borcu ödəməkdən imtina etmişdir. Bonus Market MMC-dən "xxxx" marketə işə düzələn zaman keçmiş iş yerinin rəhbərliyi mallarda əskikliklər olduğunu əsas gətirərək onun əmək kitabçasını verməkdən imtina etdilər. Ona cəmi 10000 manat kəsir olduğu deyildi. Özü mağaza müdiri olduğu üçün məsuliyyəti onun üzərinə qoydular. Özü 2021-ci ilin iyun ayından noyabr ayına qədər mağaza müdiri işləmişdir. Əvvəlcə ona kəsiri bağlamaq üçün 6000 manat verməyi təklif etdilər. O da, pulu olmadığını dedikdə 10000 manatdan 2000 manatı keçdiklərini və 8000 manat borcla bağlı müqavilə imzalamağı ona bildirdilər. O, da müqaviləni imzalamışdır. Belə ki əmək kitabçasını götürə bilmək üçün müqaviləni imzalamışdır. Daha sonra onlara bu pulu ödəməyəcəyini bildirmişdir. Bonus Market hazırda bağlanıb. Onun yerində Grand Mart market fəaliyyət göstərir. Özü də hazırda orada işləyir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanan mövcud borcun etirafı haqqında 11 yanvar 2022-ci il tarixli, mücərrəd müqavilənin 2.1-ci bəndindən görünür ki, borclu bu müqaviləni imzalamaqla borc verənə əmək fəaliyyəti nəticəsində işəgötürənə vurduğu maddi ziyana görə nəğd pul üzrə 8000 manat məbləğində borcunu etiraf edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən borclu bu müqavilə ilə etiraf etdiyi borcunu ilk ödənişi 2022-ci ilin fevral ayı etmək şərtilə 28 fevral 2025-ci il tarixədək hər ayın 15-nə qədər 228 manat, sonuncu ay isə 20 manat olmaqla, tam həcmdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 6.2-ci maddəsinə əsasən borclu hər gecikdirilmiş gün üçün borcverənə qalıq borcun 1 % həcmində dəbbə pulunu ödəməlidir.
7. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilə üzrə 8000 manat qalıq borc, 1440 manat cərimə borcu olmaqla, ümumilikdə 9440 manat məbləğində borcu vardır.
8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC-yə olan borcunu 3 gün ərzində icra etməsi, əks təqdirdə borcun məcburi qaydada alınması məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi hüquq-mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir.
9. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 115 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. İddiaçı ilə Cavabdeh arasında 11 yanvar 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə izalanmış və borclu Cavabdeh müqavilə üzrə MMC-yə 8000 manat borcunun mövcudluğunu etiraf etmiş və ilk ödənişi 2022-ci ilin fevral ayı etmək şərtilə 28 fevral 2025-ci il tarixədək hər ayın 15-nə qədər 228 manat, sonuncu ay isə 20 manat olmaqla, tam həcmdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bağlanmış müqavilədə tərəflər arasında ödəniləcək dəbbə pulunun məbləği barədə razılıq əldə edilmişdir.
11. Cavabdeh İddiaçı MMC-də mağaza müdiri vəzifəsində işləmişdir. Hazırda "xxxx" MMC-də işləməyə başlamışdır.
12. İddiaçı borcun etirafı barədə müqaviləyə və borclu tərəfindən öhdəliyin icrasından yayınma hallarına istinad edərək, yaranmış borc məbləğinin və dəbbə borcunun cavabdehdən tutulmasını xahiş edir.
13. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, keçirilmiş məhkəmə iclaslarındakı izahatlarında bildirmişdir ki, İddiaçı MMC-dən "xxxx" MMC-də işə düzələn zaman keçmiş iş yerinin rəhbərliyi mallarda əskikliklər olduğunu əsas gətirərək onun əmək kitabçasını verməkdən imtina etmiş, ona 10000 manat kəsir olduğu deyilmişdir.Mağaza müdiri olduğu üçün məsuliyyəti onun üzərinə qoymuşlar. 2021-ci ilin iyun ayından noyabr ayına qədər mağaza müdiri işləmişdir. Ona 10000 manat borcdan, 8000 manatına münasibətdə borcun etirafı barədə müqavilə imzalamağı təklif etmiş və həmin müqavilə ilə ona qarşı iddia qaldırılmayacağı bildirilmişdir. O, da əmək kitabçasını götürə bilmək üçün müqaviləni imzalamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
17. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
19. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
21. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
22. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
23. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
24. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi öhdəliyin yaranması üçün ya tərəflər arasında müqavilə bağlanmalı, ya zərər vurulması halı müəyyən edilməli, ya əsassız varlanma baş tutmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması isə müqavilə sayılır və müqavilə onun tərəfləri üçün hüquq və vəzifələr yaradır. Öhdəliyini icra etməyən borclu isə kreditor qarşısında məsuliyyət daşıyır.
25. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər arasında mövcud borcun etirafı ilə bağlı mücərrəd müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflərin əvvəlki münasibətləri mövcud borcun etirafı barədə müqavilə bağlandığı andan həmin məsələ ilə bağlı əhəmiyyətini itirir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM-nin) 882.1-ci maddəsinin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu ifadələrdən aydın olduğu kimi, mövcud borcun etirafı haqqında müqavilənin həmin müqavilənin bağlanmasına qədər aralarında hər hansı səbəbdən öhdəlik münasibətləri yaranmış şəxslər arasında bağlanmasından söhbət gedir. Təsadüfi deyildir ki, MM-nin 882.4-cü maddəsində "Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir" ifadələri qeyd edilmişdir. Yəni, əgər aralarında əvvəllər öhdəlik münasibətləri yaranmış şəxslər arasında müqavilə bağlanırsa, onda mövcud borcun (öhdəliyin) etirafından söhbət gedir; əgər şəxs başqasına aid öhdəliyi öz üzərinə götürürsə, burada MM-in 882.4- cü maddəsində təsbit edilmiş öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə bağlanmış olur. Nəzərə alınmalıdır ki, maddənin mətnində "borcun etirafı"-ndan söhbət getsə də, bunu, yalnız MM-nin 37-ci fəslində nəzərdə tutulmuş borc müqaviləsindən irəli gələn öhdəlik mənasında deyil, daha geniş mənada, yəni müqavilə, delikt, özgə işlərini tapşırıqsız aparma və ya əsassız varlanmadan irəli gələn öhdəlikləri əhatə edəcək şəkildə təfsir etmək lazımdır.
26. Məhkəmə iddiaçının tələbinin əsaslılığını cavabdehin etirazının dəlilləri konteksində belə qiymətləndirir ki, iddiaçı cavabdehlə onun arasında mövcud borcun etirafı barədə müqavilə bağlandığını sübut edir və həmin müqaviləyə əsasən cavabdeh 8000 manat məbləğində pul vəsaitini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşin mübahisə doğurmayan halı cavabdehin iddiaçıya hər hansı ödəniş etməməsidir və bu barədə maliyyə arayışı yazılı sübut kimi qiymətləndirilir. Cavabdeh isə öz növbəsində müqavilənin əhəmiyyətsizliyi ilə bağlı dəlillərini sübut edə bilmədiyi kimi əsaslandıra da bilməmişdir.
27. Odur ki, işin halları ilə müəyyən edilənlər tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin yarandığını sübut edir və bu səbəbdən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış 8000 manat məbləğində borcunu iddiaçıya ödəməlidir.
28. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, 11 yanvar 2021-ci il tarixli borcun etirafı barədə müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1140 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
29. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış dəbbə pulunun məbləği azaldılaraq 11 yanvar 2021-ci il tarixli müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
36. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 8000 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə 8100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
38. Eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
39. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 8000 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 (bir yüz on beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev