Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3876/2024 31.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4555/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin dəyişdirilməklə birgə nikahdan olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 250 manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində alimentin onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır, belə ki, aralarında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4555/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş və birgə nikahdan olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 onun himayəsinə verilmiş və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 150 manat olmaqla 2 uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan 4 ilə yaxın müddət keçmiş, uşaqları böyümüş və uşaqların maddi xərcləri artmışdır, qət edilmiş aliment uşaqların maddi ehtiyaclarını qarşılamır, buna görə də alimentin artırılmasına zərurət yaranmışdır. Cavabdehin məhkəməyə elektron ərizə üvanlayaraq bildirmişdir ki, iddiaçı X4 ona qarşı aliment artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsində göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4555/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikahdan olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 iddiaçının himayəsinə verilmiş və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 150 manat olmaqla 2 uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, belə əsaslandırmışdır ki, həmin vaxtdan 4 ilə yaxın müddət keçmiş, uşaqları böyümüş və uşaqların maddi xərcləri artmışdır, qət edilmiş aliment uşaqların maddi ehtiyaclarını qarşılamır, buna görə də alimentin artırılmasına zərurət yaranmışdır. Nəticə olaraq, iddiaçı iddia ərizəsində alimentin artırılmasını və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment məbləğinin hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində təyin edilməsini xahiş etmişdir. İddia ərizəsini qəbul etmir. Əvvəlki qətnamə qəbul edildiyi halda uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədi ilə o, Nəqliyyat, rabitə və yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin "xxxx" MMC obyekti üzrə mühafizəçi vəzifəsinə işə başlamış və aylıq əmək haqqı 300 manat məbləğində təşkil edilirdi. Hazırda Nəqliyyat, rabitə və yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin "xxxx" MMC-in 01/114-x nömrəli, 01 noyabr 2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Səbəb isə ondan ibarətdir ki, belində yırtıq əmələ gəlmiş və bununla bağlı yuxarıda qeyd edilən vəzifəni icra etmək onun üçün çətin olmuşdur. Əvvəlki qətnamə əsasında təyin edilmiş alimenti vaxtı-vaxtında ödəyirdi, çünki uşaqlar onundur və uşaqlar baxmaq həm onun, həm ananın vəzifə və borcudur. Onun gəlirində dəyişiklik müsbət istiqamətində deyil, mənfi istiqamətində dəyişiklik edilmişdir. Hazırda əvvəlki qətnamə çıxdığı zaman əldə etdiyi gəliri belə əldə edə bilmir. Ama özünə yeni iş yeri axtarır ki, sağlamlığına uyğun iş olsun ki, həm uşaqların saxlanılmasında köməklik göstərsin, həm özünün dolanmasında və valideynlərinə köməklik göstərə bilsin. Uşaqlara baxmaq hər iki valideynin vəzifə və borcudur. Odur ki, iddia ərizəsində göstərilən hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində aliment məbləği hazırki işin hallarına görə həddindən artıq çoxdur. Çünki onun gəliri heç artmamış, əksinə sıfıra düşmüşdür. Bildirir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. O, uşaqlarına daimi qayğı ilə yanaşır, uşaqların laiqli vətəndaş kimi formalaşmasının təmin edilməsində, zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının təmin edilməsində bir ata kimi mümkün qədər əlindən gələn hər şeyi edir. O, bir ata kimi uşaqlarının qayğısında hər zaman durmuş və durur. Hətta aliment təyin olmayanda uşaqlarının saxlanılmaları üçün əlindən gələni etmişdir. Bir vətəndaş kimi üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirmiş və yetirilməsinə davam edir. O dərk edir ki, uşaq maraqları və hüquqları hər bir halda valideyin hüquqlarından üstündür. Lakin, uşaqlara baxmaq hər iki valideyn vəzifə və borcu olduğuna və aliment təyin edilərkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədi daşıdığı üçün hazırki işin hallarına uyğun, yəni işinin əvvəl olub, hazırda işimin olmamasına görə təyin olunmuş aliment məbləğinin artırılması Ailə Məcəlləsindən kənar tənzimləndiyi kimi hesab oluna bilər. Yuxarıda qeyd edilənlərinin göstərilməsi məqsədi ondan ibarətdir ki, uşaqlarının qayğıları ilə məşğul olan atadır, o istəyir ki, uşaqları gözəl bir həyat yaşasın. Amma maddi imkanı olmadığı üçün o, hər ay hər uşağa görə əvvəlki, yəni hazırda qüvvədə olan qətnamədə nəzərdə tutulan aliment məbləğini ödəyə bilər. Xahiş edir ki, hazırki iddia ərizəsi rədd olunsun və məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmdan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı 717547 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası isə Tanrıverdiyeva (Dərvişova) Salatın Yavər qızıdır. AZ-İV seriyalı 090011 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə Tanrıverdiyeva (Dərvişova) Salatın Yavər qızıdır. AZ-İ seriyalı 415131 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X4 ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 98 nömrə ilə qeyd edilməklə, sonuncuya “Dərvişova” soyadı verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4555/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Tanrıverdiyeva (Dərvişova) Salatın Yavər qızı ilə Cavabdeh arasında Sumqayıt “ASAN-Xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1490 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 iddiaçı X1 yanında qalmaları, Cavabdeh xx.xx.2021-ci il tarixindən etibarən xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. X11 tomoqrafiya müayinəsinin protokolunun surətindən görünür ki, Cavabdeh Bel osteoxondrozu. L5-S1 diskin yırtığı diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli Bakı 13 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, cavabdehin əmək münasibətlərini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4555/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 36,8 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4555/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 36,8 (otuz altı manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-3876/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3876/2024
31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver