Məhkəmə qərarları › İş №e-2(001)-3952/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3952/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3952/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********40 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 50 ay müddətinə illik 27% ödəmək şərti ilə 2370 manat kredit verilmişdir. Bankın Nizami filialının xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka ödənilməmiş əsas borcu 859,77 manat, faiz borcu 290,56 manat olmaqla cəmi borcu 1150,33 manat təşkil edir. Ona görə də Cavabdeh əsas borca görə 859,77 manatın, faiz borcuna görə 290,56 manatın, məhkəmə xəclərinə görə 31,91 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdrımaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********40 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana istehlak məqsədilə 50 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək qaytarmaq, illik 27% ödəmək şərti ilə 2370 manat kredit verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2018-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, ayrılmış kreditə görə bank Cavabdeh 2370 manat vermişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nizami filialının xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli BPM**********40 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 859,77 manat, faiz borcu 290,56 manat olmaqla cəmi borcu 1150,33 manat təşkil edir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli N22-660/2002 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 50 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, borcalan Cavabdeh xx.xx.2018-ci il tarixli BPM**********40 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas borca görə 859,77 manat, faiz borcuna görə 290,56 manat olmaqla cəmi 1150,33 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli BPM**********40 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 859,77 manat, faiz borcuna görə 290,56 manat, məhkəmə xərclərinə görə 31,91 manat olmaqla cəmi 1182,24 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar