Məhkəmə qərarları › İş №e-2(001)-3971/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3971/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3971/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 8735,29 manat əsas, 1297,42 manat faiz, 156,16 manat cərimə borcu olmaqla, cəmi 11788,87 manat məbləğində borcun və ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinə əlavə təqdim edərək, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 8511,41 manat əsas, 1148,62 manat faiz, 1756,16 manat cərimə borcu olmaqla, cəmi 11416,19 manat məbləğində borcun və ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “TuranBank ASC-nin“Sumqayıt” filialı ilə Cavabdeh1arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21 % olmaqla 36 ay müddətinə 10 000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, TuranBank ASC və Cavabdeh3arasında xx.xx.2021-ci il tarixli, № 014/İK-21 saylıvə Cavabdeh2 arasındaxx.xx.2021-ci il tarixli, № 014/İK-21-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borclarıcavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylıkredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 21 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyətiəhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və cavabdehlərdən müştərək qaydada 11416,19 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, bankla arasında gecikmiş borcun ödənilməsi barədə razılıq əldə edilməmişdir. Lakin tez bir zamanda razılığa nail olub, qrafik üzrə banka borcunu ödəmək niyyətindədir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK- 21 saylı kredit müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən bank Cavabdeh1 36 ay müddətinə, illik 21,74 % ödəmək şərtilə, aylıq ödəniş 201,25 manat olmaqla 10000 manat kredit verməyi, Cavabdeh1 isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. İlkin ödəniş tarixi 02 mart 2021-ci il, sonuncu ödəniş tarixi 02 fevral 2024-cü il olaraq müəyyən edilmişdir.

8. İddiaçı ASC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK-21-01 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə zamin İddiaçı ASC ilə Kərimova Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.

9. İddiaçı ASC ilə Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə zamin İddiaçı ASC ilə Kərimova Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.

10. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 8511,41 manat əsas, 1148,62 manat faiz, 1756,16 manat cərimə borcu olmaqla, cəmi 11416,19 manat məbləğində borcu vardır.

11. İddiaçı ASC tərəfindən təqdim edilən 02 fevral 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 02 fevral 2021-ci il tarixində 10000 manat məbləğində kredit verilmişdir.

12. İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişin surətinə əsasən cavabdehlərə xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 2 iş günü ərzində ödənilməsi əks təqdirdə vaxtından əvvəl olaraq kredit müqaviləsinin ləğv ediləcəyi və bütün borc məbləğinin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. 23.05.2022-ci tarixində iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 125,37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

14. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə 1 saylı əlavəyə əsasən bank Cavabdeh1 36 ay müddətinə, illik 21,74 % ödəmək şərtilə, aylıq ödəniş 201,25 manat olmaqla 10000 manat kredit verməyi, Cavabdeh1 isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür.

15. Kredit müqaviləsinin təminatı olaraq bank ilə İddiaçı ASC ilə Cavabdeh1 və zamin Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı və zamin Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, İK №014/İK-21-01 saylı zaminlik müqavilələri bağlanmış və cavabdeh – zaminlər Cavabdeh3 və Cavabdeh2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.

16. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC cavabdehin borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb etməklə aralarında olan kredit müqaviləsinin ləğv edilməsini xahiş edir.

17. İddiaçı tərəfindən dövlət rüsumu qismində 125,37 manat məbləğində pul ödənilmişdi ki, həmin məbləğ də cavabdehlərdən tələb edilir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

20. 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

21. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər;

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

23. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

24. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

26. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

28. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

29. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

30. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatları ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.

31. Məhkəmə iddiada tələb olunan əsas və faiz borcuna münasibətdə qeyd edir ki, əsas və faiz borcu bank tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq müəyyən edilməlidir.

32. Belə ki, maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 8511,41 manat əsas, 1148,62 manat faiz borcu vardır. Məhkəmə təqdim edilmiş maliyyə arayışına mötəbər sübut kimi qiymət verərək, tələb olunan əsas və faiz borc məbləğinin əsaslılığına dair şübhə doğuran məqam müəyyən etməmişdir.

33. Bundan başqa Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1756,16 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

34. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış dəbbə pulunun məbləği azaldılaraq xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə 300 manat məbləğində müəyyən edilməlidir.

38. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

40. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

41. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:

42. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin:

43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

44. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

46. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

47. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi ləğv edilməli, xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8511,41 manat, faiz borcuna görə 1148,62 manat, cərimə borcuna görə 300 manat olmaqla, ümumilikdə 9960,03 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

48. Ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

49. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8511,41 manat, faiz borcuna görə 1148,62 manat, cərimə borcuna görə 300 manat olmaqla, ümumilikdə 9960,03 (doqquz min doqquz yüz altmış manat, üç qəpik) manat məbləğində pul vəsaiti, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 125,37 (yüz iyirmi beş manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar