Məhkəmə qərarları › İş №e-2(001)-398/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-398/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-398/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 11.335,23 manat məbləğində əsas, 2.161,25 manat məbləğində faiz, cəmi 13.496,48 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək, bildirmişdir ki, 19 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 15.000 manat məbləğində pulu iddiaçıdan götürmüş, lakin sonradan maddi vəziyyətinin pisləşməsi səbəbindən öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə banka borcu yaranmışdır. Banka olan borc məbləğini bir dəfəyə ödəmək üçün hazırda da maddi imkanı yoxdur. Lakin həmin məbləği ayda 100-150 manat olmaqla hissə-hissə ödəyə bilər. Göstərilənlərin nəzərə alınmasını və onun banka olan real borcunu müəyyən etməklə ondan aylar üzrə hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, bildirmişdir ki, o, zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmır. Lakin iddia üzrə tələb edilən məbləği bir dəfəyə ödəmək üçün onun da maddi imkanı yoxdur. Banka olan borc məbləğini Cavabdeh2 ilə birlikdə ayda 100-150 manat olmaqla hissə-hissə ödəyə bilər. Göstərilənlərin nəzərə alınmasını və Cavabdeh2 banka olan real borcunu müəyyən etməklə həmçinin, ondan aylar üzrə hissə-hissə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 22% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faiz borcunu ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləği barədə məlumat verilmiş və borcun 5 gün müddətində qaytarılması ondan tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üzrə 29 iyun 2021-ci il tarixinə 11.335,23 manat məbləğində əsas, 2.161,25 manat məbləğində faiz, cəmi 13.496,48 manat məbləğində borcun yarandığını iddia edir və həmin məbləğin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti 19 noyabr 2022-ci il tarixdə bitəcəkdir. Cavabdeh2 iddianı qismən qəbul edir, banka yaranmış real borcunu ayda 100-150 manat olmaqla hissə-hissə ödəməyə razı olduğunu bildirir, bu səbəbdən real borcunun müəyyən edilməsini və ondan hissə-hissə tutulmasını xahiş edir. Cavabdeh2 vəsatəti əsasında məhkəmənin müvafiq qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli, 9/7501 saylı ekspert rəyinə əsasən 19 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 29 iyun 2021-ci il tarixinə 11.312,96 manat məbləğində əsas, 2.157 manat məbləğində faiz borcu yaranmışdır. Ekspert tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədlərini ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib və ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 ekspert rəyi ilə müəyyən edilmiş 11.312,96 manat əsas, 2.157 manat faiz, cəmi 13.469,96 manat məbləğində borc iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 borcalan Cavabdeh2 19 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdürlər. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir. Cavabdeh (zamin) Cavabdeh1 iddianı qismən qəbul edir, Cavabdeh2 banka olan real borcunu müəyyən etməklə həmçinin, ondan aylar üzrə hissə-hissə (ayda 100-150 manat) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh1 və Cavabdeh3 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən, zaminlik müqavilələrində zaminlərin subsidiar məsuliyyəti, habelə zaminlik müqavilələrində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas və faiz borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən tələb edilən 30 manat məbləğində dövlət rüsumu da müştərək qaydada cavabdehlərə aid edilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun hissəhissə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 11.312,96 manat məbləğində əsas, 2.157 manat məbləğində faiz, cəmi 13.469,96 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Belə ki, mülki iş üzrə məhkəməmühasibat ekspertizası məhz bu cavabdehin vəsatəti əsasında təyin edilmiş və keçirilmişdir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 11.312,96 (on bir min üç yüz on iki manat, doxsan altı qəpik) manat məbləğində əsas, 2.157 (iki min bir yüz əlli yeddi) manat məbləğində faiz, cəmi 13.469,96 (on üç min dörd yüz altmış doqquz manat, doxsan altı qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar