Məhkəmə qərarları › İş №e-2(001)-4034/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4034/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4034/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X3” Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3” Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2587,30 manat əsas borc, 209,85 manat faiz borcu olmaqla, 2797,15 manat və 47,97 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “X3” Bakı filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 19% ödəmək şərtilə 5.000 manat məbləğində kredit ayrılmışdır. Həmin tarixdə kreditin qaytarılmasının təminatı kimi bankla Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq “X3” Bakı filialına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə ünvanlayaraq, iddia tələbinin həcminin artırılaraq Cavabdeh1 və Cavabdeh2 2587,30 manat əsas və 352,83 manat faiz borcu olmaqla, cəmi 2940,13 manat və 47,97 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - kredit müqaviləsindən görünür ki, iddiaçı “X3” Bakı filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə 462 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya mənzil təmiri üçün 24 ay müddətinə illik 19% ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. - zaminlik müqavilələrindən görünür ki, “X3” Bakı filialı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə 742 nömrəli, zaminlik müqaviləsi bağlanmışdır. - zaminə göndərilmiş bildirişdən görünür ki, Cavabdeh2 “X3” Bakı filialı tərəfindən xx.xx.2021-ci il tarixdə borcun tam olaraq ödənilməsi ilə bağlı bildirişlər göndərilmiş, zamin olduğu Cavabdeh1 03 dekabr 2021 -ci il tarixə banka olan gecikdirilmiş 491.46 manat borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 “X3” Bakı filialı tərəfindən 03 dekabr 2021-ci il tarixə banka olan gecikdirilmiş 491,46 manat borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə “X3” Bakı filialına 2587,30 manat əsas, 209,85 manat faiz borcu olmaqla, cəmi 2797,15 manat borcu vardır. İddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizəyə əsasən, Cavabdeh1 və Cavabdeh2 “X3” Bakı filialına 2587,30 manat əsas və 352.83 manat faiz borcu olmaqla, cəmi 2940,13 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Beləliklə, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh1 2587,30 manat manat əsas borc və 352,83 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdeh də (zamin) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqavilə üzrə iddiaçı-kreditor “X3” Bakı filialı qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 47.97 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2587,30 manat əsas borc və 352,83 manat faiz borcu olmaqla, cəmi 2940,13 manat (iki min doqquz yüz qırx manat on üç qəpik) və 47,97 manat dövlət rüsumu tutularaq iddiaçı “X3” Bakı filialına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar