Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4056/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21549 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında cavabdehə həvalə edilmiş tikinti materiallarının satışını həyata keçirən zaman razılaşmanın şərtlərini pozaraq, satışdan əldə olunmuş vəsaitin hamısını ona verməmiş, nəticədə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ona 28115 manat ziyan dəymişdir. Bununla bağlı ilk olaraq o, hüquq mühafizə orqanlarına şikayətlər etmiş və nəticədə cavabdeh barəsində cinayət işi başlanılmış və illərdir ki, həmin cinayət işi davam etməkdədir. Həmin cinayət işinin araşdırılması zamanı cavabdehin anası məcbur qalıb cavabdehin öhdəliyinin bir hissəsini, yəni 15000 manat məbləğində pulu ona ödəmiş, cavabdehin öhdəliyi həmin məbləğə münasibətdə icra edilmişdir. Qalan məbləğ isə indiyə qədər cavabdeh tərəfindən ona ödənilməmişdir. Cavabdehin ona borcunun yaranması ilə bağlı danışıqlara dair səs yazısı vardır. Bundan başqa, cavabdehin öz istifadəsində olan və öz xətti ilə yazdığı mağazanın satış dəftəri mövcuddur. Həmin dəftərdə cavabdeh öz xətti ilə xx.xx.2018-ci il tarixə qalıq borcunun 6278 manat təşkil etdiyini qeyd etmişdir. Hətta həmin tarixdən sonrakı 10 və 11 avqust 2018-ci il tarixlərdə cavabdeh artıq mağazaya daha gəlmədiyindən və onunla əməkdaşlığı kəsdiyindən dəftərin həmin tarixlərə aid hissəsi də boşdur. Qeyd edilənlərə əsasən o, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
a) İddia ərizəsinə qarşı etiraz:
3. Cavabdeh nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, ona qarşı hazırkı iddia tələbini irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyil. Belə ki, işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materialları mağazası başqa şəxsə -X2 məxsus olmuş, həmin mağazanı fərdi sahibkar kimi X3 işlətmişdir. xx.xx.2017-ci il tarixdə o X3 ilə rəsmi qaydada əmək müqaviləsi bağlamış və həmin müqavilə üzrə mağazaya satıçı təyin edilmişdir. Tərəflər arasında başlanmış əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıyinin elektron sistemində rəsmi qeydə alınmışdır. Göründüyü kimi İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi əmək müqaviləsində (əmək münasibətlərindən) irəli gələn tələbdir: işcinin işəgötürənə vurduğu ziyanın ödənilməsi barədə. Deməli bu mübahisə mülki qanunvericiliyinin normaları ilə deyil, əmək qanunvericiliyin normalarına ilə tənzimlənir. O, İddiaçı ilə hər hansı əmək müqaviləsi bağlamamış, iddiaçı müqavilə üzrə işəgötürən deyil, əmək funksiyalarının icrası ilə bağlı iddiaçının qarşınında hər hansı öhdəlik götürməmiş və bu səbəbdən də hesab edir ki, məhkəmə onun üzərinə hər hansı öhdəlik qoya bilməz. Bundan başqa 2018-ci ildə Asya Əsgərova ona böhtan ataraq Nərimanov Rayon Prokurorluğuna dəfələrlər şikayətlər etmişdir. Onun şikayətləri üzrə barəsində AR CM-nin 177-ci maddəsi ilə (oğuluq), 178-ci maddəsi ilə (dələduzluq), 179cü maddəsi ilə (mənimsəmə və israf etmə) faktı üzrə araşdırmalar aparılmışıdır. Lakin iddiaçının böhtanları təsdiq edilməmiş, hər dəfə cinayət işinin başlanması rədd edilmişdir (bu barədə istintaq orqanın 5 qərarı vardır). Lakin İddiaçı öz çirkin əməllərindən əl çəkməmiş və onun şikayətlərindən bezən Nərimanov rayon Prokurorluğunda AR CM-nin 177-ci maddəsi ilə onun barəsində cinayət işi başladılmışdır. Bu son dərəcədə absurd bir ittiham olmuşdur: əmlak ona həvalə edilmiş şəxs tərəfindən necə oğurlana bilər? Həmin cinayət işi üzrə müstəntiq tam əsassız okaraq onu 48 saat saxlamış və polis idarəsinin MSY-nə yerləşdirmişdir. O, həbsdə olan zaman müstəntiq anasına zəng edərək pul tələb etmiş, əks halda onu buraxılmayacağını bildirmişdir. Yəni 15000 manat pulu anası könüllü deyil, şantaj altına vermişdir. Başlanmış cinayət işi qondarma olduğu üçün, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən iş qeri qaytarılmış, müstəntiq və prokuror barəsində xüsusi qərardad çıxarılmışdır. Bundan sonra qondarma cinayət işinə xitam verilmişdir. O, istintaq orqanın qanunsuz əməlləri ilə ona vurulduğu ziyanın ödənilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi istintaq orqanın qanunsuz əməlləri mülki iş üzrə qanuni qüvvədə olan məhkəmə aktları ilə tam təstiq edilmişdir. X9 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi vermiş, şantaj yolu ilə İddiaçı verdiyi 15000 manat pulun qeri qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsin qətnaməsi ilə rədd edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsassız olduğu üçün, ondan kassasiya şikayəti vermiş və hazırda iş Azərbaycan Respublikası Ali Məhkəmənin icraatındadır. Hesab edir ki, hazırda iddiaçı, baş qatmaq üçün məhkəməyə yeni iddia ərizəsi vermişdir. Belə olan halda meydana sual çıxır ki, iddiaçı hüquqlarının pozulduğunu aşkar etdiyi vaxtdan, yəni 2018ci il tarixdən niyə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir? Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-cü bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Bundan əlavə “Mediyasiya haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr. Göründüyü kimi, iddiaçı əmək müqaviləsindən irəli gələn iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin mediasiya qurumuna müraciət etməmiş, mediatordan sənəd almamış və məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərdən müəyyən olunur ki, İddiaçı hazırkı iddia ərizəsi tam əsassızdır, icraata gəbul edilə bilməz. Göstərilənləri nəzərə alaraq ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini, bu mümkün olmadığı halda iddiaçının subyektiv hüququ olmadığı üçün, həmçinin iddia müddəti keçdiyi üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 izahat verərək bildirmişdir ki, o fərdi sahibkardır və tikinti materiallarının satışı ilə məşğul olur, cavabdeh isə onun işçisi olmuşdur. Belə ki, 2017-ci il tarixdə cavabdeh onların mağazasına sement verirdi. O, cavabdehi onun əvəllki işçisi vasitəsi ilə tanımışdır. Sonradan cavabdehin anası ona zəng vuraraq oğlunun işə götürülməsi üçün xahiş etmiş, o da onu müvəqqəti olaraq işə götürmüşdür. İlk vaxtlar cavabdeh onun avtomobilini idarə edirdi, onunla birlikdə gedibgəlirdi. Daha sonra onunla işlədikcə digər köməkçisi barədə bəzi məlumatlar verirdi. Belə ki, köməkçinin ondan gizli materiallar satdığını, pulunu ona vermədiyini bildirirdi. O da araşdırmış və həqiqətən cavabdehin dedikləri təsdiq olunmuşdur. Bundan sonra o həmin oğlanı işdən çıxardaraq onun yerinə hazırkı iş üzrə cavabdeh Arazı götürmüşdür. Bir müddət sonra cavabdehdən şübhələnməyə başlamış, iş yerində olan video görüntülərdən, araşdırmalardan müəyyən olunmuşdur ki, cavabdeh materialları satır, lakin pulunu ona vermir və s. Bir gün də cavabdehin iş saatlarında işdə olmadığını görmüşdür. Zəng vurub gəlməməsinin səbəbini soruşduqda, o bildirmişdir ki, işi olduğuna görə gələ bilməmişdir. Həmin vaxt o cavabdehə oğurladığı pulu gətirməsini bildirmiş, lakin cavabdeh nə özü gəlmiş, nə də ki pulu gətirmişdir. Bu barədə valideynlərinə zəng vurub məlumat vermiş, onlar da ona rəsmi surətdə pulunu tələb etməsini bildirmişlər. Bu səbəbdən də o polisə, məhkəməyə müraciət etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, aktla müəyyən olunmuşdur ki, dəymiş ziyan 28.115 manatdır. 6 ildir bu ziyan vurma davam etdiyinə görə həmin məbləğin indeksasiyasını, illik 5% əlavə tələb edirlər. Həmin 5% təxminən 8434 manat edir. Bu da ümumilikdə 36.549 manat edir. Cavabdehin anası tərəfindən 15.000 manat ödənildiyinə görə həmin pulu borcdan çıxmışlar. Bu səbəbdən də hazırda 21549 manat dəymiş ziyanı tələb edirlər.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etməyərək, məhkəməyə elektron qaydada yazılı etiraz təqdim edildiyini, həmin etirazda da iddianı qəbul etmədiyini bildirmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddiaçı X8 tərəfindən vaxtında tələb irəli sürülmədiyindən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.
c) Mülki işin materialları:
8. xx.xx.2020-ci il tarixli, 870 nömrəli maddi ziyanın ödənilməsinə dair protokoldan görünür ki, X1 Asya Qasım qızına maddi ziyan kimi vurulmuş 28115,63 manat puldan 15.000 manat məbləğində pulu xx.xx.2020-ci il tarixdə ödəmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)- 107/2021 saylı qərarına əsasən təqsirləndirilən şəxs Cavabdeh AR CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət işinin icraatına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılaraq Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət işinin icraatına xitam verilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli e-2(006)- 2042/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı Cavabdeh xeyrinə mənəvi zərərə görə 500 manat pulun tutularaq verilməsi qət edilmişdir.
12. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-620/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia əmin edilmiş, cavabdeh İddiaçı 15000 manat pul vəsaitinin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2680/2024 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-620/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2744/2024 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2680/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. 21.2-ci maddəsinı əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür.
17. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. 373.1-373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri).
21. 375.1-ci və 375.2-ci maddələrinə əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
23. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi).
24. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( Mülki Məcəllənin 375.1 və 375.2 maddələri).
25. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Yəni qeyd edilən maüddəalar öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir.
26. 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir.
27. 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanalarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
31. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
32. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
33. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında cavabdehə həvalə edilmiş tikinti materiallarının satışını həyata keçirən zaman razılaşmanın şərtlərini pozaraq, satışdan əldə olunmuş vəsaitin hamısını ona verməmiş, nəticədə üzərinə götürdüyü öhdəliyi pozmuşdur.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
35. Burdan belə məlum olur ki, tərəflər arasında şifahi razılaşma, yəni şifahi əqd olmuşdur. Bundan başqa o da müəyyən olmuşdur ki, cavabdeh iddiaçıya məxsus tikinti materiallarını sataraq pulunu ona vermişdir ki, bu da vaxtaşırı icra edilməli öhdəlikdir.
36. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin arasında münasibətlər müqavilədən doğan və eləcə də vaxtaşırı ödənişlərlə əlaqədar münasibətlər olmuşdur. Qanunvericiliyin tələblərinə görə isə belə iddialara dair iddia müddəti üç il təşkil edir.
37. İş materiallarından, iddia ərizəsindən, eləcə də tərəflərin izahatlarından görünür ki, tərəflərin arasında olan münasibətlər 2017-2018-ci illərdə olmuşdur. Hətta iddiaçı 2018-ci ildə cavabdehin barəsində prokurorluq orqanlarına müraciət etmişdir.
38. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 2018-ci ildə hüquqlarının pozulduğunu bildiyi halda vaxtında məhkəməyə müraciət etməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 870 nömrəli maddi ziyanın ödənilməsinə dair protokoldan görünür ki, X1 Asya Qasım qızına maddi ziyan kimi vurulmuş 28115,63 manat puldan 15.000 manat məbləğində pulu xx.xx.2020-ci il tarixdə ödəmişdir. Məhkəmə eləcə də qeyd edir ki, hətta həmin vaxtdan hesablansa belə yenə də iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ötürülmüşdür ki, bu da iddianın təmin edilməməsi üçün əsasdır.
39. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
40. Beləliklə, müəyyən edildi ki, iddiaçı qanunla müəyyən edilmiş tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Beləliklə, məhkəmə müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu və bu müddətin keçdiyini nəzərə alaraq hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, borcun tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova