Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4069/2023 28.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/51395/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3599,51 (üç min beş yüz doxsan doqquz manat, 51 qəpik) manat məbləğində əsas borc, 666,95 (altı yüz altmış altı manat, 95 qəpik) manat məbləğində faiz borcu, 3805,21 (üç min səkkiz yüz beş manat, 21 qəpik) manat məbləğində cərimə borcu, 1322,50 (bir min üç yüz iyirmi iki manat, 50 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 9394,17 (doqquz min üç yüz doxsan dörd manat, 17 qəpik) manat məbləğində pulun, 113,94 (bir yüz on üç manat, 94 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh) arasında xx.xx.2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/51395/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 3599,51 (üç min beş yüz doxsan doqquz manat, 51 qəpik) manat məbləğində əsas borc, 666,95 (altı yüz altmış altı manat, 95 qəpik) manat məbləğində faiz borcu, 3805,21 (üç min səkkiz yüz beş manat, 21 qəpik) manat məbləğində cərimə borcu, 1322,50 (bir min üç yüz iyirmi iki manat, 50 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 9394,17 (doqquz min üç yüz doxsan dörd manat, 17 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1935/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, iddianı qismıən qəbul etdiyini, kredit götürdüyünü, əvvəl ödəniş etsə də, sonradan işsizliyi ilə əlaqədar ödəyə bilmədiyini, hal-hazırda işsiz olduğunu bildirərək, cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, o, Bankdan kredit götürmüş və mütəmadi olaraq ödəniş etmişdir. O, daha sonra maddi imkansızlığı və işsiz olması səbəbindən ödənişlər edə bilməmişdir. Buna baxmayaq, iddiaçı tərəfindən cərimə məbləği şişirdilmişdir. Ona görə də iddia tələbinin qismən təmin edilməsinə, yəni iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunun ondan tutulmasına etiraz etməsə də, maddi imkanı olmadığından hesablanmış cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: 09 dekabr 2013-cü il tarixli, 1xx/xx/51395/13 saylı saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (borclu) ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 24 ay müddətinə, illik 25 faiz olmaqla 5.000 manat məbləğində kredit vermişdir. Müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, cavabdeh banka olan borcunu hər ay 266,86 manat olmaqla 09 dekabr 2015-ci il tarixinə kimi ödəməli idi. 17 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 dekabr 2013-cü il tarixli 1xx/xx/51395/13 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 3599,51 manat məbləğində əsas borcu, 666,95 manat məbləğində faiz borcu, 3805,21 manat məbləğində cərimə, 1322,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 9394,17 manat məbləğində borcu yaranmışdır. Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə 09 dekabr 2013-cü il tarixli 1xx/xx/51395/13 saylı kredit müqaviləsi üzrə öhdəlikləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 3599,51 manat məbləğində əsas borc və 666,95 manat məbləğində faiz borcunun tutulması hissəsində əsaslıdır. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə görə isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, özgəsinin pul vəsaiti qanunsuz saxlanıldıqda və onu qaytarmaqdan boyun qaçırıldıqda pulun sahibi ona dəymiş zərərin əvəzini ödəməyi tələb etmək hüququna malik olur. Konkret bu halda iddianın predmetini pul məbləği təşkil etdiyi üçün iddiaçı cavabdehdən həm pul məbləğini, həm də pul vəsaitini qanunsuz saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla puldan faydalanmağa görə həmin vəsaitin məbləğindən hesablanan faizlərin ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 1322,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Həmçinin iddiaçı cavabdehdən 09 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3805,21 manat məbləğində cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu əsasla məhkəmə, kredit müqaviləsi üzrə 3805,21 manat məbləğində hesablanmış cərimənin 300 (üç yüz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə də, məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 09 dekabr 2013-cü il tarixli 1xx/xx/51395/13 saylı kredit müqaviləsindən irəli gələn 3599,51 manat əsas borc, 666,95 manat faiz borcu, 1322,50 manat gecikmiş vaxt üçün hesablanmış borc və 300 manat cərimə olmaqla, cəmi 5888,96 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 113,94 (yüz on üç manat 94 qəpik) manat dövlət rüsumunun 71 (yetmiş bir) manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh QSC “Bank Standard” Kommersiya Bankı ilə bağlanmış 09 dekabr 2013-cü il tarixli 1xx/xx/51395/13 saylı kredit müqaviləsi üzrə 3599,51(üç min beş yüz doxsan doqquz manat 51 qəpik) manat məbləğində əsas borc, 666,95(altı yüz altmış altı manat 95 qəpik) manat məbləğində faiz borcu, 1322,50 (min üç yüz iyirmi iki manat 50 qəpik) manat məbləğində gecikmiş vaxt üçün hesablanmış faiz borcu və 300 (üç yüz) manat məbləğində cərimə olmaqla, cəmi 5888,96 (beş min səkkiz yüz səksən səkkiz manat 96 qəpik) manat borc və 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4069/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4069/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver