Məhkəmə qərarları › İş №e-2(001)-4160/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4160/2024

08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4160/2024 08.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın (ticari mal və maddi ehtiyatlar) ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın (ticari mal və maddi ehtiyatlar) ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin edilməklə proses itirakçılarına məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfindən tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını yoxlayaraq, “Azemis” Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə cavabdehin şəxsi məlumatlarının sorğulanması nəticəsində hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində MPM-nin 36.11-ci maddəsinə istinad etməklə hazırki iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, iddiaçı iddia tələbinin debitor borcla deyil, dəymiş zərərlə bağlı olduğunu nəzərə almamışdır. Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsi icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiaların müqavilənin icra yerinə görə verilməsini nəzərdə tutsa da, hazırki iddia tələbi cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçıya dəymiş zərərin (ziyanın) əvəzi barədədir. Həmçinin iddiaçının iddia ərizəsində Mülki Məcəllənin 21, 1096.1, 1097.1-ci maddələrinə istinad etməsi də bu halı sübuta yetirmiş olur. Bundan başqa tərəflər arasında bağlanmış “maddi məsuliyyət haqqında” müqavilənin 3.5-ci bəndində qeyd edilir ki, işçinin tam maddi məsuliyyət müqaviləsi üzrə öhdəliklərii yerinə yetirməməsindən və ya lazımınca yerinə yetirməməsindən əmələ gələn iddiaları işəgötürən aidiyyatı üzrə məhkəməyə verə bilər. İşin halından görünür ki, tərəflər arasında mübahisənin məhkəmə aidiyyatı ilə bağlı hər hansı razılıq əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə müvafiq olaraq, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən isə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın (ticari mal və maddi ehtiyatlar) ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın (ticari mal və maddi ehtiyatlar) ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar