Məhkəmə qərarları › İş №e-2(001)-4163/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4163/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4163/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin ərizəsi və Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbi iddiasına dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26060,8 manat pul məbləğinin və 169 manat ödənilmiş dövlət rüsumunun, cəmi 26249,8 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli BM/05-24 saylı borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən cavabdeh tərəfə 80000 manat pul verilir, cavabdeh isə hazırki müqavilənin 1.3-cü maddəsinə əsasən 18 ay müddətinə həmin borcu geri qaytarmağı öz öhdəsinə götürür. Hazırki müqaviləyə ödəniş cədvəli də əlavə olunmuşdur. Cavabdeh saç ustası kimi İddiaçı MMC-nin Ağ Şəhərdə fəaliyyət göstərən gözəllik salonunda işləyirdi. Hazırki müqavilədən savayı, cavabdehlə əldə olunan şifahi razılaşmaya əsasən Cavabdeh transfer məbləği olaraq 40000 manat pul verilir, cavabdeh isə öz xidməti müqabilində həmin məbləği ikiqat olaraq, yəni 80000 manat pul məbləği olaraq müqavilədə və ona əlavə olunan ödəniş cədvəlində göstərildiyi formada geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən 13939,2 manat pul məbləği geri qaytarılmış, qalıq 26060,8 manat pul məbləği iddiaçıya geri qaytarılmamışdır. Bu barədə Cavabdeh pretenziya məktubu göndərilərək pretenziya məktubu ünvan üzrə daxil olduğu vaxtdan 03 gün müddətində müqavilə öhdəliyinin icra edilərək borc məbləğinin iddiaçıya ödənilməsinin tələb edilməsi, həmçinin əks təqdirdə cavabdehə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi cavabdehin diqqətinə çatdırılıb. Lakin cavabdeh tələb edilən pul məbləğini ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən 26060,8 manat əsas borcun və 169 manat ödənilmiş dövlət rüsumunun, cəmi 26249,8 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 4163/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ilkin iddia tələbinin rədd edilməsi və 01 avqust 2024-cü il tarixli BM/05-24 nömrəli Borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh “Soliton” LTD tərəfindən ona qarşı pul tələbinə dair iddia qaldırılmışdır. 2024-cü ilin iyul ayının əvvəlində İddiaçı MMC-nin rəhbərinin qızı Natavan Qulaliyeva tərəfindən Ağ şəhərdə yerləşən şirkətə məxsus salona iş təklifi almış, Natavan xanım onlarla 60 faiz onun, 40 faiz isə digər tərəfin olmaq şərti ilə işləməyini təklif etmişdir. Natavan xanım təkidlə əvvəlki işindən tez bir vaxtda ayrılıb cavabdehin Ağ şəhərdə fəaliyyə göstərən Blossam adlı salonunda işə başlamasını istəmişdir. O, Natavan Qulaliyevanın təklifini qəbul edib xx.xx.2024-cü il tarixdə əvvəlki iş yerindən ayrılıb Blossam salona gələrək burada işə başlamışdır. Bu zaman Natavan xanım razılaşdıqları qaydada işləmələrinin təminatı olaraq görünüş üçün guya 80.000 manata dair borc müqaviləsini imzalamasını bildirmişdir. O, artıq əvvəlki işindən ayrıldığından və həmin vaxt artıq işsiz olduğundan məcburiyyət qarşısında 01 avqust 2024-cü il tarixdə BM/05-24 nömrəli borc müqaviləsini imzalamışdır. Yalnız bu şərtlə ki, qazancın 60%-i onun, 40%-i isə salonun olacaq. Hər ay stabil qazancın mümkün olmaması barəsində də aralarında danışıb razılaşmışlar. Bu şərtlə müqaviləni imzalamışdır. Qeyd edir ki, müqavilə yalnız görünüş məqsədilə rəsmiləşdirilmişdir. Əslində isə borc müqaviləsi üzrə ona heç bir ödəniş edilməmişdir. 7 ay ərzində orada çalışdığı müddətdə cavabdehə 13.939,2 manat məbləğdə gəlir vermişdir. Müqavilə bağlandıqdan 7 ay sonra cavabdeh tərəfindən bu razılaşma pozularaq gəlirin 60%-i əvəzinə, 12%-nin ona ödənməsini bildirilməsi və razılaşdıqları digər şərtlərin də cavabdeh tərəfindən nəzərə alınmayaraq kobud surətdə pozulması səbəbindən işdən ayrılmaq məcburiyyətində qalmışdır. Daha sonra cavabdeh əsassız olaraq “guya” borc qismində təqdim edərək borcun ödənilməsini tələb etmişdir. Lakin faktiki olaraq borc kimi ona həmin məbləğ verilməmişdir. Qeyd etmişdir ki, 01 avqust 2024-cü il tarixli BM/05-24 nömrəli borc müqaviləsi yalnız görünüş məqsədilə bağlandığından uydurma əqd olmaqla etibarsızdır və heç bir hüquqi nəticənin yaranmasına səbəb ola bilməz. Bu səbəbdən iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarlılıq şərtlərinə riayət edilmədən bağlanılmış müqavilə üzrə öhdəliyin icrasını tələb etməsi isə tamamilə əsassız olduğundan ilkin iddia tələbi rədd edilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 4163/2025 saylı qərardadı ilə Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia müdafiə edərək, təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sahibkarlıq fəaliyyəti (məişət elektrik mallarının pərakəndə satışı) ilə məşğul olan VÖEN (**********) hüquqi şəxs, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyəti (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) ilə məşğul olan VÖEN (**********) fiziki şəxsdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırki mülki iş üzrə mübahisə pul tələbi ilə və müqavilənin ləğvi ilə bağlı olsa da, həmin pulun bankdan götürülməsi və müqavilənin bağlanılması sahibkarlıq fəaliyyəti üçün olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə edən şəxslərin subyektiv tərkibi – sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxs, mübahisə də tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 31-32, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin ərizəsi və Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar