Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4194/2023 28.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixdə saat 17-00 radələrində M.K.Atatürk prospekti ilə Ə.Naxçıvani kücəsinin kəsişməsində yol kənarında dayanan Toyota Avensis markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfində əyləşən sərnişin Cavabdeh digər nəqliyyat vasitələrinə maneə törədəcəyini gözləmədən qapını açaraq iddiaçıya məxsus Ford Fusion markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabağ sol qanadını və farasını zədələmişdir. İddiaçı həmin vaxt DİN-nin 102 qaynar xəttinə məlumat vermiş, Binəqədi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru R.Sarıyev hadisə yerinə gəlmiş, lazımi qaydada araşdırma aparmış, nəticədə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Avtomobilinin təmir xərcinin ödənilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etdikdə sonuncu ödəniş etməkdən imtina etmişdir. İddiaçı avtomobilinin icbari sığorta müqaviləsinə əsasən Xalq Sığorta ASC-nin 183 qaynar xəttinə zəng edərək məlumat vermiş, Xalq Sığorta ASC-nin nümayəndəsi hadisə yerinə gəlmiş, hadisənin qeydə alınması ilə bağlı ilkin tədbirləri görmüş, xx.xx.2023-cü il tarixdə **-SY-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə əlaqədar olan hadisənin Xalq Sığorta ASC tərəfindən qeydə alınması, həmçinin Heydər Əliyev pr. 106 a ünvanında yerləşən ofisə yaxınlaşması barədə iddiaçıya sms göndərilmişdir. Lakin Xalq Sığorta ASC-nin ofisində iddiaçıya sözügedən hadisənin sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina edilməsi bildirilmişdir. Bundan sonra iddiaçı avtomobilinə dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı Bakı şəhəri Xətai prospekti 36 ünvanda yerləşən Nurgun Motorsa məxsus Ford Servisə müraciət etmiş, qiymətləndirmə xidmətinə görə 50 manat ödəmiş, servis tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən təmir xərcinin 1470 manat təşkil etməsi müəyyən edilmişdir. Ona görə də Cavabdeh Ford Fusion markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1470 manat, ziyanın qiymətləndirilməsinə görə ödənilmiş 50 manat, dövlət rüsumuna görə 36 manat olmaqla cəmi 1556 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılası xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, iddia ərizəsini qəbul etmir, iddiaçın dəymiş ziyan kimi tələb etdiyi məbləğ şişirdirilmiş məbləğdir. İddiaçının hadisə nəticəsində avtomobilinin sol farasının ucu çox kiçik ölçüdə sınmışdır. Tam yaxından baxmadıqda həmin zədəni görmək mümkün deyildir. Belə olan halda ondan 1470 manatın tələb edilməsi böyük haqsızlıqdır. Həmin zədənin bərpa edilməsi üçün yeni faranın alınmasını o, iddiaçıya təklif etsə də, iddiaçı razılaşmamışdır. Ona görə də 4 medal alan vətən müharibəsi iştirakçısı kimi araşdırmanın düzgün aparılaraq iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, iddiaçıya məxsus avtomobilin farasının originalını ala, detalı da Nurgün Motorsda düzəltdirə bilər. Detalın bazarda maksimum qiyməti 500-600 manat olduğu halda, servisdə qiymət bahadır. Həmin qiymətə isə onun imkanı çatmır. O, tanışı vasitəsi ilə həmin detalı ala bilər. İddiaçı avtomobilini servisdən almamışdır. Onun avtomobili amerikankadır. O, mübahisənin iddiaçı ilə məhkəmədən kənar qaydada həll etməyə razıdır. Maddi imkanı olmadığından iddiaçının tələb etdiyi məbləği ödəyə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. AE N 148000 saylı xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Ford Fusion markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsinə əsasən təqsirli bilinərək 30 manat cərimə olunmuşdur. Nurgün Motors MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Ford Fusion markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün görülməli olan işlərin dəyəri 1470 manat təşkil edir. Nurgün Motors MMC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, İddiaçı tərəfindən görülmüş işlərə görə 50 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli 10/1075 saylı rəyindən müəyyən olunur ki, Nurgün Motors MMC-nin qüsur aktı məlumatlarına əsasən 2018-ci il burxılışlı Ford Fusion markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişməli hissələrin qiyməti 850 manat, təmir-bərpa işlərinin qiyməti 310 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Xalq Sığorta ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Ə.Naxçıvani küçəsində dayanmış vəziyyətdə olan Toyota Avensis markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə sərnişin qismində əyləşən Cavabdeh həmin avtonəqliyyat vasitəsinin arxa sağ qapısını açması nəticəsində sığortalının mülkiyyətində olan və şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə icbari qaydada sığortalanmış Ford Fusion markalı ** SY *** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsinə maddi zərər dəyməsi, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon DYPŞ tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP5698696 nömrəli qərara əsasən Toyota Avensis markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb edilməsi, İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçünçü şəxslərin sağlamlığına və əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktının sığorta hadisəsi hesab olunması, baş vermiş yol-nəqliyyat hadisəsinin faktiki halları və qanunvericiliyin istinad olunan normalarına uyğun olaraq mülkiyyətində olan avtomobilə zərər vurulmasında icbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsi sahibinin, yəni onu idarə edən şəxsin hər hansı təqsiri müəyyən edilmədiyindən və yol nəqliyyat hadisəsinin baş verməsində, yalnız sığortalanmış avtomobildə sərnişin qismində əyləşmiş şəxs təqsirli hesab edildiyindən sonuncunun vurduğu zərər sığorta təminatına aid edilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədiyi üçün mülkiyyətdə olan avtonəqliyyat vastəsinə dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina olunması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1.törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2.əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3.törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4.zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin təqsirli bilindiyi inzibati xəta nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə zədə dəydiyindən iddiaçıya maddi ziyan vurulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulduğundan, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə ziyanın məbləğinin 1160 manat olması müəyyən olduğundan iddia ərizəsi qismən təmin edilərək cavabdeh iddiaçın xeyrinə maddi ziyana görə 1160 manat, ziyanın qiymətləndirilməsinə dair xərcə görə 50 manat tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya, ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1160 manat, ziyanın qiymətləndirilməsinə dair xərcə görə 50 manat olmaqla cəmi 1210 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-4194/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4194/2023
28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver