Məhkəmə qərarları › İş №e-2(001)-423/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-423/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-423/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanov Manaf Emil oğlunun katibliyi ilə İddiaçı BOKT Embafinans QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı BOKT Embafinans QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 2976 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı BOKT Embafinans QSC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 356-TEL-0341-21 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqavilələrinin 2.1.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmin müqavilələrin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə borcalan özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Cavabdeh BOKT Embafinans QSC-yə xx.xx.2022-ci il tarixə əsas borcu 1531,22 manat, faiz borcuna görə 303,47 manat, cəriməyə görə 229,68 manat olmaqla, ümumi borcu 2064,37 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli, 1497/22 saylı pretenziya məktubu da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən bu ünvanda yaşamır qeydi aparılmaqla pretenziya məktubunun ünvana çatdırılması mümkün olmamışdır. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT Embafinans QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Ona görə də Cavabdeh əsas borca görə 1531,22 manat, faiz borcuna görə 303,47 manat, cəriməyə görə 229,68 manat, həmçinin ərizəyə görə ödənilmiş 41,04 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 2105,41 manatın idddiaçı BOKT Embafinans QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul çıxarılması xahiş olunur. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında iddiaçı BOKT Embafinans QSC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı BOKT Embafinans QSC ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazdan müəyyən olunur ki, Cavabdeh BOKT Embafinans QSC-nin 2021-ci ildən etibarən daimi və loyal müştərisidir. Hər zaman ona cəmiyyət tərəfindən nisyə satılmış mallar üzrə ödənişləri vaxtı-vaxtında və məsuliyyətlə yerinə yetirmişdir. Heç bir ciddi və uzunmüddətli gecikmələri olmamış və cəmiyyətin daxili sistemində müsbət və yüksək reytinqli müştəri kimi qeydiyyatda olmuşdur. Lakin 2021-ci ilin dekabr ayından etibarən onun səhhətində ciddi problemlər başladığı üçün, habelə bunun nəticəsi olaraq əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyinə görə 2022-ci ilin yanvar ayının 24-dən etibarən xəstəlik məzuniyyətinə çıxmaq məcburiyyətində qalmışdır. İşdə keçirdiyi stress ve həyəcan nəticəsində artıq stend olan ürəyində işemik xəstəlik və gərginlik stenokardiyası daha da dərinləşmiş və ümumi vəziyyəti daha da ağırlaşmışdır. Nəticədə onda tənginəfəslik, sinədə göynəmə, kürəkdə ağrılar və tərləmələr müşahidə olunmuşdur. Bundan başqa, ürəyin artmiyası və qan təzyiqinin qalxıb düşməsi vəziyyətini bir az da pisləşdirmişdir. Bir neçə dəfə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq onun üçün təcili tibbi yardım çağırılmışdır. Sadalanan neqativ tibbi proseslərin nəticəsi olaraq səhhətinin pisləşməsi onun ürəyi üzərində mini əməliyyat, yəni, koronar anqioqrafiyanın keçməsi ilə nəticələnmişdir. Daha sonra isə ambulator müalicədən stasionar müalicəyə transfer olunaraq bir neçə dəfə xəstəxana rejimində yatmış, 2022-ci yanvarın sonundan əmək qabiliyyətini itirməsinə və əmək haqqının 60% qədərini almasına baxmayaraq o, yaranmış belə çətin və ağır durumdan bacardığı qədər, yəni imkan daxilində yanvardan etibarən bir necə dəfə ödənişlər etmişdir. BOKT Embafınans QSC-dən başqa digər bank və bank olmayan kredit təşkilatlarına həmçinin kreditləri var və səhhəti ilə əlaqədar olaraq maliyyə vəziyyətinin ağır olması səbəbindən ödənişləri tam həcmdə etmək imkanı olmamış və bunu ona dəfələrlə zəng edən BOKT Embafınans QSC-nin əməkdaşlarına bildirmişdir. Ödənişləri tam həcmdə və vaxtı vaxtında ödəməməsi üçün üzürlü səbəbləri olmuşdur Bu səbəblər səhhətində olan ciddi problemləri və bunun nəticəsi olaraq əmək qabiliyyətinin itirilməsi, əmək haqqının 60% qədərini alması, dərman və müalicə xərclərinin və məsrəflərinin yüksək olması, habelə himayəsində iki azyaşlı övladının və işləməyən yoldaşının olmasıdır. Səhhətinin getdikcə pisləşməsi ona gətirib çıxarmışdır ki, o, aprel ayının sonundan işdən ayrılmalı olmuş və müalicələrini davam etdirmək məcburiyyətində qalmışdır. Hətta, may ayının sonunda vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, o təcili tibbi yardım vasitəsi ilə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildir. O, xx.xx.2022-ci il tarixindən bugünədək işsizdir və ödəniş etmək üçün heç bir imkanı yoxdur. Bundan başqa onun müalicə və digər tibbi prosedurlarına və dərmanlarına xeyli xərcləri və məsrəfləri çıxır. Bu cür ağır şərtlər altında ödəniş etmək qabiliyyətində deyildir. Lakin, bu o demək deyil ki, o, ödəniş etmək fikirində deyil və yaxud ödənişlər üzrə öhdəliklərini qəsdən və üzrsuz səbəb olmadan icra etmir və ya onları bilərəkdən icra etməkdən boyun qaçırır. Əksinə o, məsələyə məsuliyyətli və vicdanlı yanaşaraq habelə qanunverciliyin tələblərinə riayət edərək cəmiyyətə rəsmi məktubla müraciət etmişdir. Cəmiyyətə pis vəziyyətdə və çətin durumda olduğunu izah edərək xahiş etmişdi ki, ona müəyyən güzəşt və kompromislər olunsun. Bundan başqa ona dəfələrlə zəng edən cəmiyyət əməkdaşlarına vəziyyəti barədə və ödəmə qabiliyyətinin olmaması barədə mütəmadi olaraq məlumat verirmişdir. Lakin əfsuslar olsun ki, cəmiyyət onun məktubuna rəsmi cavab verməmiş və heç bir kompromisə və yaxud zərrə qədər belə güzəştə getməmiş və yaxud ona ödənişlər üzrə nə möhlət vermiş, nə konstruktiv danışıqlar aparmış, nə də borcun restrukturizasiyasını həyata keçirmişdir. İndi onun səhhətində müsbət vəziyyət yaransa da o hal-hazırda işsiz olduğu üçün borcu ödəmək imkanları yoxdur. İşləməyən həyat yoldaşı və himayəsində iki azyaşlı uşaq vardır. Həm də müalicəsi üçün dərmanlara xərci çox çıxır, hal-hazırda borcunu qətiyyən ödəmək imkanı yoxdur və bu proses o, əmək qabiliyyətimi itirdiyi 2022-ci il yanvar ayından başlamış və xüsusi ilə həmin ilin aprel ayından kəskinləşmişdir. Çünki o, aprelin 26-dan bu günədək işsizdir. Başına gələn hadisələr, yəni sağlamlığında olan ciddi problemlər əmək qabiliyyətinin müvəqqəti itirilməsi habelə son bir neçə ay işsiz qalması kimi üzrlü və obyektiv səbəblər onun yaranmış borcunun olmasını mümkünsüz etmişdir. Onun gecikmələri ondan asılı olmayaraq, onun təqsiri olmadan və üzürlü səbəblər nəticəsində baş vermişdir. Üzürlü səbəblərinə dair bütün zəruri sənədlər mövcuddur. Bir neçə ay səhhəti ilə məşğul olduğu üçün və müalicələrinə diqqət yetirdiyi üçün aktiv iş axtarışı ilə məşğul ola bilməmişdir. Lakin, son bir ay ərzində səhhətində pozitiv dəyişikliklər müşahidə olunduğu üçün və özünü daha yaxşı hiss etdiyi üçün aktiv iş axtarışına başlamışdır. Artıq bir neçə yerdən müsahibələrə dəvət almış və çox ümid edir və inanır ki, CV göndərdiyi özəl şirkətlərdən birinə işə düzəlməyə müvəffəq olacaqdır. İntervyuda iştirak etdiyi şirkətlərdən müsbət cavab gözləyir. Yeni işə başladığı təqdirdə növbəti ayın maaşını alan kimi imkan dairəsində ödənişlərini bərpa etmək niyyətindədir, çünki onun borcu ödəməmək, borcdan qəsdən yayınmaq və yaxud üzürlü səbəb olmadan borcu ödəməmək habelə borcu ümumiyyətlə ödəməkdən imtina etmək kimi fikir və niyyətləri qətiyyən yoxdur və ola da bilməz. O borcunun olduğunu inkar etmir və onu ödəmək fikri var. Lakin indiki vəziyyətdə və məbləğdə ödəmək imkanı yoxdur imkanı yaranan kimi ödənişlərini, imkan dairəsində bərpa etmək niyyətindədir. Həmçinin, 356-TEL-0341-21 saylı kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə Azərbaycan Respublikasının qanunverciliyinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Lakin, yuxarda qeyd etdiyi müqavilənin predmetini pul təşkil etməmiş, əksinə həmin müqavilənin predmetini əşya, mal təşkil etmişdir. Yəni, kredit müqaviləsinə müvafiq olaraq tərəflər borcverən və borcalan adlandırılır, lakin burada söhbət pulu borc verməkdən getmir və heç bir pul məbləği ona borc verilməmişdir. Qanunvericiliyə zidd olaraq, onunla kredit müqaviləsi bağlanaraq ona heç bir vəsait köcürülməyib və heç bir pul verilməyib. Burada söhbət pulun kredit verilməsindən deyil, əşyanın nisyə satılmasından gedir. Başqa, sözlə desə bu müqavilə əşyanın alqı-satqısına aid olduğu üçün alıcı və satıcı arasında olan münasibətləri tənzimləməlidir, borclu və borcalan arasında olan münasibətləri deyildir. BOKT Embafinans QSC cavabdehlə kredit müqaviləsi bağlayaraq onun yerinə pul əməliyyatları edib və həmin müqaviləyə əsasən heç bir pul köçürülməyib ki, o, həmin məbləği şəxsən qəbul edib və ödənişi şəxsən edib. Onun hansı məbləğin nə zaman və hansı hesaba köçürülməsi haqqında heç bir məlumatı yoxdur. Bundan başqa, iddiaçının nümayəndəsi hər hansı kassa əməliyyatını təsdiq edən mədaxil-məxaric əməliyyatları üzrə qəbz təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi xx.xx.2016-cı il tarixli əməkdaşlıq müqaviləsi də bu mövzuda əssasızdır. İddiaçının istinad etdiyi həmin müqavilənin 2.2.2. və 1.2-ci maddələri onunla Embafinans QSC arasında olan münasibətlərə aid deyil, çünki sözügedən müqavilə onunla Embafinans QSC arasında bağlanmamış və o, müqavilədə tərəf olmadığı üçün o müqavilə onun üçün əhəmiyyətsizdir. Həmin müqavilənin heç bir maddəsinin ona aidiyyəti yoxdur və o, yalnız İntegral QSC və Embafinans QSC arasında olan əməkdaşlığı tənzimləyir və onunla Embafinans QSC arasında olan nisyə alqı-satqı münasibətlərinə şamil edilməməlidir. Ona görə də Cavabdeh ilə Embafinans QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 356-TEL-0341-21 saylı kredit müqaviləsinin qanunsuz və etibarsız elan edilməsinə, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində əks olunmuş ödəniş cədvəlinin etibarsız və qanunsuz elan olunmasına, onunla iddiaçı arasında yeni nisyə alqı-satqı müqaviləsinin, habelə qanunvericiliyə uyğun yeni ödəniş cəvəlinin tərtib edilməsinə və tərəflər tərəfindən imzalanmasına, cəmiyyətin 2021-ci ilin avqust ayından qanunvericiliyə zidd olaraq ondan tutduğu aylıq faizlərin qanunsuz və etibarsız elan edilməsinə, həmin faizlərin əsas borca yönəldilməsinə, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinə, cəmiyyətin konfedensial fərdi məlumatlar və kommersiya sirrini təşkil edən məlumatlar ilə müqavilədə yol verdiyi kobud qanun pozuntularına hüquqi qiymət verilməsinə, baş vermiş prosesləri MM-nin 445.5-ci maddəsinəmüvafiq olaraq təfsir edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə sonrakı etirazlarından müəyyən olunur ki, cavabdeh bağladığı xx.xx.2021-ci il tarixli 356-TEL-0341-21 saylı kredit müqaviləsinin MM-nin 337.1-ci və 340.2-ci maddələrinə əsasən etibarsız və əhəmiyyətsiz əqd elan edilməsini məqsədəmüvafiq etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Borcverən BOKT Embafinans QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 356-TEL-0341-21 saylı kredit müqaviləsinin 1.1-ci bəndindən müəyyən olunur ki, borcverən borcalanın İnteqral QSC tərəfindən satışı həyata keçirilən istehlak mallarını almaq məqsədi ilə 2976 manat məbləğində istehlak mallarını kreditə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndindən müəyyən olunur ki, müqaviləyə əsasən ayrılan kreditə alınan girov predmeti olan İphone 12 Pro Max 256 GB telefon borcalanda saxlanmışdır. Müqavilənin 1.3.-1.4-cü bəndlərindən müəyyən olunur ki, kredit borcalana kreditdən istifadə haqqı illik 35,05% olmaqla 12 ay müddətinə qaytarmaq şərti ilə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən borcalan müqaviləyə və ona əlavələrinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Borcverən BOKT Embafinans QSC ilə borcalan Cavabdeh arasında tərtib olunaraq imzalanmış xx.xx.2021-ci il tarixli 356-TEL-0341-21 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2976 manatı, faiz borcuna görə 593,76 manatı hissə-hissə borcverən BOKT Embafinans QSC qaytarmağı öhdəsinə götürmüşdür. Satıcı İnteqral QSC ilə ödəyən BOKT Embafinans MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1 saylı əməkdaşlıq haqqında müqavilədən müəyyən olunur ki, satıcı satdığı müxtəlif növ və çeşidli elektron və məişət avadanlıqlarının kreditə satışını ödəyən vasitəsi ilə həyata keçirməyi, ödəyən isə satıcının satdığı müxtəlif növ və çeşidli elektron və məişət avadanlıqlarının satışını müvafiq kredit qaydalarına uyğun olaraq maliyələşdirməyi öhdəsinə götürmüşdür. Satıcı İnteqral QSC ilə alıcı Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, alıçı satıcıdan dəyəri 3326 manat olan İphone 12 Pro Max 256 GB telefonu ilkin ödəniş olaraq 350 manat ödəmək, kredit məbləği 2976 manat olmaqla almışdır. BOKT Embafinans QSC-nin N MA-0026514-22 saylı xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli 356-TEL-0341- 21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1531,22 manat, faiz borcuna görə 303,47 manat, cərimə borcuna görə 229,68 manat olmaqla cəmi 2064,37 manat borcu vardır. BOKT Embafinans QSC-nin N MA-0026514-22 saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli 356-TEL-0341- 21 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borca görə 1531,22 manat, faiz borcuna görə 303,47 manat, cərimə borcuna görə 229,68 manat olmaqla cəmi 2064,37 manat borcu vardır. BOKT Embafinans QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borcverən borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2450 saylı rəyindən müəyyən olunur ki, iş materialarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 356- TEL-0341-21 saylı müqavilədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı Embafinans BOKT QSC-yə müqavilə müddətinin bitdiyi tarixə yəni xx.xx.2022-ci il tarixə olan əsas borcu 1547,91 manat, faiz borcu 191,12 manat olmaqla ümumilikdə 1739,03 manat məbləğində müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh ilə Embafinans BOKT QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 356-TEL-0341-21 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin borcverən tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında borcverən cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh etirazında faktiki olaraq iddiaçı ilə arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin olmasını bildirsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcverən BOKT Embafinans QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 356- TEL-0341-21 saylı kredit müqaviləsinə əsasən borcalana istehlak mallarını almaq məqsədi ilə 12 ay müddətinə qaytarmaq, illik 35,05% ödəmək şərti ilə ayrılmış 2976 manat kredit cavabdehin İnteqral QSC-dən aldığı İphone 12 Pro Max 256 GB telefonun dəyərinin ödənilməsinə sərf edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 356-TEL-0341-21 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməməsi nəticəsində borcverənə əsas borca görə 1531,22 manat, faiz borcuna görə 191,12 manat borcu yaranmışdır. Cavabdeh iddia tələblərinə qarşı etirazında bağladığı kredit müqaviləsinin qüsurlu, yəni etibarsız olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı etirazda istinad olunan hallar öz təsdiqini tapmadığından məhkəmə etirazın dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, etirazda istinad hallar cavabdehi bağladığı etibarlı əqd üzrə öhdəliklərini icra etməkdən azad edən hal ola bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı Cavabdeh xx.xx.2021-ci il tarixli, 356-TEL-0341-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 1531,22 manat, faiz borcuna görə 191,12 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi əsas və faiz borcuna dair bu hissədə təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə 50 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənimiş dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 356-TEL-0341-21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1531,22 manat, faiz borcuna görə 191,12 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 41,04 manat olmaqla cəmi 1813,38 manat Embafinans BOKT QSC xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar