Məhkəmə qərarları › İş №e-2(001)-424/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-424/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-424/2024 25.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə X3 (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 25 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 30 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4168,57 manat əsas, 5021,5 manat faiz, 2128,54 manat cərimə borcunun, 2032,9 manat gecikdirilmiş faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 130,06 manat, cəm olaraq 13351, 51 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 26 faizlə 5000 manat kredit verilmişdir. Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan müddətdə banka qaytarmağı öhdəsinə götürsə də, öhdəliklərinə lazımınca əməl etməməsi nəticəsində 06 iyul 2023-cü il tarixə 4168,57 manat əsas, 5021,5 manat müqavilə müddəti üzrə hesablanmış faiz, 2128,54 manat cərimə, eləcə də, müqavilə müddəti bitdiyi tarixdən illik 5 faizlə hesablamış 2032,9 manat gecikdirilmiş faiz borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiklərini bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş cavabdehin həm yaşayış ünvanına poçt vasitəsilə, həmçinin, mobil telefonuna “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “SMS bildiriş”lə göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, iddiaya öz yazılı münasibətini bildirməmişdir. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2011-ci il tarixli, AK305 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 26 faizlə 5000 manat kredit verilmiş, kredit avtomobilin alınması məqsədilə verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2011-ci il tarixli, AK305 nömrəli ipoteka müqaviləsindən görünür ki, müqavilənin predmetini bankla Cavabdeh arasında bağlanmış 30 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan “Mercedes Benz C180” minik modelli, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi olmuşdur. - 30 noyabr 2011-ci il tarixli kredit müqaciləsinə əlavədən (ödəniş cədvəli) görünür ki, ödənişlər qrafikə uyğun aparılacağı təqdirdə cavabdeh götürdüyü 5000 manat kreditə görə 1464,95 manat faiz borcu ödəməli idi. - 17 iyul 2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, 30 noyabr 2011ci il tarixli kredit müqaviləsi üzrə 06 iyul 2023-cü il tarixə yaranmış əsas borcun məbləği 4168,57 manat, müqavilə müddəti üzrə faiz borcunun məbləği 5021,5 manat, cərimənin məbləği 2128,54 manat, müqavilə müddəti bitdiyi tarixdən gecikdirilmiş günlərin sayı 3505 gün olmaqla, illik 5 faizlə hesablanma yolu ilə gecikdirilmiş faiz borcunun məbləği 2032,9 manat, beləliklə, ümumi borcun məbləği 13351,51 manatdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə: - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh bankdan götürdüyü krediti müqavilə üzrə nəzərdə tutulmuş müddətə faizləri ilə birlikdə geri ödəməyi öhdəsinə götürmüş, lakin, öhdəliklərini lazımınca icra etməmişdir. Buna görə də, iddiaçının borcun məcburi qaydada tutulması barədə iddia hüququ yaranmışdır. Təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu 4168,57 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Lakin, 5021,5 manat faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsində illik faiz dərəcəsi 26 faiz müəyyənləşdirilmiş, cavabdehə 5000 manat kredit verilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər. Bank tərəfindən cavabdehə illik 26 faiz olmaqla, 2 illik müddətə 5000 manat kredit verilmişdir. Bu isə o deməkdir ki, bankın bu müqavilə üzrə əldə edə biləcəyi maksimum faiz məbləği 2600 manat (5000 manat x 26 faiz x 2 il) olmuşdur. Müqavilənin ayrılmaz hissəsi hesab edirəm Əlavədən (ödəniş cədvəli) də görünür ki, ödənişlər həmin cədvələ uyğun aparılacağı təqdirdə, bank faiz məbləği olaraq 1464,95 manat əldə edəcəkdi. Maliyə arayışında cavabdehin əsas borcunun məbləği 4168,57 manat göstərilmişdir. Həmin məbləğ ödəniş cədvəli ilə təhlil edilərkən, habelə, ödənişlərin ilk öncə aylıq faiz borcuna, sonra əsas borca yönəldilməsi qaydası nəzərə alınmaqla, belə nəticəyə gəlinir ki, cavabdeh tərəfindən təxminən 1346 manat ödəniş edilmiş, həmin məbləğin 831,43 manatı əsas borcdan, 514,57 manat hissəsi isə faiz borcundan çıxılmışdır. Belə olan halda, iddiaçının cavabdehdən 5021,5 manat faiz borcu tələb etməsini məhkəmə əsaslı hesab etmir və faiz borcunun məbləğinin əsas borcun məbləğinə, müqavilə üzrə faizin dərəcəsinə mütənasib olaraq məhkəmənin özü tərəfindən müəyyənləşdirilməsinin ədalətli olacağını düşünür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında məhkəmə vurğulamışdır ki, əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Hazırki halda cavabdehdən hansı əsasla 5021,5 manat faiz borcunun tutulması ilə bağlı iddiaçı tərəf heç bir sübut məhkəməyə təqdim etməmişdir. Qalıq əsas borcun məbləğinin kreditin verilmə faizinin hasili yolu ilə məhkəmə hesab edir ki, faiz borcunun məbləği 1083,68 manat olaraq müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 4168,57 manat məbləğində əsas borca tənasübsüz olaraq 2128,54 manat məbləğində dəbbə pulunun hesablanmasını da əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 2128,54 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 291,7 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. X2 Məhkəməsi onu da vurğulamışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Hazırda iddiaçı Konstitusiya Məhkəməsinin məhz yuxarıda qeyd olunan Qərarına istinad edərək, cavabdehdən borcun gecikdirilməsi səbəbindən illik 5 faizlə hesablanmaqla 2032,9 manat gecikdirilmiş faiz borcunun tutulmasını tələb etsə də, 30 noyabr 2013-cü il tarixdə müqavilə müddəti bitdiyi, bundan başqa, borcun kredit müqaviləsi bağlanan tarixdən təxminən 5-6 ay sonradan ödənilmədiyi halda, iddia ərizəsinin təxminən 10 il sonra verilməsini əsaslandırmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının (və ya ləğv prosesi başlanmazdan əvvəl İddiaçı ASC-nin özünün) bu tələblə daha öncə də məhkəməyə müraciət etmək hüququ olduğu halda, bunu etməməsi bu müddət ərzində cavabdehdən əlavə vəsaitin tutulmasına səbəb ola bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia gecikdirilmiş faiz borcunun ödənilməsi hissəsində təmin edilməməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 4168,57 manat, faiz borcu üzrə 1083,68 manat, dəbbə pulu olaraq 291,7 manat olmaqla, ümumilikdə 5543,95 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun təmin edilmiş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 30 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə 4168,57 manat əsas, 1083,68 manat faiz borcu, 291,7 manat dəbbə borcu olmaqla, ümumilikdə 5543,95 manat məbləğində pul vəsaiti, o cümlədən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manat tutularaq X3 İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar