Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4250/2025 14.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: borc müqaviləsi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tanışım Bakı şəhər sakini X2 700 (yeddi yüz) manat borc pul vermişdir. Bununla bağlı X1 öz xətti və imzası ilə yazdığı əlyazma da vardır. Abdulazadə Hamil onun ona verdiyi borcu xx.xx.2024-cü il tarixinədək ödəyəcəyini vəd etmişdir. Lakin pulu heç bir şəkildə hələdə qaytarmamışdır. Dəfələrlə ona verdiyi borc pulun geri qaytarmasını istəyəndə o, hər dəfəsində bir bəhanə ilə pulu ödəmirdi. Hətta ona dəfələrlə demişdir ki, əgər borcunu tam şəkildə ödəyə bilmirsə, hissəhissə ödəsin. X3 isə bu təklif belə razı olmamış, qəsdən pulu ödəməkdən boyun qaçırmışdır. Yəni, ona verdiyi 700 manat borc pulu nə hissə-hissə, nə də birdəfəlik ödəməmişdir. Tərəfindən 30 azn dövlət rüsumu ödənilmişdir. O, iddia ərizəsi ilə məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İş materiallarında olan xx.xx.2024-cü tarixli iltizamın surətindən görünür ki, Cavabdeh 1 ay müddətinə ödəmək şərti ilə 700 (yeddi yüz) manat borc pul vermişdir.
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır
7. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
8. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin iltizama əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 700 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
10. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. İV. Nəticə:
11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİM:
İddia tələbi təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) borc və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva