Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4306/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə qalıq borc üzrə 454,85 manat, faiz borcu üzrə 23,26 manat olmaqla cəmi 478,11 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankın “Xətai” filialı ilə cavabdeh arasında bağlanmış 07 aprel 2021-ci il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında BPM**********63 saylı müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilənin 3.3.6-ci bəndi ilə müəyyən edilmişdir ki, müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və Bankın Tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini Banka ödəməyi öhdəsinə götürür. Xətai Filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 684,6 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Daha sonrasında müştəri 2 dəfə olmaqla cəmi 129,75 manat məbləğində borcdan ödəniş etmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 14 aprel 2022-ci il tarixində 22-5412/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh məhkəməyə müraciət olunduqdan sonra müəyyən məbləğdə ödəniş etmiş və bu səbəbdən də iddia tələbinin həcmi azaldırlmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2021-ci il tarixli “Bank hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilənin predmeti bank tərəfindən müştərinin adına ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün müxtəlif valyutalarda kart hesabının açılmasından, ödəniş kartının dövriyyəyə buraxılmasından, ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılmasından, nağdsız ödənişlərin aparılmasına görə bonusların (xalların) toplanmasından və toplanmış bonusların Azercellin abunəçisi olan müştərinin mobil telefon nömrəsində istifadə üçün şəbəkədaxili danışıq vaxtına və ya mobil internet paketinə dəyişdirilməsi ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarətdir. Müştəri ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, eləcə də ödəniş kartından istifadəyə görə xidmət haqlarını banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3.6-cı maddəsinə əsasən müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini Banka ödəməyi öhdəsinə götürür. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 13 fevral 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən əsassız varlanmaya görə yaranmış borcun 7 gün müddətində tam yerinə yetirilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 13 iyul 2022-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən ******************** nömrəli hesab üzrə borcu 478,11 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 9/5362 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında bağlanmış 07 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" ASC-yə 13 iyul 2022-ci il tarixinə olan borcu - əsas borc üzrə 454,85 manat, faiz borcu üzrə 23,26 manat, ümumilikdə 478,11 manat təşkil edir. 18 may 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 07 aprel 2021-ci il tarixli “Bank hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilə bağlanmış, daha sonra cavabdeh texniki overdraft nəticəsində ona məxsus olmayan 684,6 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuş, daha sonra həmin məbləğdən müəyyən ödəniş etmiş və hazırda onun iddiaçıya olan borcu 454,85 manat təşkil edir. Göründüyü kimi, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına varlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “faiz borcu üzrə 23,26 manatın cavabdehdən tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə texniki overdraft nəticəsində əldə edilmiş vəsatə faizlərin dərəcəsi, hesablanması qaydası və s. razılaşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 454,85 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 28 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 95 manatı cavabdehdən, 5 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 454,85 (dörd yüz əlli dörd manat, səksən beş qəpik) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 95 (doxsan beş) manatı Cavabdeh, 5 (beş) manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-4306/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4306/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver