Məhkəmə qərarları › İş №e-2(001)-431/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-431/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-431/2024 06.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1, cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştiraklarıı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş əsas borc olaraq 73866 (yetmiş üç min səkkiz yüz altmış altı) manat, 3300 (üç min üç yüz) manat audit yoxlaması, 2020 və 2022-ci illər üzrə bank faizləri olaraq 10341 (on min üç yüz qırx bir) manat, cəmi 87507 (səksən yeddi min beş yüz yeddi) manat Cavabdeh oğlundan tutularaq ona (İddiaçı) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edən mübahisənin məhkəməyə aidiyyətini müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, Azərbaycana gətirdiyi malları sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün gətirmişdir. Onunla cavabde arasında sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir rəsmi razılaşma olmayıb. Cavabdehlə dost olduğu razılığa gəlmişlər ki, gətirdiyi ilmikləri onun anbarına qoysun. Həm də cavabdehə icazə vermişdir ki, özü üçün vax aşırı 1-2 korobka ilmiklərdən istifadə etsin. İlmikləri cavabdehin anbarına yerləşdirəndən sonra, onların nə vaxt satılması ilə bağlı məlumatı olmayıb. İdiaçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, iddia tələbində göstərilən məbləğ iş üzrə təyin edilmiş ekspert rəyində müəyyən olunan məbləğdən də azdır. İddiaçı faktiki çəkdiyi xərci tələb edir. Bundan başqa iş kifayət qədər araşdıdırlıb və bütün sübutlar toplaıb, hazırkı mərhələdə işin kommersiya mübahisəsi olması qənaətinə gəlmək işin əsassız uzadılması kimi qiymətləndirilməlidir. Sonda vəkil işə mahiyyəti üzrə baxıb iddianın təmin olunması xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 ekspert rəyi ilə razı olmadıqlarını qeyd edərək, bildirdi ki, anbara yerləşdirilmiş ilmiklər Çin istehsalı olub, onların da qiyməti 50 qəpik, originalı isə 60 qəpik olduğunu göstərib, bu barədə iki ədəd satış çeklərini məhkəməyə təqdim edərək, iş üzrə təkrar ekspertizanın təyin olunmasını zahiş etdi. Bundan əlavə işin kommersiya məhkəməsinə göndərilməsi ilə bağlı etirazın olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, vergi məlumatları barədə elektron çıxarışlardan görünür ki, iş üzrə həm İddiaçı (xx.xx.2018-ci il tarixdən VÖEN **********), həm də Cavabdeh (xx.xx.2004-cü il tarixdən VÖEN **********) vergi ödəyicisi olmaqla sahibkarlıq subyekti statusuna malikdirlər. İddia olunur ki, cavabdehin anbarında saxlanca verilmiş mebel üçün nəzərdə tutulmuş ilmikləri cavabdeh iddiaçıdan xəbərsiz sataraq əldə olunmuş 73866 (yetmiş üç min səkkiz yüz altmış altı) manat pul vəsaitini mənimsəmişdir. Həmin vəsaitdən cavabdeh bu günə qədər cəmi 2840 (iki min səkkiz yüz qırx) manat qaytarmışdır, qalan məbləğ isə hələ də cavabdehdə qalmaqdadır. Qeyd edilməlidir ki, işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində qeyd olunmuşdur ki, “əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.”. Hazırkı halda hər iki tərəf sahibkar statusuna malik olmaqla yanaşı, mübahisə məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. İşin hallarından belə görünür ki, İddiaçı Çin Xalq Respublikasından 2144 (iki min bir yüz qırx dörd) qutu mebel aksessuarı olan ilmikləri ölkəyə gətirmiş və saxlanc məqsədi ilə iş üzrə cavabdeh olan Cavabdeh məxsus mebel sexinin anbarına qarşılıqlı razılaşma əsasında yerləşdirmişdir. Həmçinin tərəflər həmin ilmiklərdən vaxtaşırı müəyyən miqdarının cavabdeh tərəfindən götürülməsi barədə razılaşmışlar. Sonradan Cavabdeh həmin ilmikləri iddiaçıdan xəbərsiz sataraq gəlir əldə etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə hər iki tərəf sahibkarlıq subyektləri olduğundan, mübahisənin əsası isə onların sahibkarlıq fəaliyyətlərindən irəli gəldiyindən, yəni mahiyyət etibarilə iqtisadi xarakterli olduğundan işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. (32.2) Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (32.3) Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (32.4) Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (32.5) Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə sahibkarlıq subyekti statusuna malik olan tərəflər arasında yaranmış hüquq münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz. Odur ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 44-45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar