Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4325/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən “K@TV1”əmtəə nişanı iləfəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 142.20 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 272,6 manat pulun iddiaçıçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Qeyd edir ki, Nizami rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan, yaxud müqavilə münasibətlərinə son qoyduqdan sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindənn görünür ki, cavabdeh qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti ev 51/57, mənzil 170-in qanunsuz qoşulma icra edilən zaman sahibi olmuşdur. Tərəfimizdən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022ci il tarixli Arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında yaşamış X4 iləİddiaçı MMC arasında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2013-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2013-cü il tarixdə 9 manat borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə xx.xx.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0617 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə xx.xx.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 2800 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilin şəbəkədın ayrıldığı xx.xx.2013-cü il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu xx.xx.2015-ci il tarixə qədər olan müddət hər iki akt üzrə 474 gün, təşkil edir. Bu da hər gün üçün, yəni 30 qəpik olmaqla 142.20 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 100 (yüz) manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, məktub qəbul edilmişdir. Cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı, MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olmaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərinin icrası və işçilərin əmək haqqının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC “K@TV1”-in əməkdaşı X2, “Ədalət-A” hüquq firmasının əməkdaşı X6 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı S.Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0617 N saylı, 26 aprel 2014-cü il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 51/57 ünvanında 170 saylı mənzildə “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur; İddiaçı MMC “K@TV1”-in əməkdaşı X5, “Ədalət-A” hüquq firmasının əməkdaşı X8 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı S.Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 2800 N saylı, 12 mart 2015-ci il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 51/57 ünvanında 170 saylı mənzildə “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Aktda mənzilin qapısını xanım açdığı, qonaq olduğunu və ev yiyəsi gələndə ona deyəcəyi qeyd edilmişdir; 4 fevral 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 51/57, mənzil 170 Cavabdeh tərəfindən X1; İddiaçı MMC-nin (“K@TV1”) 14 iyun 2022-ci il tarixli, 251 nömrəli arayışına əsasən İddiaçı MMC ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 51/57 ünvanında 170 saylı mənzildə yaşayan X4 arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 09 fevral 2013-cü il tarixdə bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, 01 oktyabr 2013-cü il tarixinədək isə son ödəməsini etmiş, 23 noyabr 2013-cü il tarixində 9 manat borc ilə şəbəkədən ayrılmışdır; İşdə olan CD-diskə əlavə edilmiş video yazıdan görünür ki, ağ qapısı olan mənzilə kabel televiziyasının qanunsuz olaraq çəkildiyi aşkar edilir; 03 iyun 2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 100 manat məbləğində pul ödənilmişdir; 08 iyun 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 51/57 ünvanında 170 saylı mənzildə yaşayan X4 arasında “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulma ilə bağlı müqavilə bağlanmış, 09 fevral 2013-cü il tarixdə həmin ünvan şəbəkəyə qoşulmuş, 01 oktyabr 2013-cü il tarixinədək isə son ödəməsini etmiş, 23 noyabr 2013-cü il tarixində 9 manat borc ilə şəbəkədən ayrılmışdır. İddiaçı hazırki iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC “K@TV1”-in, “Ədalət-A” hüquq firmasının əməkdaşları və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən tərtib olunan aktlara əsasən yuxarıda qeyd olunan ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Qanunsuz qoşulmalar icra edilən zaman həmin mənzilin sahibi cavabdeh olmuşdur. Buna görə də iddiaçı vurulmuş zərərin əvəzinin və digər xərclərin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin müvafiq müqavilə bağlamadan qanunsuz olaraq ona məxsus kabel şəbəkəsinə qoşulması halını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair 0617 N saylı, 26 aprel 2014-cü il tarixli və 2800 N saylı, 12 mart 2015-ci il tarixli aktlar iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdir. Həmin aktlara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən imza edildiyi göstərilsə də, bunu təsdiq edən sənəd (xidməti vəsiqə və s.) aktlara əlavə edilməmişdir. Həmin aktların tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş video yazıda televiziya kabelinin məhz cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus şəbəkəyə qoşulması, habelə həmin kabelin cavabdehin mənzilinə çəkilməsi aşkar deyildir. Beləliklə, iddiaçı tərəfindən cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması barədə başqa sübutlar təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi göstərdiyi faktiki halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia və ona söykənən xərc tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-4325/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4325/2022
12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver