Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4326/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd krediti üzrə 1364.49 manat əsas borcu olmaqla, cəmi 1364.49 manat borcu və ödənilmiş 33.65 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə X3 arasında bağlanmış 1479-xx.xx.2017- SM153 nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən X2 illik 27 faizlə 31 ay müddətinə 1400 manat məbləğində kredit verilmişdir. 901006 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təqdim edilmiş 458 saylı, xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X1 vərəsəsi kimi tanınmış və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2025-ci il tarixə borc alanın Banka 1364.49 manat əsas borcu olmaqla, cəmi 1364.49 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında tərəflərindən xx.xx.2025-ci il tarixdə bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilmişdir. Beləliklə, borc alanın müqavilə üzrə kredit borcu mirası qəbul etmiş vərəsə tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 1364.49 manat olduğundan, tərəflərindən 33.65 manat dövlət rüsumu və bank xidməti haqqı ödənilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin qərara əsasən vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin ona qarşı olan “pul” tələbinə dair iddasını qəbul etmir. Krediti yoldaşı götürüb, sonra o, rəhmətə gedibdir. Onu bankdan çağırıb pul tələb ediblər, yoldaşının rəhmətə getdiyini bildirdikdə, rəsmi ödəniş mümkün olmadı, sonra yoldaşının ölüm haqqında şəhadətnaməsini tələb etmiş və ona demişlər ki, sığorta ödəyəcəkdir. Artıq 8 il müddət ötüb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz edərək bildirmişdir ki, 02 iyul 2025-ci il tarixli "xxxx"ndan çıxarışı və "xxxx" Sığorta Şirkətinin “sığorta ödənişinin verilməsindən imtina barədə” məktubu təqdim edərək bildirirəm ki, biz iddia tələbimizi müdafiə edirik. İddia müddətini ötürməmişik. Belə ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etsə də, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2024-cü il tarixdə verilmişdir. Belə olan halda onların tələbetmə hüquqları 2024-cü ildə yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müdafiə etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" ASC-nin Binəqədi filialı ilə X3 arasında bağlanmış 1479-xx.xx.2017- SM153 nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsindən görünür ki, X2 illik 27 faizlə 31 ay müddətinə 1400 manat məbləğində kredit verilmişdir. 1479-xx.xx.2017-SM153 nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X3 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 66,30 manat olmaqla, xx.xx.2020-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. AZ-İ seriyalı 901006 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 09 ayının 06 günündə 1436 № ilə qeyd edilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 28 noyabr 2017-ci il tarixli məktubdan görünür ki, şirkət tərəfindən xx.xx.2017-ci il tarixli M-Lİ P 112965/17 nömrəli kredt götürən şəxslərin həyat sığortası şəhadətnaməsi üzrə sığortalanmış X3 “baş bronxların bədxassəli yeni törəməsi” səbəbindən vəfat etmişdir. Sığorta şəhadətnaməsinin tərkib hissəsi sayılan xx.xx.2017-ci il tarixli kredit götürən şəxslərin həyatının sığortalanması üzrə ərizə formasında sığortalı onda heç bir onkoloji xəstəliyin olmamasını öz imzası ilə təsdiq etmişdir. Lakin təqdim edilmiş tibbi sənədlərdən görünür ki, sığortalı xx.xx.2017-ci il tarixindən “malign epitelial tumor-karsino” diaqnozu ilə 35 nömrəli şəhər polinklinikasının onkoloji kabinetində dispanser qeydiyyatında olmuşdur. Ona görə də X1 vəfat etməsinə görə sığorta ödənişi həyata keçirilməsindən imtina edilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin 2V-935 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o, tam miras pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X2 verilmiş **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, - Yeni qaydalarla : AZ 1053, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. 16 may 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən borcalan X1 vərəsəsi Cavabdeh borcun 5 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 21 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən X1 1364,49 manat əsas borcu vardır. Həmçinin həmin maliyyə arayışına (ödəniş cədvəli) əsasən xx.xx.2025-ci il tarixdə kredit müqaviləsi üzrə 67 manat məbləğində ödəniş edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə X3 arasında bağlanmış 1479-xx.xx.2017- SM153 nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə, (mərhum) X2 illik 27 faizlə 31 ay müddətinə 1400 manat məbləğində kredit verilmiş, lakin X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Hazırda iddiaçı kredit müqaviləsi üzrə üzərinə öhdəlik götürmüş X1 hüquqi varisi Cavabdeh xx.xx.2025-ci il tarixə olan 1364,69 manat məbləğində ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasını məhkəmədən xahiş edir, Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(kredit müqaviləsinin bağlandığı dövrdə qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəlik götürmüş X3 vəfat etmiş, onun banka ödənilməli olan borcu "xxxx" ASC tərəfindən ödənilməsindən imtina edilmiş, Cavabdeh isə hüquqi varisi kimi tanınsa da, müqavilə üzrə tələb olunan borcu ödəməmişdir. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyun 2025-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur; Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Hazırki işdən isə müəyyən edilir ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə X3 arasında bağlanmış 1479-xx.xx.2017- SM153 nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsidən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 17 mart 2020-ci il tarixdə bitmişdir. Lakin həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı (borclu və ya onun hüquqi varisinə qarşı) 17 mart 2020-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı yalnız xx.xx.2025-ci il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı, bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmənin qənaətinə görə, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə ödəniş həyata keçirməsi də fərqli nəticəyə gəlməyə əsas vermir. Belə ki, həmin sübut iddia müddətinin axımını kəsməsinin dəlili kimi iddiaçının nümayəndəsi tərəfindən təqdim etsə də, cavabdeh həmin müqavilə üzrə hər hansı məbləğdə ödəniş etdiyini qəbul etməmişdir. Bu baxımdan məhkəmə işin həmin halını ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Belə ki, birincisi cavabdeh həmin ödənişi özünün həyata keçirdiyini təkzib etmiş, həmçinin həmin ödənişin məhz cavabdeh tərəfindən həyata keçirməsi barədə sübut (kassa mədaxil orderi və s.) təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4326/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4326/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver