Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4329/2022 16.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehdən azyaşlı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq əmək haqqının ¼ hissəsi miqdarında, o cümlədən aliment məbləğinin yaşayış minimumuna çatdırılması üçün qalan məbləği 53 manat stabil məbləğdə təyin edilməsi və tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tərəfdən iddia tələbinin məzmununda qeyri-müəyyənliyin aradan qaldırılması xahiş edilmiş, iddiaçının nümayəndəsi isə əmək haqqının dəyişməsindən asılı olaraq aliment məbləğinin 193 manata çatdırılmasının və ya həm hissəvi, həm sabit pul məbləğində tutulan alimentin 193 manatdan çox hissəsinin tutulmamasının icra qaydasında həyata keçirilməli olması barədə israr etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixində Abşeron rayon məhkəməsinin 2(012)- 4236/2021 saylı müvafiq qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmaqla, Cavabdeh xx.xx.2021-ci il tarixindən başlayaraq azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat stabil pul məbləğində və uşağın 3 yaşına çatanadək əlavə xərcləri üçün 50 AZN stabil pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Alimentlərin ödənilməsi İbişov tərəfindən vaxtlı-vaxtında həyata keçirilmişdir. Lakin, hazırda iddiaçı tərəfin hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə mövqeyi ondan ibarətdir ki, aliment məbləği artırılaraq cavabdehin əmək haqqın yönəlməli və həmin məbləğdən tutulmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hazırda 175 manat sabit pul məbləğində aliment ödəyir. Alimentin məbləği artırılarsa sabit pul məbləğində tutulmasını xahiş edir. Belə ki, hazırda 520-530 manat məbləğində əmək haqqı alır. Əmək haqqının məbləği aylar üzrə dəyişir. İddiaçı ilə 2021-ci ilin noyabr ayında boşanmışlar. 2022-ci ilin may ayına kimi iddiaçıya 225 manat məbləğində aliment ödənişi etmişdir. May ayında uşaqları 3 yaşına çatdığından 50 manat aliment tutulması dayandı və ondan cəmi 175 manat sabit pul məbləğində aliment tutuldu. Həmin vaxt çətinliklə 225 manat məbləğində alimenti ödəmişdir. Hətta bankdan kredit götürüb, kartından aliment ödənişini etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, aylıq əmək haqqı 560 manatdır. Əmək haqqının ¼ hissəsində yəni 140 manat məbləğində aliment ödənişi etməyə razıdır. Hazırda banklara- "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə də ödənişlər edir və gəliri aşağıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(012)-4236/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 04 fevral 2017-ci il tarixində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 220 saylı nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X1 İddiaçı (ananın) yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment, habelə xx.xx.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 50 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.
9. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən sorğulanmış məlumata əsasən, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində inspektor vəzifəsində çalışır və aylıq əmək haqqı 560 manat təşkil edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh ilə İddiaçı arasında 04 fevral 2017-ci il tarixində nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur.
11. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(012)-4236/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulan xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmış və X2 yetkinlik yaşına çatanadək İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment, habelə xx.xx.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 50 manat məbləğində pul vəsaiti tutulmuşdur.
12. İddiaçı ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, cavabdehdən əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulmasını xahiş etsə də, cavabdehin rəsmi əmək haqqının 560 manat olması və ¼ hissəsi tutulacağı təqdirdə aliment məbləğinin 140 manat olacağı müəyyən edildikdə, iddia tələbini dəqiqləşdirmiş və cavabdehdən əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulmasını tutulan məbləğin yaşayış minimumu həddinə çatdırılması üçün 53 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh ilk olaraq aliment məbləğinin əmək haqqının ¼ hissəsi miqdarında tutulmasına razılığını bildirsə də, sonuncu məhkəmə iclasında aliment məbləği artırılacağı təqdirdə sabit pul məbləği həddində tutulmasını xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verilməlidir.
15. Belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin həm hissəvi, həm də sabit pul məbləğində tutulmasını tələb etməklə, faktiki olaraq 175 manat tutulan alimentin artırılaraq 193 manata çatdırılmasını arzu edir.
16. İddia tələbini isə Ailə Məcəlləsinin 78 və 112-ci maddələri ilə əsaslandırır.
17. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
19. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
20. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur;
21. 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
22. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
23. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
26. Sadalanan normaların və Konstitusiya Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi baxımından qeyd edilməlidir ki, iddiaçı nəticə etibarı ilə tutulan alimentin miqdarının artırılmasına nail olmağa çalışsa da, o həmçinin alimentin tutulma qaydasını da dəyişmək istəmişdir. Halbuki hazırki mübahisədə bunun üçün əsas yox idi. Belə ki, əvvəlki məhkəmə qətnaməsi ilə tutulan aliment onsuz da sabit pul məbləğində olmuş və cavabdehin əmək haqqının ¼ hissəsindən yüksək miqdarda tutulmuşdur. Halbuki Ailə Məcəlləsinin 112-ci maddəsi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı cavabdehin əmək haqqının daha çox olması ehtimalından çıxış edərək alimentin hissəvi müəyyən edilməklə artırılmasını tələb etsə də, sonradan əmək haqqının ¼ hissəsinin nəinki yaşayış minimumundan, hətta müəyyən edilmiş alimentdən də az olmasını müəyyən etdikdən sonra sonuncu formada tələbini dəyişmişdir. Lakin məhkəmə iddiaçının tələbini ona görə qismən əsaslı hesab edir ki, əvvəla tələb icra mexanizmi nəzərdə tutulmayan qeyri-müəyyən formadadır, eyni zamanda Ailə Məcəlləsinin 78.1 və 112-ci maddələrinin tələblərinə uyğun deyildir.
27. Belə ki, əvvəla iddia tələbinin yuxarı və aşağı həddi 193 manatla məhdudlaşmasına baxmayaraq, gələcəkdə əmək haqqının artdığı təqdirdə əlavə olaraq sabit pul məbləğində tutulan aliment qətnamə ilə müəyyən edilmiş hüquqi nəticəyə uyğun olmayacaqdır. Belə ki, irəli sürülən tələb formasında qəbul ediləcək qətnamənin hüquqi müəyyənlik prinsipi baxımından icra mexanizmi qeyri-mümkündür. Eyni zamanda qeyd edilməlidir ki, alimentin həm hissəvi, həm də sabit pul məbləğində tutulmasını mümkün edən hallar yaşayış minimumu meyarı ilə bağlı deyildir. Lakin iddiaçının nail olmağa çalışdığı hüquqi nəticəni və cavabdehin yaşayış minimumu həddində aliment ödəməyə razılığını nəzərə alaraq məhkəmə o qənaətə gəlir ki, qətnamə ilə tutulan aliment məbləği artırılmalı və 193 manat miqdarında müəyyən edilməlidir.
28. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
29. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
31. 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.
32. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
36. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
37. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
38. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(012)-4236/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
40. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(012)-4236/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev