Məhkəmə qərarları › İş №e-2(001)-4331/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4331/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4331/2025 08.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi ilə, iddiaçı – İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh – Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 5414,77 AZN məbləğində kredit verilmişdir.

2. Kreditin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır.

3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən cavabdeh X1 xx.xx.2025-ci il tarixinə 4574,22 AZN əsas, 46,74 AZN faiz, cəmi 4620,93 AZN borcu vardır.

4. İddiaçı 4574,22 AZN əsas, 46,71 AZN faiz borcu olmaqla, cəmi 4620,93 AZN pul vəsaitinin və 66,21 AZN dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 5414,77 AZN məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər üzərlərinə götürdükləri müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Belə ki, cavabdehlər xx.xx.2024cü il tarixli kredit müqaviləsinin şərtlərini pozmuş və nəticədə onların xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 4574,22 əsas, 46,71 AZN faiz borcu olmaqla, cəmi 4620,93 AZN borcu yaranmışdır. Cavabdehlər İddiaçı ASC tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmalarına, eləcə də onlara rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir.

Cavabdehin etirazları:

6. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli RGTK9257760B207 saylı müqavilədən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli razılıq ərizəsindən müəyyən edilir ki, Cavabdeh2 müqavilənin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirdikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli RGTK9257760B207 saylı kredit müqaviləsinə əlavədən müəyyən edilir ki, Cavabdeh2 illik 18% olmaqla 36 ay müddətinə 5417,77 AZN kredit verilmiş və ödəniş qrafikində göstərilmiş tarixlərdə ödəniş etməsi qeyd edilmişdir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən müəyyən edilir ki, eyni tarixli kredit müqaviləsində razılaşdırılmış kredit məbləği Cavabdeh2 verilmişdir.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Z-RGTK9257760B207 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müaviləsi bağlanmışdır.

12. İş materiallarında olan cavabdehlərə göndərilimiş xx.xx.2025-ci il tarixli, 15- 554-16/MH16605 saylı bildirişdən müəyyən edilir ki, kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2025-ci il tarixə əsas borc məbləği 4884,34 AZN, faiz borcu məbləği isə 129,93 AZN olmaqla, ümumilikdə 5014,27 AZN borcu və gecikmə günü 112 gün olmaqla 518,26 manat məbləğində gecikmə borcu yaranmışdır.

13. İş materiallarında olan İddiaçı ASC tərəfindən göndərilmiş 554 saylı bildiriş reyestrindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli, 15-554-16/MH16605 saylı bildiriş cavabdehlərin qeydiyyatda olduqları ünvanlara göndərilmişdir.

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 015/01501 saylı maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 4574,22 AZN əsas, 46,71 AZN faiz borcu omaqla, cəmi 4620,93 AZN borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. - Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. - Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. - Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - Maddə 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. - Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 284.1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilirş - Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır.

18. İşin mübahisəsiz halları ilə də müəyyən edilir ki, iddiaçı ilə Borcalan arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmış, Bank müqavilə ilə razılaşdırılmış pulu cavabdehə müqavilədə qeyd edilən şərtlərlə kreditə vermişdir. Bank ilə cavabdeh arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil.

19. Lakin Borcalan kredit müqaviləsi üzrə öhdəliyini pozaraq müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun ödənişləri həyata keçirməmişdir.

20. İddiaçının verdiyi maliyyə arayışından da cavabdehin müqavilə üzrə əsas borcunun 4574,22 manat, faiz borcunun 46,71 manat, cəmi 4620,93 manat borcunun olması müəyyən edilmişdir.

21. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək razılaşdırılmış pul məbləğini Cavabdeh2 vermiş, lakin cavabdeh aldığı pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddət ərzində iddiaçıya qaytarmamaqla öhdəliyini pozmuşdur.

22. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, həmin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

23. Məhkəmə eyni zamanda, iddia tələbinin Cavabdeh1 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh2 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır.

24. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə alınmış kreditə görə Cavabdeh1 zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, Cavabdeh1 da Cavabdeh2 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.

25. Məhkəmə həmçinin, iddianın 66,21 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla da dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

26. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

27. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏ HİSSƏSİ:

28. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5, 284-6, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 4574,22 manat əsas borc, 46,71 manat faiz borcu olmaqla, cəmi 4620,93 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 66,21 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündın 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar