Məhkəmə qərarları › İş №e-2(001)-4354/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4354/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4354/2022 25.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2.431,77 manat əsas, 372,88 manat faiz, cəmi 2.804,65 manat pul vəsaitinin və 48,04 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 28 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 2.486,18 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 02 iyun 2022-ci il tarixə İddiaçı ASC-yə 28 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2.431,77 manat əsas, 372,88 manat faiz, cəmi 2.804,65 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh tərəfindən bildiriş rəsmi qaydada qəbul edilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2021-ci il tarixli, RGTK3984184A115 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, kreditor borcalana 36 ay müddətinə illik 20% faiz dərəcəsilə 2.486,18 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür; 28 iyul 2021-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 2.486,18 manat məbləğində krediti təhvil almışdır; 14 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 iyun 2022-ci il tarixə İddiaçı ASC-yə 2.431,77 manat əsas, 372,88 manat faiz, cəmi 2.804,65 manat borcu yaranmışdır; 25 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin 5 (beş) təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks halda banka borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanununlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyi barədə xəbardar edilmişdir; 10 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 48,04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməli, 28 iyul 2021-ci il tarixli, RGTK3984184A115 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas məbləğ üzrə 2.431,77 manat, faiz üzrə 372,88 manat, cəmi 2.804,65 manat məbləğində borc və 48,04 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. 28 iyul 2021-ci il tarixli, RGTK3984184A115 saylı müqavilə üzrə Cavabdeh 2.431,77 (iki min dörd yüz otuz bir manat, yetmiş yeddi qəpik) manat məbləğində əsas və 372,88 (üç yüz yetmiş iki manat, səksən səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2.804,65 (iki min səkkiz yüz dörd manat, altmış beş qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 48,04 (qırx səkkiz manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar