Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-436/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Camaləddin oğlunun, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə vurulmuş zərərin əvəzi olaraq 17.999 (on yeddi min doqquz yüz doxsan doqquz) manat məbləğində pul tutularaq İddiaçı Cəmaləddin oğluna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı sonradan tələbini yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin məbləğindən asılı olmayaraq, onun təmirinin müvafiq olaraq “Lexus” servisində təmir elətdirilməsinin cavabdehə həvalə edilməsi kimi dəyişdirilməsini xahiş etsə də, məhkəmənin müvafiq qərardadı ilə ərizə qəbul edilməmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “BMW 5281” markalı **-RY-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə hərəkət edərkən ona məxsus baş etibarnamə ilə qardaşının istifadəsində olan və idarə etdiyi “LEXUS LX 470” markalı **-SX-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq qəza törətmişdir. Nəsimi RPİ TŞ-də aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi“BMW 5281” markalı **-RY-*** dövlət nömrə nişanlıavtomobil ilə Bakı şəhəri Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə hərəkət edərkən işıqforun qadağanedici“Qırmızı” işığının tələblərinə riayət etməyərək hərəkət etmiş, S.Vurğun küçəsi ilə sağdan gələn Nümayəndə idarə etdiyi “LEXUS LX 470” markalı 10-SX565 dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası “X2” Qanunun 59-cu maddəsinin 3-cü bəndinin 5-ci hissəsnin və həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinin tələblərini pozaraq hənin hərəkəti ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibini yaratmışdır və xx.xx.2023-cü il tarixlicinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla barəsində inzibati məsuliyyət tədbiq edilməsi üçün qərarın surəti Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nəsimi rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli ******* saylı inzibati X1 göründüyü kimi Cavabdeh İXM-nin 327.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə tənbeh növünə məruz qalmışdır. Həmin yolnəqliyyat hadisəsi nəticəsində mənə məxsus baş etibarnamə əsasında qardaşımın istifadəsində olan, onun idarə etdiyi “LEXUS LX 470” markalı **-SX-*** dövlət nömrə nişanlıavtomobilim zədələnmişdir. Toyota Bakı Mərkəzi MMC servisinə müraciətimiz əsasında aparılmış müəyinə zamanıavtomobildə qeyd edəcəyim zədələr aşkar edilərək, avtomobilə 17999.00 manat zərər dəydiyi müəyyən edilmişdir. Avtomobilin təmiri ilə əlaqədar dəfələrlə cavabdehə müraciət etsək də heç bir müsbət nəticə alınmamışdır. Avtomobilin müayinəsi üçün servisə tərəfimizdən 600 manat ödənilmişdir. Hal-hazırda avtomobilimiz qəzalı vəziyyətdə olduğu üçün istifadəyə yararsızdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(qardaşı) iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, avtomobil Lexus servisin özündə müayinə olunub, köhnə maşın olduğundan detalları çətin tapılır, ona görə detallar bahadır, avtomobilin 150-160 min yürüşü vardır, bu günə kimi avtomobilin bütün detallarını lexus servisdən alıb tanıdığı ustalara təmir elətdirmişdir, avtomobil 1998-ci il istehsalıdır, qardaşına təcili pul lazım olduğu üçün avtomobili 2 dəfə satışa qoymuşdur, qarşı tərəfin detalların və təmirin onlar tərəfindən təmin edilməsi ilə bağlı təklifinə detalların sazlığı, hansı ölkənin istehsalı olmasının qeyri-müəyyən olduğuna görə razılıq verməmişdir, qəzaya qədər avtomobilin vuruğu olmamışdır, mübahisələndirilən arxa buferi özü də düzəltdirə bilər.
5. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclaslarında iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianı müdafiə etmişdir.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında bildirmişdir ki, iddianı qismən qəbul edirlər, cavabdehin avtomobilinin 2015-ci il buraxılışlı olmasına baxmayaraq, ona cəmi 7000 manat xərcləri çıxmışdır, iddiaçı tərəf isə daha köhnə və ucuz avtomobilə 18000 manat zərər tələb etməklə əsassız varlanmaq istəyir, hansı ki, elə avtomobilin bazar qiyməti 18-20 min manat təşkil edir. Sonuncu məhkəmə iclasında isə iddianı 5000-6000 manat məbləğində ziyanın ödənilməsi hissəsində qəbul etdiklərini və bundan artıq məbləğdə ödəməyə güclərinin olmadığını bildirdi.
7. Cavabdehin digər nümayəndəsi, Vəkil3 da iddianı qismən qəbul etdiklərini, avtomobilin cavabdehin də təmir elətdirdiyi servisdə təmir edilməsi barədə təklifdən iddiaçının imtina etdiyini, iddiaçının onlara avtomobilini yalnız Lexus servisdə təmir edilməli olduğunu dediyini bildirmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan **-SX-*** qeydiyyat nişanlı, “Lexus LX 470” minik markalı, 1998-ci il buraxılışlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmin yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehin avtomobilinin icbari sığortası olmamışdır. Toyota Bakı Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktına görə avtomobilin dəyişilməli olan ehtiyat hissələrinin qiyməti 10385.59 manat, təmir xərcləri 4867.8 manat, ƏDV 2745.61 manat olmaqla, avtomobilə dəymiş zərər cəmi 17999 manat məbləğində qiymətləndirilmişdir. Həmin qiymətləndirməyə görə iddiaçı tərəfindən "xxxx" MMC-yə 600 manat vəsait ödənilmişdir.
9. Dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı 2 dəfə əmtəəşünaslıq ekspertizası keçirilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Hesabatından görünür ki, ekspert qüsur aktını eyni ilə təsdiq etmiş və ƏDV-ni çıxmaqla, eyni zamanda evakuator xidməti və.s xərclər(1525 manat) də nəzərə alınmaqla nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün yuvarlaq hesabla 16780 manat xərcin tələb olunduğunu müəyyən etmişdir.Həmin tədqiqat avtomobilə baxış keçirilməklə həyata keçirilmiş və avtomobilin yürüşünün 166296 km olduğu müəyyən edilmişdir.
10. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən edilir ki, metodika üzrə minik avtomobillərinin 1 illik istismarına 2-6%-dək aşınmanı nəzərə alaraq, 1998-ci il buraxılışlı mühərrik həcmi 4700 sm, Lexus markalı, LX 470 model, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin istismarına təxminən 50% amortizasiya aşınması tətbiq edilmişdir. Həmin aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 6127.5 manat, təmir bərpa işlərinin qiyməti isə 1850 manat olmaqla, dəymiş zərərin məbləğinin 7977.5 manat olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı əsasında aparılmışdır.
11. İddiaçı tərəf avtomobilin 1998-ci il buraxılışlı olduğuna görə ehtiyat hissələrinin çətin tapıldığına, onun işlənmiş ehtiyat hissələrinin olmadığına əsaslanaraq, yalnız yeni ehtiyat hissələri ilə əvəz edilməsinin və bunun da yalnız rəsmi servisdən əldə etməyin mümkün olduğunu bildirərək iddiasını müdafiə edir.
12. Cavabdeh tərəf isə 1998-ci il buraxılışlı avtomobilin bazar qiymətinə uyğun həddə zərər tələb edilməsini əsassız hesab edir və iddianı 6000 manat məbləğində qəbul edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
13. Əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
14. İşin müəyyən edilmiş faktiki hallarından məlum olur ki, iddia tələbinin qanuni əsasını delikt nəticəsində vurulmuş zərərin ödənilməsidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
17. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
18. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
19. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
20. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
21. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
22. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir
23. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
24. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, Cavabdeh hüquqa zidd əməli nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Yəni işin halları ilə zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması sübut edilmişdir. İşin mübahisələndirilən halı zərərin məbləği ilə bağlı olmuş və mötəbər sübut kimi qəbul edilən ekspert rəyi ilə vurulmuş zərərin həcmi müəyyən edilmişdir.
25. Məhkəmə ekspert rəyini hazırki mübahisədə ona görə mötəbər sübut kimi qəbul edir və iddiaçının tələbini ona görə qismən əsaslı hesab edir ki, əvvəla zərər vurulan nəqliyyat vasitəsinin dəyişilməli olan ehtiyat hissələrinə aşınma tətbiq edilmədən qiymət müəyyən edilməsi, tələbin məhz Lexus servisin qiymətlərinə mütənasib olaraq əsaslandırılması vicdanlılıq prinsipinə uyğun deyildir. Çünki iddiaçının mübahisəyə qədər nə vaxtsa nəqliyyat vasitəsini Lexus Servis mərkəzində təmir elətdirmiş olması, həmin rəsmi mağazadan ehtiyat hissəsi alması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Bundan başqa hamıya bəllidir ki, rəsmi servis qiymətləri digərləri ilə müqayisədə daha bahadır. Yəni bu aspektdən yanaşdıqda iddiaçının məhz qüsur aktını "xxxx" MMCdən alması, bunun üçün 600 manat ödəniş etməsi, həmin məbləğləri də cavabdehdən tələb etməsi qeyd edilən prinsipə uyğun hesab edilə bilməz. Belə ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir.
26. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddiaçıya vurulmuş zərərin həcmi ekspert rəyinə uyğun olaraq 7977.5 manat həcmində müəyyən edilməli və həmin vəsait delikt törətmiş şəxsdən iddiaçının xeyrinə tutulmalıdır. Tətbiq edilən prosessual normalar:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;
31. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir;
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
33. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır;
34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
35. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi qismində Cavabdeh 7977.5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Cəmaləddin oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri
36. İddianın təmin edilmiş hissəsinə münasibətdə dövlət rüsumunun əvəzi qismində 65 manat, vəkilin göstərdiyi hüquqi xidmətə görə isə mübahisənin mahiyyətini, işin mürəkkəbliyini, məhkəmə iclaslarının sayı nəzərə alınmaqla 200 manat vəsait Cavabdeh tutularaq İddiaçı Cəmaləddin oğluna ödənilməlidir.
37. Ekspertiza tədqiqatının dəyəri olan 60 manat vəsait isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
38. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Vurulmuş zərərin əvəzi qismində Cavabdeh 7977.5 (yeddi min doqquz yüz yetmiş yeddi manat, əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Cəmaləddin oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi qismində 65 (altmış beş) manat, vəkilin göstərdiyi hüquqi xidmətə görə isə 200(iki yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı Cəmaləddin oğluna ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat vəsait Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev