Məhkəmə qərarları › İş №e-2(001)-4368/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4368/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4368/2021 06.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 20.03.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-4.1.2-ci və 284-4.1.4-cü maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1ci maddəsinə uyğun deyildirsə və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, aliment alınması haqqındakı iddialar üzrə iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu qaydada aparılmış hesablama ilə hazırki iddianın qiyməti (175 x 12 = 2.100) 2.100 manat təşkil etmiş olur. Digər tərəfdən iddia üzrə tələb edilən məbləğdə alimentin tutulmasının mümkünlüyü tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla araşdırılmalıdır. Bu da həm məbləğ, həm də qeyd edilən halların araşdırılmasının zəruriliyi baxımından hazırki ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmasını qeyri-mümkün edir və ərizənin qəbul olunmasından imtina edilməsi üçün əsas yaradır. Bununla belə hesab edirəm ki, hazırki ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil və bu səbəbdən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar