Məhkəmə qərarları › İş №e-2(001)-4384/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4384/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4384/2024 11.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi ilə İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 4576,37 AZN faiz borcu: 360.36 AZN, cərimə borcu: 126.57 AZN cəmi borc: 5063.30 AZN manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 70.63 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC və Cavabdeh arasında 288335 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 6000 (altı min) manat məbləğində pul ayrılmışdır və о, 36 (otuz altı) ay müddətində illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında isə cavabdeh izahatında bildirmişdir ki, krediti götürdükdən bir müddət sonra işdən çıxdığı üçün kredit ödənişlərini ödəyə bilməmişdir. Əsas borcu qəbul edir, lakin faiz və cərimə borclarını imkanı olmadığı üçün ödəyə bilməyəcəkdir. O, hazırda da iş görüşməsindən gəlir və işə düzələn kimi krediti ödəyəcəkdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. X1 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli, 288335 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, 36 ay müddətinə illik 14 % dərəcəsi ilə 6000 manat məbləğində kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür.

7. 13 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli, 288335 saylı kredit müqaviləsinə əsasən cavabdehin “X1 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə 4576,37 manat, faiz borcu üzrə 360,36 manat, cərimə borcu üzrə 126,57 manat, olmaqla cəmi 5063,30 manat borcu vardır;

8. 29 noyabr 2023-cü il tarixli Bildiriş-Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “X1 Azərbaycan” QSC-yə olan borcunu 5 iş günü müddətində icra etməməsi təqdirdə kredit borcunun ödənilməsi məqsədi ilə aidiyyatı orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir;

9. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 70,63 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında 20 dekabr 2022-ci il tarixli, 288335 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh illik 14 faiz dərəcəsini ödəmək şərtilə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir.

11. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etməmişdir, nəticədə cavabdehin banka əsas məbləğ üzrə 4576,37 manat, faiz borcu üzrə 360,36 manat, cərimə borcu üzrə 126,57 manat olmaqla, cəmi 5063,30 manat borcu yaranmışdır.

12. Cavabdeh isə kredit məbləğini aldığını qəbul edir, lakin işdən çıxdığına görə ödənişləri edə bilmədiyini və hazırda da imkanı olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

16. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

21. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

22. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

23. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

25. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh(borcalan) Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, cavabdehin borcu mövcuddur. Eyni zamanda iş materiallarında olan sənədlərdən və kredit müqaviləsinin şərtlərindən yaranmış borcun əsaslılığını şübhə altına alacaq hər hansı hal müəyyən edilmir. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

30. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

31. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, 288335 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 4576,37 manat, faiz borcuna görə 360,36 manat, cərimə borcuna görə 126,57 manat olmaqla, ümumilikdə 5063,30 manat məbləğində pul vəsaiti, həmçinin 70,63 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 288335 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 4576,37 manat, faiz borcuna görə 360,36 manat, cərimə borcuna görə 126,57 manat olmaqla, ümumilikdə 5063,30 (beş min altmış üç manat, otuz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 70,63 (yetmiş manat, altmış üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar