Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4417/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 25414,53 manat məbləğində əsas borcun, 4602,82 manat məbləğində faiz borcunun, cəmi 30017,35 manat borcun və 181 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 09 mart 2021-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 23 % olmaqla 26500 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır. Beləliklə kredit müqaviləsinin tələblərini pozaraq, üzərinə düşən öhdəliyin icrasından yayınır. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd, kredit alanını şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyətinin olmasını təsdiq edən etibarnamə, bank əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətdə hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə” reyestrdən çıxarış əlavə edilmişdir. Cavabdeh2 həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birlikdə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Hazırda cavabdehin təqdim etdiyi qəbzdən görünür ki, 500 manat ödəniş etmişdir. Borclu tərəfindən sonuncu dəfə edilən ödəniş faiz borcundan çıxılmışdır. Hazırda borcun hissə-hissə ödənilməsi bank üçün əlverişli deyildir. İcra mərhələsindən borcun ödənilməsi ilə bağlı məsələ müzakirə edilə bilər.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, borcu bir dəfəlik ödəmək imkanı yoxdur. Lakin ayda 500 manat və daha yüksək məbləğdə ödənişlər edə bilər. Odur ki, hazırda tələb edilən borcu hissə-hissə ödəyə bilər.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, banka borcunun olduğunu qəbul edir. Digər cavabdeh onun məşqçi yoldaşıdır. Krediti arvadı onkoloji xəstə olduğu üçün onun əməliyyatına görə, həmçinin uşaqlarının təhsili üçün götürmüşdür. Həmin vaxt “Sabah” futbol klubunda baş məşqçi təyin olunmuşdu və maaşı yüksək idi. İşdən azad olunandan sonra bir müddət işsiz qalmış və krediti ödəyə bilməmişdir. Bununla bağlı banka müraciət etmişdir ki, aylıq ödənişləri azaldılsın. Lakin ona imtina cavabı verilmişdir. 6-7 ay işsiz qaldığı müddətdə aylıq 100-200 manat olmaqla banka ödəniş etmişdir. Artıq yeni müqavilə bağlayaraq işləməyə başlamışdır və gələn aydan banka ödənişləri bərpa edə bilər.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər cavabdehin dedikləri ilə razı olduğunu və əlavə izahatının olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 mart 2021-ci il tarixli, CP/52334/79/23 saylı kredit sazişinə əsasən əsasən bank Cavabdeh1 36 ay müddətinə, illik 23 % ödəmək şərtilə, aylıq ödəniş 1025,81 manat olmaqla 26500 manat kredit verməyi, Cavabdeh1 isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. İlkin ödəniş tarixi 09 aprel 2021-ci il, sonuncu ödəniş tarixi 11 mart 2024-cü il olaraq müəyyən edilmişdir. Zamin Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 mart 2021-ci il tarixli, CP/52334/79/23 saylı kredit sazişi üzrə kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.
8. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 25414,53 manat əsas, 4602,82 manat faiz borcu vardır.
9. İddiaçı ASC tərəfindən təqdim edilən 09 mart 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 09 mart 2021-ci il tarixində 26500 manat məbləğində kredit verilmişdir.
10. İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətinə əsasən cavabdehlərə 09 mart 2021-ci il tarixli, CP/52334/79/23 saylı kredit sazişi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 3 iş günü ərzində ödənilməsi əks təqdirdə vaxtından əvvəl olaraq kredit müqaviləsinin ləğv ediləcəyi və bütün borc məbləğinin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 500 manat ödəniş edilmişdir.
12. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 25414,53 manat əsas, 5077,22 manat faiz borcu hesablanmışdır.
13. İddiaçı ASC tərəfindən təqdim edilən 05 sentyabr 2022-ci il tarixli, 1084 №-li qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 500 manat ödəniş edilmişdir.
14. xx.xx.2022-ci tarixində iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 181 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
15. İddiaçı ASC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında 09 mart 2021-ci il tarixli, CP/52334/79/23 saylı kredit sazişi imzalanmış və müqaviləyə 1 saylı əlavəyə əsasən bank Cavabdeh1 36 ay müddətinə, illik 23 % ödəmək şərtilə 26500 manat kredit verməyi, Cavabdeh1 isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Kredit sazişi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunmuş və cavabdeh – zamin Cavabdeh2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Kredit məbləği borcalan Cavabdeh1 tərəfindən qəbul edilmişdir və bu barədə mübahisə yoxdur. Borcalan kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli ilə razılaşmış və xx.xx.2021-ci il tarixdən xx.xx.2024-ci il tarixədək hər ay 1025.81 manat(sonuncu ay 1044.99 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. İddia ərizəsi məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixədək borcalan tərəfindən xx.xx.2021-ci il tarixdə 1100 manat, xx.xx.2021-ci il tarixdə 520 manat, xx.xx.2021-ci il tarixdə 534 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş edilmişdir. Ödənişlərin bir qismi əsas borcdan, bir qismi faiz borcundan, bir qismi isə cərimə borcundan silinmişdir. Kredit müqaviləsinin müddətinin bitmədiyi üçün bank məhkəmə icraatı dövründə də faiz hesablamış və xx.xx.2022-ci il tarixdə tərtib etdiyi maliyyə arayışında borcalanın xx.xx.2022-ci il tarixdə etdiyi 500 manat məbləğində ödənişi də nəzərə almaqla faiz borcunun 5077.22 manat olduğunu göstərmişdir. Daha sonra , yəni 05 sentyabr 2022-ci il tarixdə borcalan tərəfindən edilmiş 500 manat məbləğində ödəniş bank tərəfindən nəzərə alınmamış və tələb nə artırılıb, nə də azaldılmamışdır.
16. Borcalan kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra edə bilməməsini qəbul edir və bunu işdən çıxmağına görə maliyyə vəziyyətinin çətinliyi ilə əsaslandırır. Eyni zamanda borcalan kreditora hissə-hissə ödəniş edilməsi barədə razılığa gəlməyi təklif etmiş və bu təklif kreditor tərəfindən qəbul edilməmişdir. Zamin olan digər cavabdeh isə iddianın əsaslılığı ilə bağlı mübahisə etməmiş, borcalanın izahatının dəlilləri ilə razı olduğunu ifadə etmişdir.
17. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 181 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. İddiaçı tələbini müqavilədən irəli gələn öhdəliyin pozulması ilə əsaslandırır və müqavilənin ləğv edilməsi ilə öhdəliyin icrasını tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
21. 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
22. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
23. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər;
24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
25. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
26. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
27. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
28. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
29. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
30. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
31. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
32. Sadalanan normaların məzmunundan da göründüyü kimi öhdəliyin yaranma əsaslarından biri müqavilədir və müqavilə tərəfləri qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini icra etməyə borcludurlar.
33. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi etibarlılığı mübahisələndirilməyən kredit və zaminlik müqavilələrinə əsasən tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kreditor müqavilə üzrə öhdəliyini icra etsə də, borcalan və zamin öhdəliyini lazımi qaydada icra edə bilməmişdir. Belə ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir və kreditoru müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etməklə ona zərər vurmuşdur. Halbuki borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bu səbəbdən məhkəmə kreditorun borcun geri qaytarılması barədə tələbini əsaslı hesab edir.
34. Buna baxmayaraq məhkəmə tələb edilən borcun məbləğini qismən əsaslı sayır. Belə ki, məhkəmə icraatı dövründə kreditor tələb etdiyi borcun məbləği barədə 2 dəfə maliyyə arayışı tərtib etmiş və borclunun məhkəmə icraatı dövründə apardığı ödənişlərdən yalnız birini nəzərə almışdır. Bu baxımdan məhkəmə hesab edir ki, borcalan tərəfindən xx.xx.2022-ci il tarixdə edilmiş 500 manat məbləğində ödəniş və kreditorun yeni maliyyə arayışına əsasən tələbini artırmaması nəzərə alınmalı və həmin məbləğ tələb edilən faiz borcundan çıxılmalıdır.
35. Çünki tərəflər arasında bağlanan İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə bağlı müqavilənin 3.8-ci bəndindən görünür ki, kredit üzrə müştəri tərəfindən ödənilən məbləğ əgər bu şərtlərin xüsusi hissəsində hər hansı kredit məhsulu üzrə fərqli qayda müəyyən edilməmişsə, ilk növbədə banka dəyən zərərin, sonra hesablanmış cərimənin, komisyon haqların, kredit üzrə hesablanmış faizlərin ən nəhayət kreditin ödənilməsinə yönəlir. Bank bu bənddə göstərilən ödənilən məbləğin yönəldilməsi ardıcıllığından fərqli ardıcıllıq müəyyən edə bilər.
36. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, əsas borc məbləği barədə mübahisə olmadığından və cərimə və ya komisyon haqqı tələb edilmədiyindən kredit müqaviləsi üzrə əsas borcun məbləği 25414.53 manat məbləğində müəyyən edilməli, tələb edilən faiz borcu isə sonuncu ödənişə nisbətdə azaldılmalı, yəni 4102.82(4602.82-500) manat məbləğində müəyyən edilməlidir. Odur ki, həmin məbləğ borcalandan və onunla birgə məsuliyyət daşıyan zamindən tutularaq iddiaçıya ödənilməlidir.
37. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır.
38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
39. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:
41. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin:
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
45. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
46. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 09 mart 2021-ci il tarixli, CP/52334/79/23 saylı kredit sazişi ləğv edilməli, 09 mart 2021-ci il tarixli, CP/52334/79/23 saylı kredit sazişi üzrə əsas borca görə 25414,53 manat, faiz borcuna görə 4102,82 manat məbləğində pul vəsaiti, 181 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
47. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 09 mart 2021-ci il tarixli, CP/52334/79/23 saylı kredit sazişi ləğv edilsin. 09 mart 2021-ci il tarixli, CP/52334/79/23 saylı kredit sazişi üzrə əsas borca görə 25414,53 manat, faiz borcuna görə 4102,82 manat olmaqla, ümumilikdə 29517,35 (iyirmi doqquz min beş yüz on yeddi manat, otuz beş qəpik) məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 181 (yüz səksən bir) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev