Məhkəmə qərarları › İş №e-2(001)-442/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-442/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-442/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə və daha sonra tələbini dəyişməklə məhkəməyə müraciət edərək, “Toyota Corolla” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 12 781 manat və avtomobilin dəyərinin aşağı düşməsi nəticəsində 3500 manat, ümumilikdə isə ona dəymiş maddi zərər qismində 16 281 (on altı min iki yüz səksən bir) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumu qismində ödənilmiş 139 (yüz otuz doqquz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində özümə məxsus “Toyoto Corolla” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yolun hərəkət hissəsindən kənarda saxlamış, bu zaman Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi Kia Optima minik markalı **-CS-*** dövlət nömrə nişanlı avtomobillə manevr qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ona məxsus “Toyoto Corolla” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil və daha digər avtomobilə zərər vurmuşdur. Bununla əlaqədar Cavabdeh1 barəsində 29 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli X3 Protokol tərtib edilmiş və Cavabdeh1 həmin protokola əsasən İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilnərək TP seriyalı ******* nömrəli 29 iyul 2022-ci il tarixli Elektron Qərarla 400 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla ona dəymiş zərərlə əlaqədar cavabdehin təqsiri sübuta yetirilmişdir. Bildirmək istəyir ki, Cavabdeh1 idarə etdiyi Kia Optima minik markalı **-CS-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 məxsus olmuş, Cavabdeh1 həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Cavabdeh1 idarə etdiyi Kia Optima minik markalı **-CS-*** dövlət nömrə nişanlı avtomobil Xalq Sığorta ASC-də Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı söğortası növü üzrə PXA********** nömrəli Sığorta şəhadətnaməsi ilə sığortalanmış və hadisə ilə əlaqədar zərərçəkən avtomobillər iki ədəd olduğuna görə ona məxsus avtomobilin zədələnməsinə görə ona cəmi 4500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. O, sığorta ödənişini alaraq Toyota Şirkətinin səlahiyyətli nümayəndəsi olan "xxxx" MMC-də həmin avtomobili təmir etdirmək istəyən zaman, ilkin olaraq ona məxsus avtomobilə dəyən zərər qiymətləndirilmiş, həmin avtomobilin təmiri üçün ƏDV ilə birlikdə 17 281,96 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Həmin məbləğin 4500 manat hissəsi artıq Sığorta Şirkəti tərəfindən ona ödənildiyindən onun özünə məxsus avtomobilin təmiri üçün tələb edilən 12 781,96 manat məbləği Cavabdeh1 və Cavabdeh2 tələb etmək hüququ yaranmışdır. Eyni zamanda bildirir ki, ona məxsus “Toyoto Corolla” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil 2017-ci il buraxılışlı olmaqla, heç bir zədəsi olmayan, rənglənməmiş avtomobil olmuş, həmin vəziyyətdə avtomobilin 35 000 manat bazar dəyəri olmuşdur. Lakin avtomobil qəzaya uğrayandan sonra onun bazar dəyəri də 10 faiz düşmüş, bununla da ona məxsus avtomobilə vurulmuş zədənin nəticəsində onun dəyəri 3500 manat azalmaqla həmin məbləğdə ona zərər dəymişdir. Beləliklə də, avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün 12 781,96 manat və avtomobilin dəyərinin aşağı düşməsi nəticəsində 3500 manat, ümumilikdə isə 16 281,96 manat məbləğində maddi zərərin Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi hadisədə cavabdehin təqsirli olması barədə kifayət qədər mötəbər sübutlar var və hadisə nəticəsində bilavasitə ona maddi zərər dəymişdir. Tərəflərin izahatları:

3. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında iddia tələbinin dəlillərinə uyğun izahat verərək tələbini müdafiə etmişdir. Bundan əlavə avtomobilin Toyota Servisdə deyil başqa yerdə təmir edildiyini və təmirə nə qədər vəsait xərclənməsi ilə bağlı sübutlarının olmadığını bildirdi. Cavabdehin etirazına münasibətdə isə bildirmişdir ki, fərz edək ki, həmin ehtiyat hissələri, həm də təmir xərci iddiaçıya hədiyyə olunmuşdur, lakin faktiki olaraq dəyən zərər göstərilən məbləğdə olmuşdur, bu səbəbdən də tələbləri əsaslıdır. Bundan əlavə iddiaçı sığortanın müəyyən etdiyi məbləğlə ona görə razılaşmışdır ki, sığorta şirkətinin onsuz da maksimum ödəyəcəyi məbləğ 5000 manat idi. Üstəlik "xxxx" MMC-də də qiymətlər düzgün hesablanmamış, bəzi detallar nəzərə alınmamışdır.

4. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər iddianı qismən qəbul etmişlər, belə ki, avtomobilə dəyən zərərin ümumi məbləğinin 7060 olduğu ilə razılaşmış, əmtəə itkisi ilə bağlı olan hissəsini ümumiyyətlə qəbul etməmişlər.

5. Cavabdeh1 iddiaya münasibətdə bildirmişdir ki, ailə məsələsi ilə bağlı oğlunun avtomobilini götürərək qəza törətmişdir. Oğlu ilə bir evdə bir qeydiyyatda yaşayır, oğlunun avtomobili onun idarə etməsinə heç bir etirazı olmamışdır, həmin avtomobili oğluna vaxtilə o almışdır.

6. Bundan əlavə Cavabdeh1 iddia ərizəsinə yazılı qaydada etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Binəqədi Məhkəməsi tərəfindən Qərardadın icra olunması üçün E-2(001)- 6355/2022 saylı mülki iş ilə birlikdə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilən qərarda bildirilir ki, ekspertiza iş materialları "xxxx" MMC avto servisin və Toyota Abşeron MMC- nin qiymətləndirmə aktlarının müqayisəli tədqiqi və fotoşəkillər nəzərə alınmaqla həyata keçirilsin. Lakin, sizə göndərilən 9/416 N-li ekspertiza rəyində "xxxx" MMC tərəfindən tərtib edilən qüsur aktı və dəymiş zərərin qiymət cədvəli konkret nəzərə alınmayaraq və bu barədə həmin rəydə heç bir qeyd aparılmamışdır. Ekspertizanın tədqiqi ilə məşğul olan Qəhrəmanov Elvin adlı ekspert Sizə təqdim etdiyi rəydə ancaq Toyota Abşeron MMC-nin şişirdilmiş qiymətləndirmə aktına istinad edərək, həmin qiymət cədvəlini eyniliklə 9/416 N-li ekspertiza rəyinə köçürərək təzədən Binəqədi Məhkəməsinə göndərmişdir. Sual: 1) İddiaçı yəni Toyota markalı avtomobilin sahibi Toyota Abşeron MMC-dən qiymətləndirmə aktı alsada nəyə görə avtomobilini naməlum, heç bir texniki şərtlərə və standartlara cavab verməyən, şəraitsiz bir təmir sexində təmirə saxlamışdır? 2) Ekspertin qeyd etdiyi kimi, işlənib hazırlanmış metodikaya və nəzəri hesablamalara əsasən, həmin gizli təmir sexində artıq 6 aydan artıq, tam təmir olunaraq istismar olunan,Toyota avtomobilinin dəyişilmiş və yaxud bərpa olunmuş ehtiyyat hissələrinin, görülmüş əl işlərinin rəsmi qiymət çekləri və ya qiymət qaimələri müəyyən edilibmi? 3) Nəyə görə İddiaçı baş vermiş hadisədən sonra Xalq Sığorta şirkətindən 4500 azn pul vəsaiti alır, Xalq Sığorta şirkəti tərəfindən tərtib edilmiş PXA116270 N-li sığorta aktı ilə yaxından tanış olur, avtomobilinə dəymiş zərərlə bağlı maddi ziyanın tam ümumi məbləğinin 7060 azn olduğu ilə tamamilə razılaşır və həmin aktın həqiqiliyini və etibarlılığını öz imzası ilə təsdiq edir?. Ümumiyyətlə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, baş vermiş avtoqəzadan bir aydan artıq keçdikdən sonra yəni xx.xx.2022-ci ildə İddiaçıR Toyota Abşeron MMC-yə yaxınlaşır və avtomobilinə qiymətləndirmə keçirilməsini xahiş edir və dəfələrlə şişirdilən qiymətləndirmə aktı aldıqdan sonra Binəqədi məhkəməsinə müraciət etmişdir. İddiaçı ona məxsus avtomobilini Toyota Abşeron MMC-də qiymətləndirərək amma, naməlum, heç bir texniki şərtlərə və standartlara cavab verməyən, şəraitsiz bir təmir sexində təmirə saxlamaqla və bundan sonra Xalq Sığorta şirkəti tərəfindən tərtib edilmiş PXA116270 N-li sığorta aktı ilə yaxından tanış olur, avtomobilinə dəymiş zərərlə bağlı maddi ziyanın tam ümumi məbləğinin 7060 manatdan ona Xalq Sığorta şirkəti tərəfindən ayrılmış 4500 manatı götürməklə məqsədinin nə olduğu bəyan etmişdir. Bildirir ki, cavabdehin məqsədi burada avtomobilini Toyota Abşeron MMC-də düzəltmək deyil pul qazanmaq olmuşdur, odur ki bu məqsədlə də Toyota Abşeron MMC-də qiymətləndirmə apararaq amma sıradan bir sexdə avtomobilini təmir etdirmək olmuş və o bu cür də etmişdir. Buna baxmayaraq mən Ağayev X2 Abşeron MMC şirkətinə sonradan yaxınlaşaraq orada ehtiyyat hissələri və aksessuarlar üzrə məsləhətçi çalışan Səlim Qayıbov adlı şəxsə müraciət etmiş, həmin Toyota Abşeron MMC tərəfindən verilən qiymətləndirmə aktını və hadisədə iddiaçıya məxsus Toyota Corolla markalı avtomobilinin şəkillərini ona göstərmiş və həmin Səlim Qayıbov izah etmişdir ki, həmin illərdə Toyota Corolla markalı avtomobillərinin arxa və ya qabaq parktronikləri zavod istehsalçı tərəfindən nəzərdə tutulmayıb və istehsal olunmamışdır. Lakin müştərinin xaişi ilə həmin illərin buraxılışı olan həmin markalı avtomobillərə biz öz şirkətimiz tərəfindən parktronik quraşdırırıq onunda bir ədədinin qiyməti 460 AZN yox, dörd ədədinin qiyməti cəmi 60 AZN-dir. Bildirir ki, iş materiallarına iddiaçı tərəfindən təqdim olunmuş X4 saxtadır, onun düzgün tərtib olunmasına şübhə ilə yanaşıram, odur ki, məhkəmədən iddiaçıdan Aktın doğruluğunu sübut edən dəlil tələb etməsini xahiş edir. Möhtərəm hakim, zərər dəymiş Toyota Corolla markalı avtomobilinin hadisə zamanı və hətta hadisədən sonra təqdim olunan şəkilləri ilə yaxından tanış olub vizual nəzərdən keçirtdikdə belə qənaətə gəlmək olur ki, şəkillərdə göründüyü kimi arxa baqaj üstü sol və sağ stoplara qətiyyən zərər dəyməyib, bundan əlavə baqaj polunun sağ hissəsi, baqaj və baqaj sol petləsi və arxa lanjeronun sol qolunu ümumiyyətlə dəyişməyə ehtiyyac yoxdur. Həmçinin qiymətəndirmə aktında qeyd edilən bəzi detalların misal üçün: podşibnik, ehtiyyat təkər boltu, podpres, podpres germetikası, praymer və sairə xırda detalları dəyişilməyə konkret ehtiyyac yoxdur. Beləliklə belə qənaitə gəlmək olurki həmin qiymətləndirmə qeyri obyektiv və digər saxta prinsiplərə uyğun tərtib edilmişdir, yəni sürücü İddiaçı oglu baş vermiş hadisədən ancaq maddi maraq güdərək, özünün maliyyə durumunu yaxşılaşdırmaq məqsədi ilə varlanmaq fikrindədir. Möhtərəm hakim, ekspertizanın tədqiqi ilə məşğul olan ekspert Qəhrəmanov Elvin iştirakçısı olduğu YNH-də zərər dəymiş avtomobilə nəzəri müayinə və baxış keçirərkən onu naməlum səbəbdən həmin müayinəyə dəvət etməmişdir.

7. Bundan əlavə Cavabdeh1 izahatlarında bildirmişdir ki, cavabdeh kimi vurulmuş ziyanın həcminin 7060 manat olmasını qəbul edir, sığorta ödənişindən sonra qalan 2500 manat məbləğində zərəri ödəyə bilər. Avtomobilin qiyməti onsuz da, ilbəil düşür, bu hamıya bəllidir. Üstəlik avtomobil 2016-cı ilin avtomobilidir, çünki 2017-ci ilin yanvar ayının 1-də qeydiyyata alınıb və ehtimal edir ki, rəsmi servis maşını deyildir və qiymətinin 35000 yox, 30000 manat olması realdır.

8. Cavabdeh2 digər cavabdehin etirazının dəlilləri ilə razılaşaraq, iddianı vurulmuş zərər hissəsində qismən qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. X3 ******* saylı Protokola əsasən, Kia optima minik markalı, **-CS-*** qeydiyyat nişanlı avtomobili Cavabdeh1 xx.xx.2022-ci il tarixdə idarə edərkən o, İXM-nin 327.1;332.1;332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokolun əsasında xx.xx.2022-ci il tarixdə Elektron qərar qəbul edilmiş və Cavabdeh1 həmin xətaları törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Yəni Cavabdeh1- Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə(İXM 327.1); Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə(İXM 332.1); Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə(İXM 332.4) inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.

10. Həmin yol nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan(X1 Şəhadətnaməsi 788293) “Toyota Corolla” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı və mübahisə predmeti olmayan “Taksi 4 London” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə ziyan dəymişdir.

11. Cavabdeh2 mülkiyyətində olan Kia optima minik markalı, **-CS-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2022-xx.xx.2023 müddətində "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır.

12. "xxxx" ASC tərəfindən PXA116270 saylı sığorta aktı tərtib edilmiş avtomobilə dəymiş zərər mütənasib olaraq bölüşdürülərək “Toyota Corolla” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə İddiaçı 4500 manat ödənilmişdir. Həmin avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC tərəfindən təqdim olunan AKT əsasında müəyyən edilmiş və MMC-nin AKT-ında zərərin məbləği 7060 manat müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Xalq Sığortanın sifarişi əsasında qiymətləndirmə aparılmış və “Toyota Corolla” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili xx.xx.2017-ci il olan avtomobilə dəymiş zərərin məbləği işçi haqqı 1490 manat, ehtiyat hissələrin dəyəri 5570 manat olmaqla, ümumilikdə 7060 manat olduğu müəyyən edilmişdir. İddiaçı Sığorta Aktına imza etməklə sığorta şirkətinə qarşı heç bir iddiası olmadığını təsdiq etmişdir.

13. Bundan əlavə müştəri adı Əşrəfov Elnur adlı şəxsin sifarişi əsasında "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirmə aktı tərtib edilmiş və avtomobilə dəyən zərərin 2636.23 manat ƏDV daxil olmaqla, cəmi 17281.96 manat olduğu müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli,9/416 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Toyota Abşeron” mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2017-ci il buraxılışlı “Toyota Corolla” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14258 manat müəyyən edilir. “Toyota Corolla” markalı, 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yolnəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 30000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 15 % olması(30000-15%= 25500 manat) istisna edilmir.Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. Cavabdeh2 mülkiyyətində olan və "xxxx" ASC-də icbari sığorta müqaviləsi üzrə sığortalanmış “Kia optima” minik markalı, **-CS-*** qeydiyyat nişanlı avtomobili Cavabdeh1 etibarnamə olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı mülkiyyətində olan Toyota Corolla” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin hadisəyə görə Cavabdeh1 təqsirli bilinərək, barəsində inzibati qaydada tənbeh edilmişdir. Daha sonra icbari qaydada sığortalanmış avtomobilin sığotaçısı "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin qiymətləndirmə aktına görə zərər dəyən şəxsə 4500 manat məbləğində sığorta ödənişi edilmişdir. "xxxx" MMC-nin qiymətləndirməsinə görə avtomobilə dəyən zərərin məbləği 7060 manatdır.

16. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən zərərin həcmi 17281.96 manat məbləğində müəyyən edilmişdir. Avtomobil nə "xxxx" MMC-də, nə də "xxxx" MMC-də təmir elətdirilmişdir. Avtomobil məhkəməyə məlum olmayan təmir sexində iddiaçı tərəfindən təmir elətdirilmişdir və təmir üçün hansı məbləğdə vəsait xərclənməsi müəyyən edilmir.

17. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert qarşısında "xxxx" MMC-nin və "xxxx" MMC-nin qiymətləndirmə aktlarını müqayisəli tədqiq etməklə və fotoşəkilləri nəzərə almaqla avtomobilə vurulmuş zərər və əmtəə itkisinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur.

18. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti E.Qəhrəmanov tərəfindən yuxarıda qeyd edilən rəy tərtib edilmişdir.

19. İddiaçı hazırda sığorta ödənişi çıxılmaqla "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən vurulmuş zərəri tələb edir. Eyni zamanda avtomobilin 10 faiz dəyər itkisinə görə 3500 manat pul tələb edir.

20. Cavabdehlər iddianı qismən qəbul edir və 2560 manat verməyə razıdır.

21. Yuxarıda qeyd edilənlərdən işin mübahisələndirilən halı vurulmuş zərərin məbləği ilə bağlı olmuşdur. Belə ki, iddiaçı tərəf avtomobili harda və hansı qiymətə təmir elətdirilməsindən asılı olmayaraq vurulmuş zərərin həmin həcmdə olmasını iddia edir, cavabdeh tərəf isə iddiaçını hüquqdan sui-istifadə edərək ondan daha çox zərər tələb etməkdə günahlandırır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

22. Əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

23. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

24. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

25. İşin hallarından da müəyyən edilir ki, Cavabdeh1 delikt törətməsi nəticəsində iddiaçının əmlakına zərər dəymişdir və iddiaçının vurulmuş zərərə görə pul tələb etməsi əsaslıdır.

26. Lakin məhkəmə həm vurulmuş zərərin məbləği, həm də yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin də məsuliyyəti ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmır.

27. Zərərlə bağlı hissəsində məhkəmə aşağıdakıları qeyd edir:

28. Əvvəla iddiaçının avtomobili harda, necə, hansı qiymətə təmir elətdirməsindən asılı olmayaraq vəsait tələb edə bilməsinin mümkünlüyü ilə bağlı dəlilləri əsassızdır. Belə ki, iddiaçı tələbində mülki hüquq pozuntusuna görə real zərəri tələb edir. Hansı ki, real zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Halbuki iddiaçı çəkdiyi xərclərlə bağlı hər hansı sübut təqdim etmir və özü də etiraf edir ki, avtomobil xüsusi fərqləndirilməyən sexdə təmir elətdirilmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi həmin təmirin dəyərinin iddiaçıya hədiyyə edilə biləcəyinin də mümkün olduğunu fərz etmiş və tələblərini çəkilməli olan xərclərə münasibətdə əsaslı olduğunu iddia etmişdir. Hərçənd ki, iddiaçı tərəf bununla bağlı sübut təqdim etməmişdir, lakin onun hədiyyəni verən şəxsin qiymətləndirməsinə deyil, başqa şirkətin qiymətləndirməsinə istinad etməsi anlaşılan olmamışdır. Üstəlik ƏDV xərcinə görə "xxxx" MMC-də təmirdən imtina etdiyi halda, yenə də ƏDV xərci daxil olmaqla zərər tələb etməsi hüquqdan sui-istifadədir. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

29. Bununla yanaşı iddiaçının rəsmi servisdə qarantiyası olmayan, ümumiyyətlə rəsmi servisdə xidmət tarixçəsi olmayan avtomobilini rəsmi servisdə qiymətləndirməsi də MM-nin 16.1-ci maddəsinin tələbi baxımından hüquqdan sui-istifadədir. Hansı ki, xx.xx.2017-ci il buraxılışlı, 75000 km yürüşü olan avtomobilə dair "xxxx" MMC-də qüsur aktı tərtib edilən zaman demək olar ki, zərər dəyən bütün detalların yenisi ilə əvəzlənməli olması nəzərdə tutulmuşdur və nəzərə alınmalıdır ki, "xxxx" MMC müştərinin sifarişi əsasında və onun tələbatlarına uyğun şəkildə qiymətləndirmə aparır. Eyni zamanda rəsmi servisdə yalnız yeni detallar satılır və işçilik haqqının məbləği digər müəssisələrlə müqayisədə daha yüksək olur.

30. Halbuki avtomobil hadisə baş verən vaxtda 5 il müddətdir ki istismar edilirdi və onun üzərində olan detallar yeni detallar deyildi. Bu məqamda məhkəmə baxmayaraq ki, onlar da yeni detalların əvəzlənməsini nəzərdə tutmuşdur, lakin sığorta şirkətinin sifarişi əsasında "xxxx" MMC-nin qiymətləndirməsini(qüsur aktını) daha mötəbər və işin hallarına uyğun hesab edir, Belə ki, həm iddiaçı sığorta ödənişini alarkən həmin akta etiraz etməyərək razılaşmış, həm də cavabdehlər də həmin aktla razılaşmışlar.

31. Məhkəmə ekspertiza rəyini həmin hissədə ona görə əsaslı hesab etmir ki, ekspert məhkəmənin müqayisəli tədqiqatın(aktlar və fotoşəkillər arasında) aparılmalı olması ilə bağlı tapşırığını yerinə yetirməmiş, "xxxx" MMC-nin qüsur aktını demək olar ki öz rəyinə köçürməklə kifayətlənmişdir.

32. Odur ki, məhkəmə o qənaətə gəlir ki, avtomobilə dəymiş zərərin əvəzinə görə tutulmalı olan məbləğ 2560(7060-4500) manat miqdarında müəyyən edilməlidir.

33. Məhkəmə avtomobilin dəyərinin aşağı düşməsi nəticəsində 3500 manat məbləğində zərərin tutulması hissəsində iddiaçının tələbini əsaslı hesab edir. Belə ki, real zərərin əsaslarından biri də əmlakın zədələnməsidir(bax MM 21.2). Hansı ki, avtomobilin zədələnməsi nəticəsində onun amortizasiyası nəzərə alınmaqla əmtəə dəyərinin eyni vəziyyətdə olan qəzaya uğramamış avtomobillə müqayisədə aşağı düşməsi hamıya bəlli olan haldır. Hansı ki, ekspertiza tədqiqatı nəticəsində avtomobilin əmtəə itkisinin 4500 manat olması müəyyən edilmişdir.

34. Odur ki, məhkəmə tələblə bağlı olduğundan həmin məbləğin iddia tələbi həddində, yəni 3500 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir.

35. Məhkəmə iddianın zərərin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı hissəsində aşağıdakıları qeyd edir.

36. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 1108.1-1108.2-ci maddələrində qeyd edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

37. Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

38. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür.

39. Odur ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehlər ataoğuldur və avtomoblin mülkiyyətçisi avtomobilin onun iradəsinə uyğun olaraq Cavabdeh1 tərəfindən istifadə edildiyini bəyan edir. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, Cavabdeh1 yüksək təhlükəli mənbəyinin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün həm hüquqi əsas, həm maddi şərt mövcuddur. Bu səbəbdən də yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə Cavabdeh1 məsuliyyət daşımalıdır. Tətbiq edilən prosessual normalar:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

42. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə:

43. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Toyota Corolla” minik markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2560 manat və avtomobilin zədələnməsinə görə əmtəə itkisi üçün 3500 manat olmaqla, cəmi 6060 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

44. Eyni zamanda iddia tələbinin təmin edilmiş hissəsinə nisbətdə 50 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

45. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 6060(altı min altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 50(əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar