Məhkəmə qərarları › İş №e-2(001)-4435/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4435/2022

20.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4435/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yi, Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Dövlət Yol Polı̇ si İdarəsi və Bakı şəhər X1 İdarəsinə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yi, Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Dövlət Yol Polı̇ si İdarəsi və Bakı şəhər X1 İdarəsinə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə düzgün yazılmamış inzibati protokola görə iddiaçıya maddi ziyan dəymiş və o, protokolun ləğvinə dair proseslərdə əlavə sarsıntılar və mənəvi ziyana görə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1885/2021 saylı qətnaməsində dəymiş maddi ziyanın əvəzi olaraq 100 manat, mənəvi zərərin əvəzi olaraq 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 230 manat pul cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi qət etmişdir. İddiaçı mənəvi ziyanın əvəzinin ödənilməsini ona görə xahiş etmişdir ki, cavabdeh inzibati protokolun ləğvi barədə məhkəmə qərarından yalan məlumat üzərində vəsatət yazaraq, apellyasiya şikayəti verməsi və bu da süründürməçiliyə gətirib çıxarmışdır. İddiaçı qətnamə tərəflərə çatandan sonra iki ay gözlədi, yanlış yazılmış protokol, dəymiş ziyan, tərəflərin nə dərəcədə haqlı olub-olmamasına aydınlıq gəldiyini düşünüb həyatına davam etdi. Cavabdeh təxminən altı ay rahat yaşamağa imkan verdi. Növbəti dəfə məhkəməyə bilə-bilə saxta məlumat verərək, müddətin bərpası barədə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə bildirişini alanda böyük bir sarsıntı keçirdi. Bir əmələ görə təzminat ödəməli olan cavabdehin təkrar eyni əməli törətməsini anlamaq iddiaçıya çətin idi. Ümidi birinci instansiya məhkəməsinin cavabdehi başa salması idi ki, qəribə hal baş verdi - xx.xx.2021ci il tarixli qərardadla hakim qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxılmasına, yəni buraxılmış müddətin bərpasına qərar verdi. İddiaçı müddətin bərpası qərarı ilə razı olmadığı üçün apellyasiya şikayəti vermək istədi və şikayətinə baxılmasına görə yeni qəbul edilmiş rüsumlara uyğun olaraq 50 manat banka ödəyib qəbzi apellyasiya şikayəti ilə birgə məhkəməyə təqdim etdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-11183/2021 saylı qərarı ilə iddiaçının şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunmuş, cavabdeh Bakı Şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş “qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə” vəsatət təmin edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə yazılı olaraq ona vurduğu maddi və mənəvi ziyanın ödənilməsi üçün bank rekvizitləri təqdim etmişdir. Ödənişin edilmədiyinə görə məhkəmə icraçıları ilə əlaqə saxlasa da, cavabdeh ödəniş edilməsinə mane olan neqativ amillər yaratdığı məlum oldu. Yol hərəkəti ilə bağlı maarifləndirici radio verilişə DİN rəsmiləri də qulaq asdıqlarını bildiyinə görə, iddiaçı veriliş vasitəsi ilə də məsələni işıqlandırdı. Radio verilişdən sonra onunla DİN nümayəndəsi əlaqə saxlasa da yenə ödəniş edilmədi. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə yalan üzərində tərtib edilmiş vəsatətlə təkrar araşdırmanı uzadıb mənəvi zərər verdiklərinə görə 700 manat, 50 manat apellyasiya şikayəti rüsumu, məhkəmələrə gedib-gəliş xərcləri, dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumu və ödəmək istəmədikləri məbləğə görə 168 manat dəbbə pulunun, eyni zamanda ağlabatan məbləğdə mənəvi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizəsini dəqiqləşdirmiş və göstərmişdir ki, iddiaçı istənilən şəxsin məhkəməyə müraciət etmək və apellyasiya şikayəti vermək hüququnun olduğunu qəbul edir, ancaq belə halda haqlı olan tərəfin də çəkdiyi məhkəmə xərclərini qarşı tərəfdən tələb etmək hüququ yaranır. Yəni iddiaçı maddi və mənəvi ziyan barədə olan qətnamədən şikayət verən DYP-a görə 50 manat rüsum ödəmişə və haqlı olduğu apellyasiya instansiyası məhkəməsi tərəfindən təsdiqlənmişdir. Cərimənin üzərinə dəbbə pulu hesablayıb 5 ay sonra məcburi Texniki baxış zamanı ödəməyə iddiaçını məcbur etdilər. İddiaçı hesab edir ki, necə ondan dəbbə pulu tutulub, elə də öhdəliyini icra etməyən cavabdehdən də tutulmalıdır. Eyni zamanda cavabdehlərdən 700 manat miqdarında mənəvi zərər və iddiaçının məhkəməyə gedib-gəlməsinə və məhkəmə xərclərinə görə ödədiyi məbləğlər də tutulmalıdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1885/2021 saylı qətnaməsindən görünür ki, “ ... İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməsinə müraciət edərək, təqdim etdiyi məlumatlar əsasında illər ərzində araşdırma aparılması və məhkəmələrə əzab verdiklərinə görə cavabdeh Bakı şəhər X1 İdarəsinin rəhbərliyinin ondan rəsmən yazılı üzr istəməsi ilə bağlı, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə yalan üzərində tərtib edilmiş vəsatətlə azı bir il araşdırmanı uzatdıqlarına görə Bakı şəhər X1 İdarəsinin rəhbərliyinin rəsmən yazılı ayrıca üzr istəməsi ilə bağlı, ona dəymiş 20 manat evakuasiya xidməti, beş dəfə Bakı şəhər X1 İdarəsinə gəlib-getməsinə, məhkəmələrə gedib-gəlməsinə, məhkəmə xərclərinin, ödənilmiş 30 manat dövlət rüsumunun, keçirdiyi, əsasəb, stres, sarsıntı, iztirab və mənəvi ziyana görə cəmləyərək ümumilikdə məhkəmənin ağlabatan hesab etdiyi məbləğdə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən ona vurulmuş maddi ziyana görə 20 manat evakuasiya xidməti, 1000 manat nəqliyyat vasitəsinə vurulmuş ziyan (iki amartizator - 160 manat, sol arxa dirsəkli qol - 40 manat, sürətlər qutusunda yaranmış problem – 800 manat), beş dəfə Bakı şəhər DYPİ-yə gedib-gəlməsi üçün 40 manat çəkilmiş yol xərci, məhkəməyə gedibgəlməsi üçün 80 manat çəkilmiş yol xərci, keçirdiyi əsəb, stres, sarsıntı və mənəvi ziyana görə 2.000 manat, yalan vəsatətlə iztirab verildiyinə və azı bir neçə il araşdırma uzandığına görə 10.000 manat, ümumilikdə 13.140 manat pulun tutulması, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin rəhbərliyinin hər iki hal üçün ayrıca yazılı üzr istəmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1885/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 100 manat, mənəvi zərərin əvəzi olaraq 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 230 manat pul cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 046-43294 saylı vəsatətdən görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi həmin tarixdə məhkəməyə müraciət edərək göstərmişdir ki, “ ... xx.xx.2021-ci il tarixli məktubumuza cavab olaraq bildirmisiniz ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi İdarənin rəsmi ünvanına göndərilmiş, qətnamə sifarişli xəbərnaməyə xx.xx.2021-ci il tarixdə imza edilməklə rəsmi alınmışdır. Bununla bağlı bildiririk ki, sözügedən qətnamə Bakı şəhəri BPİ X2 İdarəsinə deyil, Baş X2 İdarəsinə göndərilmişdir ona görə bizim məlumatımız olmamışdır. İdarəyə daxil olan korrespondensiyalar dəftərxana işçisi tərəfindən imza edilməklə, vəzifəsi, adı soyadı qeyd edilməklə qəbul edilir, lakin xəbərnamədə olan imzanın kim tərəfindən atılması yəni Bakı şəhəri BPİ DYPİ-nin buna səlahiyyəti olan şəxsi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmir. Belə olan halda hesab edirik ki, bu səbəbdən yəni qətnamənin bizə rəsmi çatdırılmamasından vaxtında apelyasiya qaydasında şikayət verilməmişdir, bu hal isə üzürlü səbəb kimi nəzərə alınmalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2021 -ci il tarixli 2(004)-1885/2021 saylı qətnaməsindən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilməsi üçün buraxılmış miiddət bərpa edilməlidir”. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-11183/2021 saylı qərardadında aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh Yasamal RM-nə vəsatət verərək xahiş edib ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilsin. Yasamal RM-nin xx.xx.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, hazırkı iş üzrə Yasamal RM-nin xx.xx.2021-ci il tarilxi qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti cavabdehə münasibətdə bərpa edilsin. İddiaçı şikayət verərək xahiş edib ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, qətnamədən apellyasiya şikəyəti verilməsi müddəti 1 aydır, həmin müddət qətnamənin rəsmi qaydada verildiyi gündən hesablanır. Poçt göndərişlərinin reyestrinə (iş v. 56) əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, qətnamənin surəti xx.xx.2021-ci il tarixdə cavabdehin ünvanına çatdırılıb. Apellyasiya şikayəti isə 4 aydan sonra – xx.xx.2021-ci il tarixdə verilib. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi müddəti keçib. Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədi. Qətnamənin surətinin cavabdehə 2-ci dəfə verilməsi apellyasiya şikayəti verilməsi müddətinin yenidən hesablanmasına əsas deyil. Ona görə də qərardad ləğv edilməli, müddətin bərpasından imtina olunmalıdır”. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı həmin tarixdə 50 manat məbləğində dövlət rüsumunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödəmiş, bununla yanaşı ondan 40 qəpik komissiya məbləği tutulmuşdur. İş materiallarında olan apellyasiya şikayətindən görünür ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1885/2021 saylı qərardadından şikayəti məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. İş materiallarında olan taksi xidmətlərinin ödəniş sənədlərindən görünür ki, İddiaçı məhkəməyə gəlib getmək üçün xx.xx.2022-ci il tarixdə 4,90 (2,45+2,45) manat, xx.xx.2022-ci il tarixdə isə 6,73 (2,90+3,83) manat məbləğində pul xərcləmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən – iddiaçının qərardaddan şikayət vermək məcburiyyətində qalaraq dövlət rüsumu qismində ödədiyi 50,40 manat və hazırkı işə baxılan zaman iddiaçı tərəfindən məhkəməyə gəlib-getmək üçün çəkdiyi xərclərin cavabdehlərdən birindən - Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən tutulması hissəsində əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının tələbi birinci instansiya məhkəməsində qismən təmin edilmiş, qətnamənin çıxarılmasından və cavabdehin ünvanında rəsmi qaydada qəbul edilməsindən 4 aydan çox müddət keçdikdən sonra Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi prosessual müddətin bərpa edilməsi üçün ərizə vermiş, birinci instansiya məhkəməsi ərizəni təmin etmiş, iddiaçı hüquqlarının bərpa edilməsi məqsədilə həmin qərardaddan şikayət vermək məcburiyyətində qalmış və nəticədə Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş vəsatətin əsassızlığı apellyasiya instansiyası məhkəməsi tərəfindən təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçının xeyrinə çəkdiyi maddi və mənəvi ziyanın əvəzi olaraq 200 manat tutulduğu halda, o, vurulmuş ziyanın əvəzi faktiki olaraq hələ ödənilmədiyi təqdirdə, yenidən maddi ziyan çəkməyə məcbur qalmışdır. Bununla yanaşı məhkəmə iddia ərizəsini mənəvi ziyanın ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: a) ziyanın vurulması; b) ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; v) əvvəlki iki elementlər arasında səbəbli əlaqə; d) ziyanvuranın təqsiri. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə vəsatətlə müraciət edilməsi hüquqa və ya qanunazidd hərəkət kimi qəbul edilə bilməz, bu prosessual qanunvericilikdə nəzərdə tutulmuş imkandır və cavabdeh həmin imkandan istifadə etmişdir. Belə olan halda, iddia ərizəsi mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 62,03 (50,40+2,45+2,45+2,90+3,83) manat məbləğində pul cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən (yuxarıda qeyd olunan vəsatəti vermiş qurum) tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 62,03 (altmış iki manat üç qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar