Məhkəmə qərarları › İş №e-2(001)-4468/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4468/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4468/2022 05.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 mart 2018-ci il tarixli, 3-xx.xx.2018-002907 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5.525,31 manat, faiz borcu üzrə 84,76 manat olmaqla, cəmi 5.610,07 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 76,1 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2018-ci il tarixli, 3-xx.xx.2018-002907 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, 20 faiz dərəcəsi ilə 13.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında 07 mart 2018-ci il tarixli, 3-xx.xx.2018-002907 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən 09 iyun 2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 5.525,31 manat, faiz borcu üzrə 84,76 manat olmaqla, cəmi 5.610,07 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 76,1 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə cavabdehlərə 06 may 2022-ci il tarixində 22-6930/2022 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, kredit müqaviləsi üzrə boclu onun yaxın qohumu olduğuna görə o, zaminliyi qəbul etmiş, lakin həmin qohumu borcunu ödəməmişdir. Qohumunun yerinə borcları o ödəyirdi. Qohumu hazırda ölkə xaricindədir, olduğu yer məlum deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2018-ci il tarixli, 3xx.xx.2018-002907 saylı kredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, bank sonuncuya illik 24% hesablanmaqla 60 ay müddətinə 13.000 manat məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu 07 mart 2018-ci il tarixli, 3-xx.xx.2018-002907 saylı zaminlik müqaviləsi ilə müəyyən edilən Cavabdeh2 zaminliyidir; "xxxx" ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 07 mart 2018-ci il tarixli, 3-xx.xx.2018-002907 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin 07 mart 2018-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 bankdan 12.870 manat məbləğində pul götürmüşdür; "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış 06 may 2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə bank ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini 5 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 fevral 2021-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 07 mart 2018-ci il tarixli müqavilə üzrə 5.525,31 manat əsas və 84,76 manat faiz olmaqla, cəmi 5.610,07 manat məbləğində borcu yaranmışdır. 10 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 76,1 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2018-ci il tarixli, 3-xx.xx.2018-002907 saylı kredit müqaviləsinə əsasən bank sonuncuya illik 24% hesablanmaqla 60 ay müddətinə 13.000 manat məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini müəyyən olunmuş müddətdə faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı ilə cavabdehlər - zamin Cavabdeh2 və kredit alan Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə əsas borc 5.525,31 manat, faiz borcu 84,76 manat olmaqla, cəmi 5.610,07 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh1 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 07 mart 2018-ci il tarixli, 3-xx.xx.2018-002907 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.525,31 manat məbləğində əsas borc, 84,76 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.610,07 manat məbləğində borc, ödənilmiş 76,10 manat məbləğində dövlət rüsumunun əvəzi və 0,40 manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. 07 mart 2018-ci il tarixli, 3-xx.xx.2018-002907 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.525,31 (beş min beş yüz iyirmi beş manat, otuz bir qəpik) manat məbləğində əsas borc, 84,76 (səksən dörd manat, yetmiş altı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.610,07 (beş min altı yüz on manat, yeddi qəoik) manat məbləğində borc, ödənilmiş 76,1 (yetmiş altı manat, on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar