Məhkəmə qərarları › İş №e-2(001)-4478/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4478/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4478/2023 07.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2016-cı il tarixli 04/4 KX saylı kredit müqaviləsinə əsasən 14 105,32 manat məbləğində əsas borc, 1 995,52 manat məbləğində faiz borcu, 1 379,71 manat məbləğində cərimə borcu, 3 967,04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 24 447,59 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 164 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 04/4 KX saylı, 21 aprel 2016-cı il tarixli kredit müqaviləsi (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 36 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 14 105,32 manat məbləğində əsas borc, 1 995,52 manat məbləğində faiz borcu, 1 379,71 manat məbləğində cərimə borcu, 3 967,04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 24 447,59 manat məbləğində borcu qalmışdır Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə qarşı ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman, yəni xx.xx.2018-ci ildə idia müddəti ötürülməmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehə qarşı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişik. Lakin məhkəmə gedişatı zamanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli fərmanı qəbul olundu. Bu səbəbdən məhkəmə iddia ərizəmizi baxılmamış saxlamışdır. Biz məhkəmənin həmin qərarında apellyasiya şikayəti versək də, şikayətimiz təmin olunmamışdır. Cavabdeh kredit borcu üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabr ayının 31-də başa çatmasına baxmayaraq tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda bu günədək cavabdeh tərəfindən bankla fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müdafiə edir və iddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, müqaviləsi üzrə borc restrukturizasiya düşsə də, bank bu barədə ona məlumat verməyib. Hətta bana yaxınlaşanda ona demişdilər ki, 300000 manat banka borcu var. Daha əvvəl məlumatı olsaydı, aylıq ödənişlər edərək, borcunu bağlaya bilərdi. Hazırda isə buna maddi imkanı çatmır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onu banka dəvət etməyiblər. Həmin banka kürəkəninin borcu olub, lakin özü ödəmişdir. Bankın rəhbərliyi tez-tez dəyişir, hər dəfə rəhbərlik dəyişəndə onu məhkəməyə verirlər. Bundan başqa iddiaçı faiz məbləğini də səhv hesablayıb. Qeyd etmək istəyir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddəti tətbiq edilməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. İddiaçı KB QSC ilə borcalan Cavabdeh arasında imzalanmış 21 aprel 2016-cı il tarixli, 04/4 kx saylı kredit xətti müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, borcverən maliyyə ehtiyaclarının ödənilməsi üçün borc alana xx.xx.2017-ci il tarixinədək, illik 18 % olmaqla, 15000 manat kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

8. İddiaçı KB QSC tərəfindən verilən 09 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 aprel 2016-cı il tarixli, 04/4 kx saylı kredit müqaviləsi üzrə 05 dekabr 2022-ci il tarixinə banka 14,105,32 manat əsas borcu, müqavilə müddəti üçün 1995,52 manat faiz borcu, borcun gecikdirilməsinə görə 3967,04 gecikdirilmiş faiz borcu olmaqla, 24447,59 manat məbləğində borcu vardır.

9. LPO İddiaçı KB QSC tərəfindən borcluya ünvanlanan 09 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, ona 21 aprel 2016-cı il tarixli, 04/4 kx saylı kredit müqaviləsinə əsasən yaranmış 24447,59 manat borc məbləğinin 3 gün müddətində ödənilməsi barədə məlumat verilmiş, borcun könüllü ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. 20 iyun 2023-cü il tarixində iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 164 manat dövlət rüsumu ödənilmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-614/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki ,Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn məsələrin həlli ilə bağlı iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etmədiyi üçün və bu qaydanı tətbiq etmək imkanı itirlmədiyi üçün Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11755/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-614/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. İddiaçı KB QSC ilə borcalan Cavabdeh arasında 21 aprel 2016-cı il tarixli, 04/4 kx saylı kredit xətti müqaviləsi imzalanmış və hər iki tərəf arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

14. Belə ki, bank tərəfindən maliyyə ehtiyaclarının ödənilməsi üşün borc alana xx.xx.2017-ci il tarixinədək, illik 36 % olmaqla, 15000 manat kredit verilmiş, həmin kredit məbləği borcalan Cavabdeh tərəfindən qəbul edilmişdir. Bunun müqabilində borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

15. Kredit müqaviləsinin müddəti 21 aprel 2017-cı il tarixində bitmişdir.

16. İddiaçı ilk dəfə cavabdehə qarşı xx.xx.2018-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-614/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn məsələrin həlli ilə bağlı baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11755/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır.

17. Hazırda iddiaçı iddia ərizəsi ilə ilk dəfə olaraq məhkəməyə vaxtında müraciət edildiyini, iddia ərizəsinin 2019-cu ildə baxılmamış saxlanıldığını qeyd etməklə, cavabdehdən 14 105,32 manat məbləğində əsas borc, 1 995,52 manat məbləğində faiz borcu, 1 379,71 manat məbləğində cərimə borcu, 3 967,04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 24 447,59 manat məbləğində borcun tutulmasını xahiş edir.

18. Bundan əlavə iddianın nümayəndəsi hesab edir ki, cavabdeh güzəştli şərtlərlə müqavilə bağlaya biləcəyindən məlumatlı olsa da, bu əsasla banka müraciət etməmişdir.Lakin bu barədə təklifin cavabdehə gödərilməsi iş materialları ilə müəyyən edilməmişdir.

19. Cavabdeh isə iddianı qəbul etmir və iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin rədd edilməsini xahiş edir. İddiaya etiraz olaraq bildirir ki, bank tərəfindən onunla güzəştli şərtlərlə müqavilənin bağlanması üçün hər hansı tədbir görülməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

22. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

23. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

24. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;

25. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;

26. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;

27. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

28. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir;

29. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər;

30. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

31. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

32. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

33. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;

34. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

35. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

36. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməsə də, iddia tələbi əsassızdır.

37. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

38. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 )

40. İşin hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. İddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürməmişdir, həmin iddia ərizəsi üzrə mülki iş xx.xx.2019-cu ildə Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanılmışdır. Lakin iddiaçı Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 3 ildən sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Nəticədə iddiaçının kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 7 il 3 ay sonra məhkəməyə müraciət etdiyi müəyyən edilir.

41. Qeyd edilməlidir ki, iddia müddəti birincisi hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

42. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

43. Bundan başqa Mülki Məcəllənin iddia müddətinin axımının kəsilməsi ilə bağlı 380-ci maddəsində qeyd edilmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

44. Normanın məzmunundan göründüyü kimi müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur və mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

45. Müəyyənləşdirilmiş qaydada iddia ərizəsinin irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilər, əks halda, yəni prosessual qanunvericiliyin tələblərin uyğun olmayan formada iddianın verilməsi iddia müddətinin axımını kəsə bilməz. Müəyyən edildiyi kimi iddiaçının ilk iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün baxılmamış saxlanılmışdır.

46. Bundan əlavə qeyd edilməlidir ki, hər bir halda fasilədən sonra da müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti də ötürülmüşdür.

47. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı və onun tətbiqi ilə bağlı mexanizm(iddia ərizələrinin geri qaytarılması, baxılmamış saxlanması və.s) kreditorun iradəsi xaricində baş vermişdir və bu səbəbdən də iddia müddəti ilə bağlı məsələ kreditorların mənafeyinə zidd təfsir olunmamalıdır. Odur ki, kreditorun ağlabatan müddət ərzində məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etməsi iddia müddətinin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilər.

48. Lakin fərmanın icrasının bitdiyi tarixdən(xx.xx.2019-cu il) 3 il 7 ay sonra iddiaçının yenidən məhkəməyə müraciət etməsi ağlabatan müddət anlayışı kimi qəbul edilə və müddətin üzrlü səbəbə görə ötürülməsi kimi qiymətləndirilə bilməz.

49. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən və üzrsüz səbəbə görə ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Tətbiq edilən prosessual normalar:

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

51. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

52. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

53. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Nəticə:

54. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar