Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4509/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 12 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 252 manat əsas, 35 manat faiz, 10 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat olmaqla, ümumilikdə 327 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 09 iyun 2018-ci il tarixli, 01-AGT000025316 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 504 manat olan “Samsung J530 ds 16 gold” markalı əşya almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq, alıcı 09 iyul 2018-ci il tarixdən başlayaraq hər ayın 9-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 42 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu – 252 manatı mağazaya ödəməmişdir. Dəfələrlə cavabdehə borcun ödənilməsi barədə ödənişlər nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2018-ci il tarixli, 01-AGT000025316 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh dəyəri 504 manat olan mobil telefonu 42 manat ilkin ödəniş etməklə, qalan məbləği 11 ay ərzində aylıq 42 manat ödəmək şərti ilə kreditlə almışdır. - 03 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 252 manat əsas, 35 manat faiz, 10 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, "xxxx" MMC-nin tələb hüququ İddiaçı MMC-yə ötürülmüşdür. Məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə əsaslı olduğundan bu hissədə tam təmin edilməlidir. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilədə faizin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablanması göstərilmişdir. Həmin maddənin tələblərinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, qətnamə çıxarılan tarixə uçot faizi dərəcəsi 9 faizdir. Cavabdehin iddiaçıya əsas borcu 252 manat olduğundan, faiz borcu 22,68 manat (252 X 0,09 = 22,68) müəyyənləşdirilməli, beləliklə iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu müəyyən edilmədiyindən, iddia bu hissədə rədd edilməlidir. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 252 manat əsas, 22,68 manat faiz borcu və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 25 manat olmaqla, ümumilikdə 299,68 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4509/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4509/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver