Məhkəmə qərarları › İş №e-2(001)-4536/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4536/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4536/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, İK № 1147/f-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə cavabdehdən Banka olan 1.572,81 manat əsas, 27,48 manat faiz, 4,09 manat cərimə borcu olmaqla, cəmi 1.604,38 AZN məbləğində borcun və ödənilmiş 36,05 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, İK № 1147/f19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1%, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 1.575,08 manat məbləğində cavabdehə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehin 13 may 2022-ci il tarixinə banka 1.572,81 manat əsas, 27,48 manat faiz, 4.09 manat cərimə borcu olmaqla, cəmi borcu 1.604,38 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcu cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1% olmaqla cərimə faizi ödəyir. 3.1.2ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyətiəhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, banka olan borcunu xəstəliyi və pandemiya ilə əlaqədar ödəyə bilməmişdir. Hazırda fəhləliklə ailəsini dolandırır və hər ay 20 manat olmaqla borcunu ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2019cu tarixli, İK № 1147/f-19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, bank 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 1.575,08 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan kreditdən istifadəyə görə 1% olmaqla faiz ödəyir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0,1% olmaqla 5 ildən çox olmamaq şərtilə cərimə faizi ödəyir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan 07 fevral 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, sonuncu banka olan borcunu 10 gün ərzində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə cədvəlindən görünür ki, Cavabdeh banka 1.572,81 manat əsas, 27,48 manat faiz, 4,09 manat cərimə olmaqla cəmi 1.604,38 manat borcu var. 13 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 36,05 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə vaxtından əvvəl ləğv edilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Ona görə də məhkəmə iddia tələbinin əsas və faiz borcu hissəsi ilə əlaqədar hesab edir ki, cavabdehdən əsas məbləğ üzrə 1.572,81 manat, faiz borcu üzrə 27,48 manat iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.4 və 6.4.7-ci maddələrinə əsasən fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır. Eyni zamanda, işdə olan sənədlərdən müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 4,09 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamış, habelə yuxarıda istinad edilən qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə əməl edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 0,5 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli İK № 1147/f-19 saylı güzəştli kredit müqaviləsi vaxtından əvvəl ləğv ləğv edilməli, həmin müqavilə üzrə Cavabdeh əsas məbləğ üzrə 1.572,81 manat, faiz borcu üzrə 27,48 manat və 0,5 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1.600,79 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 36 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2019cu il tarixli İK № 1147/f-19 saylı güzəştli kredit müqaviləsi vaxtından əvvəl ləğv ləğv edilsin, həmin müqavilə üzrə Cavabdeh əsas məbləğ üzrə 1.572,81 (bir min beş yüz yetmiş iki manat, səksən bir qəpik) manat, faiz borcu üzrə 27,48 (iyirmi yeddi manat, qırx səkkiz qəpik) manat və 0,5 (əlli qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1.600,79 (bir min altı yüz manat, yetmiş doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 36 (otuz altı) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar