Məhkəmə qərarları › İş №e-2(001)-4537/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4537/2025

05.06.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4537/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı ünvan 1 ünvanında yerləşən 87 saylı mənzildən (Yeni qaydalarla:AZ 1124, Bakışəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, giriş 83, M4, m1) məcburi pay hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X3 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Məryəm Rzayevanın mülkiyyətində ünvan 1 ünvanında yerləşən 87 saylı mənzil (Yeni qaydalarla: AZ 1124, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, giriş 83, M4, m1) olmuşdur. Məryəm Rzayevanın vəfatından sonra övladları arasında mənzil mübahisələri olmuşdur. Belə ki, X1 Murad Əliməmməd oğlu həmin evdə yaşayan bacısı İddiaçıevdən çıxarmış və digər bacıları Cavabdeh1 ilə birlikdə heç birinə mənzildən pay verməmişdir. Bununla isə, Məryəm Rzayevanın övladları İddiaçı və Cavabdeh1 mülkiyyət hüquqları pozulmuşdur. AR Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən,Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” AR Ali Məhkəmənin qərardadının 17-ci bəndinə əsasən, Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. 18. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. 20. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlkihəmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. 21. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçilər aralarındakı mübahisəli vəziyyətin həlli məqsədilə yuxarıda qeyd olunan hüquqi mexanizmlərdən (əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi, paylı mülkiyyətçinin öz payı üzərində sərəncam verməsi, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və mülkiyyətçinin əşyadakı payının ayrılması) hər hansı birini seçməkdə sərbəstdirlər. Qanunverici bu mexanizmlərdən mərhələli şəkildə istifadə edilməsi ilə bağlı hər hansı imperativ qayda müəyyən etməmişdir. Paylı mülkiyyətçilər öz seçimləri əsasında onlardan mərhələli şəkildə istifadə edə və ya hər hansı birini seçməklə digərlərini aradan qaldıra bilərlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı ümumi mülkiyyətin bölünməsi barədə normalara istinad edərək məcburi payın müəyyən edilməsini xahiş edir. Lakin nəzərə alınmalıdır ki, ümumi mülkiyyətin bölünməsi ilə miras əmlakdan məcburi payın müəyyən edilməsi fərqli hüquqi nəticələrdir. İstinad edilən normalar nəzərə alınmasa iddia ərizəsinin işin faktiki halları barədə əsaslandırılmasından o qənaət formalaşır ki, iddiaçı anasının vəfatından sonra miras əmlakdan pay almamışdır, yəni miras əmlakla bağlı vərəsələr arasında mübahisə vardır. Lakin iddiaçının mirasın qəbulu ilə bağlı və ya məcburi pay hüququ haqqında vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariusa müraciət etməsi və bundan imtina edilməsi barədə hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Ümumiyyətlə payın müəyyən edilməsi tələb edilən əmlakın miras əmlak olması, miras qoyanın vəsiyyətnamə verməsi, kiməsə vərəsəlik şəhadətnaməsinin verilməsi iddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilmir. Yəni tərəflər arasında mübahisəli hüquq münasibətinin nədən irəli gəldiyi aydın deyil. Halbuki Mülki-prosessual qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Odur ki, aşağıda göstərilən normalara əsasən iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya əldə etməyə çalışdığı hüquqi nəticə baxımından nöqsanları aradan qaldırmaqla məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar