Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4557/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kredit borcunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən, bank sonuncuya istehlak yönümlü 800 manat məbləğində kredit kartı limiti ayırmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh kredit kartındakı pul məbləğində istifadə etdiyi hissəni müqavilədə nəzərdə tutulan müddətdə faizləri ilə birlikdə geri ödəməyi öhdəsinə götürsə də, həmin öhdəliklərə lazımınca əməl etməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 05 noyabr 2020-ci il tarixə banka 92,28 manat məbləğində əsas, 10,33 manat məbləğində faiz, 17,96 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 120,57 manat məbləğində borcu yaranmışdır. “X2 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yuxarıda göstərilən məbləğdə borcun, eləcə də, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin və poçt xərci kimi 3,4 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini bildirib işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ödəniş qəbzini məhkəməyə təqdim edərək 30 iyun 2021-ci il tarixdə banka 126 manat ödəniş etdiyini bildirmiş, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh “X2 Azərbaycan” QSC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit və faiz borcunu vaxtında ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə “X2 Azərbaycan” QSC arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 17,96 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Belə olan təqdirdə cavabdehin iddiaçıya əsas borcu 92,28 manat, faiz borcu 10,33 manat, cərimə borcu 5 manat müəyyən edildiyindən ümumi borcun məbləği 107,61 manat təşkil edəcəkdir. Eyni zamanda, iddia tələbi üzrə xərclər və komissiya üzrə 2 manat , poçt xərci kimi 3,4 manat cavabdehdən tutulmalı olduğundan cavabdehdən ümumi tutulmalı məbləğ 113,01 manatdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 30 iyun 2021-ci il tarixdə iddiaçının hesabına 126 manat ödəniş edildiyi nəzərə alınmalı, həmin məbləğdən cavabdehdən tutulmalı ümumi məbləğ çıxılmaqla (126-113,01) qalan məbləğ iddiaçının iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi qəbul edilməli, beləliklə, Cavabdeh “X2 Azərbaycan” QSC-yə 09 iyul 2014-cü il tarixli müqavilə üzrə borcunun olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsində qeyd olunur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4557/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4557/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver