Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4597/2022 12.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC (KATV1) Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “KATV1” əmtəə nişanı ilə fəaliyyat göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlanmadan qanunsuz olaraq qoşulma nəticəsində 175,89 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30.4 manat dövlət rüsumunun, cəmi 306,29 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və Radio yayımı haqqında Qanununa uyğun olaraq, xx.xx.2005-ci il tarixdə və xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən Ədalət-A hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 106 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2014-cü il tarixdə həmin ünvanda yaşayan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil KATV1 xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2015-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2015-ci il tarixdə 27.6 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2017-ci il tarixdə "xxxx" hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin mütəxəssisinin iştirakı sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 6579 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Belə olan halda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, kabel şəbəkəsindən ayrıldıqdan sonra, öz şəxsi hesabına peyk antenası quraşdırdığını, həmin vaxtdan da kabel şəbəkəsindən istifadə etmədiyini bildirərək, tələbin təmin edilməməsini xahiş etdi. Həmçinin məhkəməyə fotoşəkillər təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli 6579 N saylı aktdan görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 1 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 17 saylı mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olumasında mənzil sakinin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısı döyülsədə mənzilin sahibi qapını açmamışdır. - xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2014-cü il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2015-ci il tarixinədək etmiş və xx.xx.2015-ci il tarixdə 27.6 manat borc ilə şəbəkədən ayrılmışdır. -106 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. -DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə göstərilən hüquqi xidmətə görə 100 manat ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında bildirdi ki, cavabdehin qonşusudur. Həmin vaxtlar o peyk antena ustası işləyirdi və cavabdehin xahişi ilə onun evinə peyk antenası quraşdırıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, həmin akt tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, bir neçə il əvvəl tərtib edilən akt cavabdehə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-4597/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4597/2022
12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver