Məhkəmə qərarları › İş №e-2(001)-4601/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4601/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4601/2024 16.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi ilə İddiaçı BOKT (Bank Olmayan Kredit Təşkilatı) "xxxx" QSC-nin (Qapalı Səhmdar Cəmiyyəti) Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 598,59 manat əsas, 26,94 manat cərimə borcu, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,4 manat olmaqla, ümumilikdə 655,93 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırlmışdır ki, cavabdehə 19 ay müddətinə qaytarılmaq şərti ilə 1601 manat kredit verilmiş və bununla bağlı iddiaçı ilə cavabdeh arasında 11 iyun 2022-ci il tarixli, 520-EMB-0472-22 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh iddiaçıya 14 may 2024-cü il tarixə əsas borcu 598,59 manat, cərimə borcu 26,94 manat olmaqla, ümumi borc 625,53 manat təşkil edir ki, bu borcun cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Cavabdehə 14 mart 2023-cü il tarixli, 1551/23 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)- 4601/2024 saylı qərardadına əsasən, mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq zərf geri qayıtmışdır. Lakin cavabdehin məxsus sms mobil telefon nömrəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh X1 iştirakı olmadan işə baxılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 11 iyun 2022-ci il tarixli, 520-EMB-0472-22 saylı müqavilədən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, iddiaçı tərəfindən cavabdehə alınmış mebellərə görə faizsiz 1601 manat kredit verilmiş, cavabdeh götürdüyü krediti 19 ay ərzində hər ay 89 manat (sonuncu ay 88 manat) ödəməyi öhdəsinə götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən ümumilikdə 1022,41 manat ödəniş olunmuş, bundan 1002,41 manat əsas borcdan, 20 manat cəriməyə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış 14 mart 2023-cü il tarixli “Son xəbərdarlıq” başlıqlı məktubda 162 manat əsas, 19,54 manat cərimə borcu olmaqla 14 mart 2023-cü il tarixə cəmi 181,54 manat borcun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. 30 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə əsas borcu 589,59 manat, cərimə borcu 26,94 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə (əvvəlki redaksiya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəliklərin mövcudluğu, bu öhdəliklərin cavabdeh tərəfindən lazımınca icra edilməməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə sübut olunur. Cavabdeh kredit müqaviləsinə əsasən kredit borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürsə də, öhdəliyinə lazımınca əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə qeyd olunanları ümumiləşdirib belə qənaətə gəlir ki, iddia təmin edilməli və cavabdehdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11 iyun 2022-ci il tarixli, 520-EMB-0472-22 saylı müqavilə ilə 598,59 manat əsas, 26,94 manat cərimə borcu olmaqla, cəmi 625,53 manat pul vəsaiti tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia təmin edildiyindən, ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11 iyun 2022-ci il tarixli, 520-EMB-0472-22 saylı müqavilə ilə 598,59 manat əsas, 26,94 manat cərimə borcu olmaqla, cəmi 625,53 manat, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat tutularaq BOKT "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar