Məhkəmə qərarları › İş №e-2(001)-4604/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4604/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4604/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti 1.İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehdən Cavabdeh xx.xx.2023-cü il tarixli BUMM1491818B299 saylı kredit müqaviləsinə əsasən 1481,77 AZN əsas; 253,8 AZN faiz; cəmi 1735,57 AZN borcu, xx.xx.2022-ci il tarixli BRCB6113313A299 saylı kredit kartına dair müqaviləyə əsasən 463,01 AZN əsas; 92,20 AZN faiz; cəmi 555,21 AZN borcun və 42.91 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM1491818B299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2000 AZN məbləğində kredit verilmiş, yəni kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6113313A299 saylı Kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit verilmiş, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli BUMM1491818B299 saylı kredit müqaviləsinə əsasən 1481,77 AZN əsas; 253,8 AZN faiz;cəmi 1735,57 AZN borcu, xx.xx.2022-ci il tarixli BRCB6113313A299 saylı kredit kartına dair müqaviləyə əsasən 463,01 AZN əsas; 92,20 AZN faiz; cəmi 555,21 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. II. Məhkəmə baxışının hədləri: 3.Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: - elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM1491818B299 sayli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 25% ödəmək 36 ay müddətinə qaytarmaq şərti ilə 2000 manat kredit verilmişdir. - elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6113313A299 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit verilmişdir. - İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh əsas borca 1481,77 manat, faiz borcu üzrə 253,8 manat, cəmi 1735,57 manat borcu, xx.xx.2022-ci il tarixli BRCB6113313A299 saylı Kredit müqaviləsi üzrə 463.01 əsas, 92.20 manat faiz olmaqla 555,21 manat borcu yaranmışdır. - İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, cavabdehin xx.xx.2022-ci il tarixli BRCB6113313A299 saylı Kredit müqaviləsi üzrə 463.01 əsas, 92.20 manat faiz olmaqla 555,21 manat borcu, xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 1356,93 manat əsas, 261,93 manat faiz borcu olmaqla, ümumilikdə 1618,86 manat yaranmış borcu ödəməyi təklif etmiş, əks təqdirdə kredit müqaviləsini ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: 4.Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır

6. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

7. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

9. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1356,93 manat məbləğində əsas bоrc, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 463.01 manat əsas, 92.20 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1356,93 manat məbləğində əsas bоrc, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 463.01 manat əsas, 92.20 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcu ilə bağlı qeyd edir ki, kreditor tərəfindən borcluya göndərilmiş mübahisənin məhkəmədən kənar həll edilməsi barədə məktubunda 261.93 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilməsinə baxmayaraq iddia tələbində 253.8 manat faiz borcu tələb edildiyindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 253.8 manat məbləğində faiz borcu tutulmalıdır.

10. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1356,93 manat məbləğində əsas bоrc, 253,8 manat faiz borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 463.01 manat əsas, 92.20 manat faiz borcu olmaqla ümumilikdə 2165,94 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının хeyrinə tutulmalıdır. Ödənilmiş 12,91 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

İV. Nəticə:

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 1356,93 manat məbləğində əsas bоrc, 253,8 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə 463.01 manat əsas, 92.20 manat faiz borcu olmaqla ümumilikdə 2165,94 (iki min yüz altmış beş manat doxsan dörd) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş 12,91 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar