Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4624/2024 29.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə kredit üzrə 4761,58 manat əsas borc və 0,01 manat faiz borcu, ödənilmiş 67,62 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 20 faizlə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. M.Mirzəyev xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 329 saylı məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 vərəsəsi kimi tanınmışdır. Maliyyə arayışına əsasən X4 xx.xx.2024-cü il tarixədək banka ödənilməmiş 4761,58 manat əsas borcu və 0,01 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mırası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçının qarşısında olan öhdəliyini icra etməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 qızı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
5. "xxxx" ASC ilə borclu X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********46 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20 faiz dərəcəsi olmaqla 6000 manat məbləğində kredit verilmiş, M.Mirzəyev xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək hər ay 223 manat (sonuncu ay 222,09 manat) ödəməyi öhdəsinə götürmüşdür.
6. Maliyyə arayışına əsasən X4 xx.xx.2024-cü il tarixə 4761,58 manat əsas borcu və 0,01 manat faiz borcu vardır.
7. Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1091 nömrə ilə qeyd edilmişdir.
8. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.
9. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə üzrə verilən miras əmlak isə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD742496 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2008-ci il olan “Hyundai H1” minik markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
10. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.
11. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X6 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, X6 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.
14. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
15. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
16. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor Mehman Mirzəyev öldükdən sonra buraxılış ili 2008-ci il olan “Hyundai H1” minik markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. İddiaçı ilə X6 arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında qəbul etdiyi miras payına mütənasib surətdə məsuliyyət daşıyır, ona görə də o, iddia tələbini həmin məbləğdə ödəməlidir. Belə ki, vərəsəlik haqqında şəhadətnamədən görünür ki, cavabdeh mərhumun mirasını tam şəkildə qəbul etmişdir.
17. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4761,58 manat əsas borc və 0,01 manat faiz borc olmaqla, ümumilikdə 4761,59 manat məbləğində borc tulularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
18. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
19. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 67,62 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4761,58 manat əsas borc və 0,01 manat faiz borc olmaqla, ümumilikdə 4761,59 (dörd min yeddi yüz altmış bir manat əlli doqquz qəpik) manat məbləğində borc, ödənilmiş 67,62 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova