Məhkəmə qərarları › İş №e-2(001)-4625/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4625/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4625/2025 16.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 105804-75215/1 saylı müqavilə üzrə 14.322,23 manat əsas borc və 1150.05 manat faiz borcu olmaqla, cəmi 15.472,28 manat borcun, 105797-PC********** saylı müqavilə üzrə 499.93 manat əsas, 22.99 manat faiz borcu olmaqla, 522.92 manat borcun və 138.68 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 iyul 2024 il tariхli, 105804-75215/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18.5% dərəcəsi ilə 15700 manat məbləğində krеdit vеrilmiş, 03 iyul 2024 il tariхli, 105797-PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə maksimal limiti 500 manat olan kredit xətti ayrılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da o, Banka olan borcunu ödəməmişdir. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

4. İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 105804-75215/1 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə illik 18.5% dərəcəsi ilə 15.700 (on beş min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Borcalan götürdüyü kreditə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək hər ay 465.77 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür.

5. İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 105797-PC********** nömrəli kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə illik 24% dərəcəsi ilə 50 (beş yüz) manat məbləğində kredit xətti açılmışdır.

6. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, 105804-75215/1 nömrəli kredit müqaviləsinə əsasən 14.322,23 manat məbləğində əsas borc və 1150.05 manat faiz borcu olmaqla, cəmi 15.472,28 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 125 gün təşkil edir

7. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, 105797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 499.93 manat məbləğində əsas borc və 22.99 manat faiz borcu olmaqla, cəmi 522.92 manat borcu mövcuddur.

8. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişxəbərdarlıqdan görünür ki, xx.xx.2024-cü il tarixli, 105804-75215/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış 14.801,07 manat əsas borc və 671.52 manat faiz borcu olmaqla, cəmi 15.472,59 manat borcla əlaqədar məlumat verilməklə borcun xx.xx.2025-ci il tarixinədək ödənilməsi tələb edilmiş, əks halda onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 385.1-ci maddəsinə görə ohdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır.

11. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

12. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

13. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

18. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

Məhkəmənin mövqeyi

24. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

25. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

26. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir.

27. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər (iddiaçı və cavabdeh) arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri yaranmışdır.

28. Belə ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 105804-75215/1 nömrəli kredit müqaviləsinin 2-ci bəndindən görünür ki, bir tərəf (İddiaçı ASC) borcalan Cavabdeh şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə illik 18.5% dərəcəsi ilə 15.700 manat məbləğində kredit və xx.xx.2024-cü il tarixli, 105797- PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən isə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə illik 24% dərəcəsi ilə 50 (beş yüz) manat məbləğində kredit kartı (xətti) verməyi, borcalan Cavabdeh isə krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli Əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə kredit müqaviləsi üzrə illik 18.5% dərəcəsi, kredit kartı üzrə isə illik 24% dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Bununla da tərəflər arasında yazılı formada kredit müqavilələri bağlanılmışdır.

29. Müqavilələrin qeyd olunan tələblərindən müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh əsas borc və faizləri ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəməli olduğu halda ona xəbərdarlıq edilməsinə baxmayaraq vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

30. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, borclu icranı lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə iddia tələbi hər iki müqavilə üzrə əsas borc tələbi hissəsində tam təmin edilməli, Cavabdeh 105804-75215/1 nömrəli müqavilə üzrə 14.322,23 manat, 105797-PC********** nömrəli müqavilə üzrə 499.93 məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

31. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı 105804-75215/1 nömrəli müqavilə üzrə ödənilməli borc barədə cavabdehə xx.xx.2025-ci il tarixli bildirişlə (xəbərdarlıqla) müraciət edərkən maliyyə arayışında göstərilən faiz məbləği (1150.02 manat) barədə deyil, başqa məbləğ (671.52 manat) barədə borclunu məlumatlandırmışdır. Ona görə də iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir.

32. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərməklə ondan bütün borcun qaytarılmasını tələb etməsi, əks halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilməsi (birtərəfli qaydada iradə ifadəsinin qarşı tərəfə bildirilməsi) kredit müqaviləsinin bildirişdə göstərilən əlavə müddət bitdiyi tarixdən birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Ona görə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 105804-75215/1 nömrəli kredit müqaviləsi bildirişdə göstərilən əlavə müddət bitdiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixində ləğv edilmiş hesab edilir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması qanuni yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Lakin kreditor müqavilə ləğv edildiyi vaxtdan digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil. Ona görə hazırki vəziyyətdə iddia tələbi faiz hissəsində qismən, yəni bildirişdə göstərilən 671.52 manat məbləğində təmin edilməlidir.

33. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən 105804-75215/1 saylı müqavilə üzrə 14.322,23 manat əsas borc və 671.52 manat faiz borcu olmaqla, cəmi 14.993,75 manat borc, 105797-PC********** saylı borc üzrə 499.93 manat əsas, 22.99 manat faiz borcu olmaqla, 522.92 manat borc manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

34. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 138.68 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh: - 105804-75215/1 saylı müqavilə üzrə 14.322,23 manat əsas borc və 671.52 manat faiz borcu olmaqla, cəmi 14.993,75 manat (on dörd min doqquz yüz doxsan üç manat yetmiş beş qəpik) borc; - 105797-PC********** saylı müqavilə üzrə 499.93 manat əsas, 22.99 manat faiz borcu olmaqla, 522.92 manat (beş yüz iyirmi iki manat doxsan iki qəpik) borc və 138.68 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar