Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4699/2023 11.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 0104075AZN57978 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3676,99 manat əsas borc, 849,27 manat faiz borcu, 6420,08 manat cərimə borcu olmaqla, cəmi 10946,34 manat; AVNS943 maliyyələşdirilmə üçün ərizəyə əsasən 500 manat əsas borc, 6,15 manat faiz borcu, 239,07 manat cərimə borcu olmaqla, cəmi 745,22 manat; AVNS943 maliyyələşdirilmə üçün ərizə üzrə kredit xəttinə əsasən (AZ51PAHA41010AZNFK********** saylı hesaba əsasən) aparılmış əməliyyatlar nəticəsində texniki overdraft üzrə 581,7 manat məbləğində borcun; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 127 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-17219İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X6 çərçivəsində AVNS943 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 24% olmaqla, 500 (beş yüz) manat məbləğində kredit xətti verilmişdir. X5 Toplusu çərçivəsində 0104075AZN57978 saylı fərdi müştərilərinin maliyyələşdirməsi üçün ərizə üzrə Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixinədək illik faiz dərəcəsi 26%, illik cərimə faiz dərəcəsi 180% olmaqla 6150 (altı min bir yüz əlli) manat məbləğində istehlak məqsədi ilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. 0104075AZN57978 saylı fərdi müştərilərinin maliyyələşdirməsi üçün ərizə üzrə müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 837 gün, AVNS943 maliyyələşdirilmə üçün ərizə və texniki overdraft əməliyyatı üzrə 242 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə bank qarşısında öhdəliyi 0104075AZN57978 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3676,99 (üç min altı yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat əsas borc, 849,27 (səkkiz yüz qırx doqquz manat iyirmi yeddi qəpik) manat faiz borcu, 6420,08 (altı min dörd yüz iyirmi manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10946,34 (on min doqquz yüz qırx altı manat otuz dörd qəpik) manat; AVNS943 maliyyələşdirilmə üçün ərizəyə əsasən 500 (beş yüz manat) manat əsas borc, 6,15 (altı manat on beş qəpik) manat faiz borcu, 239,07 (iki yüz otuz doqquz manat yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 745,22 (yeddi yüz qırx beş manat iyirmi iki qəpik) manat, AVNS943 maliyyələşdirilmə üçün ərizə üzrə kredit xəttinə əsasən (AZ51PAHA41010AZNFK********** saylı hesab üzrə) xətt üzrə aparılmış əməliyyatlar nəticəsində texniki overdraft üzrə 581,7 (beş yüz səksən bir manat yetmiş qəpik) manat təşkil edir. X3 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X3 Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. X3 5-ci bölməsinin 2.11-ci bəndinə əsasən kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiklərini, iddianı müdafiə etdiklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, o, sözügedən kreditləri götürdüyü vaxt işləyirdi, aylıq ödənişlər onun əmək haqqından çıxılırdı. Sonradan işdən çıxdığından borcu ödəmək imkanı qalmamışdır. İş materiallarında olan: - İddiaçı ilə cavabdeh arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, AVNS943 saylı razılıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 20 faiz, illik cərimə faiz dərəcəsi 24 faiz olmaqla 24 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. - İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli, 0104075AZN57978 saylı razılıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 26 faiz, illik cərimə faiz dərəcəsi 180 faiz olmaqla 24 ay müddətinə 6150 manat məbləğində kredit verilmişdir. - Maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh 25 iyun 2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 0104075AZN57978 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3676,99 (üç min altı yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat əsas borc, 849,27 (səkkiz yüz qırx doqquz manat iyirmi yeddi qəpik) manat faiz borcu, 6420,08 (altı min dörd yüz iyirmi manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 10946,34 (on min doqquz yüz qırx altı manat otuz dörd qəpik) manat təşkil edir, gecikmə günün sayı-837; AVNS943 maliyyələşdirilmə üçün ərizəyə əsasən 500 (beş yüz manat) manat əsas borc, 6,15 (altı manat on beş qəpik) manat faiz borcu, 239,07 (iki yüz otuz doqquz manat yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 745,22 (yeddi yüz qırx beş manat iyirmi iki qəpik) manat, gecikmə gününün sayı-242; AVNS943 maliyyələşdirilmə üçün ərizə üzrə kredit xəttinə əsasən (AZ51PAHA41010AZNFK********** saylı hesab üzrə) xətt üzrə aparılmış əməliyyatlar nəticəsində texniki overdraft üzrə 581,7 (beş yüz səksən bir manat yetmiş qəpik) manat təşkil edir, gecikmə gününü sayı-242. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh razılaşmalara əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, iddia tələbində göstərilən məbləğlərə uyğun əsas və faiz borcunun ondan tutularaq iddiaçıya ödənilməsinə əsas yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış “maliyyələşdirilmə üçün ərizə”lərdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə AVNS943 nömrəli ərizə üzrə 500 manat məbləğində əsas borca tənasübsüz olaraq 239,07 manat, 0104075AZN57978 saylı ərizə üzrə 3676,99 manat məbləğində əsas borca 6420,08 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, AVNS943 nömrəli ərizə üzrə hesablanmış 239,07 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 35 manat, 0104075AZN57978 saylı ərizə üzrə hesablanmış 6420,08 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 257,3 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-ci maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.). Həmin Məcəllənin 1094-cu maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaların nəzərə alınmaqla, məhkəmə hesab edir ki, texniki overdraft üzrə 581,7 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 79 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh AVNS943 maliyyələşdirilmə üçün ərizəyə əsasən 500 manat əsas, 6,15 manat faiz, 35 manat cərimə, 0104075AZN57978 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3676,99 manat əsas, 849,27 manat faiz, 257,3 manat cərimə, AVNS943 maliyyələşdirilmə üzrə ərizə üzrə kredit xəttinə əsasən aparılmış əməliyyatlar nəticəsində texniki overdraft üzrə 581,7 manat, eləcə də dövlət rüsumunun əvəzi kimi 79 manat olmaqla, ümumilikdə 5985,41 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4699/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4699/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver