Məhkəmə qərarları › İş №e-2(001)-4705/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4705/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4705/2025 02.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 8753,56 manat əsas, 1019,7 manat faiz olmaqla, cəmi 9773,26 manat borcun və 117,74 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 iyun 2023-cü il tariхli, 100804-355519/6 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 17% dərəcəsi ilə 16800 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 10 iyun 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 8753,56 manat məbləğində əsas bоrc və 1019,7 manat faiz borcu оlmaqla, cəmi 9773,26 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, bankdan kredit götürmüş, müəyyən ödənişlər etmişdir. Lakin maddi vəziyyəti ilə əlaqədar ödənişləri etməkdə çətinlik çəkir. Pretenziya məktubunda göstərilən məbləğdə borcu qəbul edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklər. Odur ki, məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2023-cü il tarixli, 100804- 355519/6 saylı kredit müqaviləsinə əsasən bank 16.800 manat məbləğində krediti 36 ay müddətinə illik 17% dərəcəsi ilə borcalana verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür; Müqaviləyə 1 nömrəli Əlavədən - ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 iyun 2023-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər hər ay 598.97 manat, sonuncu ay xx.xx.2026-cı il tarixdə isə 598,80 manat məbləğində banka ödəniş etməsi nəzərdə tutulmuşdur. 05 iyun 2023-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh bankdan 16800 manat məbləğində krediti kassadan təhvil almışdır; İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 iyun 2023-cü il tarixli, 100804-355519/6 saylı kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 8753,56 manat, 1019,7 manat faiz borcu olmaqla, cəmi 9773,26 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən borcalan Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, sonuncu banka olan 9147,56 manat əsas və 425,3 manat faiz borcu olmaqla, cəmi 9572,86 manat borcunu xəbərdarlıq məktubunu aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödənilməli olması, məhkəmə qaydasında qanunvericiliyə uyğun tədbirlər görüləcəyi ilə bağlı xəbərdar olunmuşdur; xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 117,74 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edirəm ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 8753,56 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 1019,7 manat məbləğində faiz məbləğinin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu (bildiriş) göndərərək cavabdehdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05 iyun 2023-cü il tarixli, 100804-355519/6 saylı kredit müqaviləsi üzrə Cavabdeh 8753,56 manat məbləğində əsas borc və 425,3 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9178,86 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidr. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 117,74 manat məbləğində dövlət rüsumunun 111,78 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 05 iyun 2023-cü il tarixli, 100804-355519/6 saylı kredit müqaviləsi üzrə 8753,56 (səkkiz min yeddi yüz əlli üç manat 56 qəpik) manat məbləğində əsas borc və 425,3 (dörd yüz iyirmi beş manat 30 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9178,86 (doqquz min bir yüz yetmiş səkkiz manat, 86 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 111,78 (bir yüz on bir manat 78 qəpik) manatının əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar