Məhkəmə qərarları › İş №e-2(001)-4711/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4711/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4711/2023 11.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ASC ilə X3 arasında bağlanmış 13 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 19 faizlə 24 ay müddətinə ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. 24 oktyabr 2021-ci il tarixdə X3 vəfat etmişdir, arvadı Cavabdeh onun vərəsəsi kimi tanınmışdır. Kredit müqaviləsi üzrə borc ödənilmədiyindən 25 iyun 2023-cü il tarixə həmin müqavilə üzrə banka 3124,69 manat əsas, 929,35 manat faiz, 5323,25 manat cərimə borcu, habelə müqavilə müddətinin bitdiyi 13 noyabr 2022-ci il tarixdən maliyyə arayışında göstərilən 25 iyun 2023-cü il tarixədək illik 5 faizlə hesablanmış gecikdirilmiş faiz borcu olaraq 97,55 manat olmaqla, ümumilikdə 9474,84 manat borc yaranmışdır. Hazırda İddiaçı ASC kredit müqaviləsi üzrə borclu X2 vərəsəsi Cavabdeh yuxarıda göstərilən məbləğlərə uyğun əsas, faiz borcunu, hesablanmış cərimə borcunun 50 faizi kimi 2661,63 manatın və gecikdirilmiş faiz borcunun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 88,13 manatın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiklərini, iddianı müdafiə etdiklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, mərhum əri bankdan sözügedən krediti müalicəsi ilə bağlı götürmüşdür. Belə ki, əri onkoloji xəstə olmuş, lakin müalicəsi uğurlu nəticə vermədiyindən, vəfat etmişdir. Hazırda o, ərinin hüquqi varisi olsa da, sözügedən kredit borcunu ödəməyə maddi imkanı yoxdur. Sonda Cavabdeh məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Tədqiq edilən sübutlar: - İddiaçı ASC ilə X3 arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli, 23-Y-2-0- 1236-20 saylı “Kredit müqaviləsi”ndən görünür ki, Y.İbrahimov bankdan illik 19 faizlə 24 ay müddətinə geri ödəmək şərti ilə 7000 manat kredit götürmüşdür. - Maliyyə arayışından görünür ki, 25 iyun 2023-cü il tarixə həmin kredit müqaviləsi üzrə 3124,69 manat əsas, 929,35 manat faiz, 5323,25 manat cərimə, 97,55 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 9474,84 manat borc yaranmışdır. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən iddiaçıya ünvanlandırılmış 19 fevral 2023-cü il tarixli, 268 nömrəli məktubdan və qoşma edilmiş notariat işinin surətindən görünür ki, 06 iyun 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, 24 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi arvadı Cavabdeh tanınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə borgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, elcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbini, onun əsaslandırıldığı halları nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borclu – mərhum X2 arvadıdır, məhkəmə iclasındakı izahatında cavabdeh əri tərəfindən sözügedən kreditin götürüldüyünü, lakin sonradan əri vəfat etdiyindən, onun borcu qaytarmağa maddi imkanının olmadığını bildirmişdir. Yəni, borcun məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə təmin olunmalı, 3124,69 manat əsas, 929,35 manat faiz borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Bank tərəfindən cərimə borcu 5323,25 manat hesablanmaqla, cavabdehdən həmin məbləğin 50 faizi tələb olunmasına baxmayaraq, məhkəmə hesab edir ki, 3124,69 manat əsas borca tənasübsüz olaraq 2661,63 manat cərimə borcunun hesablanması əsaslı deyildir və həmin məbləğ məhkəmə tərəfindən azaldılaraq 219 manat müəyyən edilməlidir. Eləcə də, məhkəmə onu da qeyd edir ki, kredit müqaviləsinin müddəti 13 noyabr 2022-ci il tarixdə bitmiş, müqavilə üzrə borclunun hüquqi varisi barədə məlumatlar notariat ofisi tərəfindən banka 19 fevral 2023-cü il tarixli məktubla verilmişdir. Belə olan halda illik 5 faizlə gecikdirilmiş faiz borcunun 13 noyabr 2022-ci il tarixdən maliyyə arayışında göstərilən 25 iyun 2023-cü il tarixədək hesablanmasını da məhkəmə əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, gecikdirilmiş faiz borcu 13 noyabr 2022-ci il tarixdən 19 fevral 2023-cü il tarixədək olan dövr üzrə hesablanmaqla bu hissədə iddia tələbi 39 manat həcmində (3124,69 manat X illik 5 % = 156,2 manat X 3 ay / 12 ay) təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3124,69 manat əsas, 929,35 manat faiz, 219 manat cərimə, 39 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 4273,43 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 44,07 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 13 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 3124,69 manat əsas, 929,35 manat faiz, 219 manat cərimə, 39 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 4273,43 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 44,07 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar