Məhkəmə qərarları › İş №e-2(001)-4727/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4727/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4727/2022 17.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh2 (eyni zamanda digər Cavabdeh1 nümayəndəsi) iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14.378,59 manat məbləğində əsas bоrc və 2.283,73 manat məbləğində faiz borcu оlmaqla, cəmi 16.662,32 manat məbləğində borcun və 140,39 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 11 iyun 2021 il tariхli, 101804-537578/3 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 16.000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər Cavabdeh1 arasında 11 iyun 2021 il tariхli, 101804-537578/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 11 iyun 2021 il tariхli, 101804-537578/3 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 29 iyun 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 14.378,59 manat məbləğində əsas bоrcu və 2.283,73 manat faiz borcu оlmaqla, ümumilikdə 16.662,32 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bеləliklə, krеdit müqaviləsi üzrə öhdəliklər yеrinə yеtirilmədiyinə görə yaranmış borc cavabdеhlərdən tutulmalıdır. Cavabdeh2 iddiaya etiraz göndərərək bildirmişdir ki, o, iddiaçının 2018-ci ildən etibarən daimi və loyal müştərisidir. Hər zaman ona bank tərəfindən ayrılmış istehlak krediti üzrə ödənişləri vaxtı-vaxtında və məsuliyyətlə yerinə yetirmişdir. Əminliklə qeyd edə bilər ki, heç bir ciddi və uzunmüddətli gecikmələri olmamış və bankın daxili sistemində müsbət və yüksək reytinqli müştəri kimi qeydiyyatda olmuşdur. Lakin, 2021-ci ilin dekabr ayından etibarən onun səhhətimdə ciddi problemlər başladığı üçün, habelə bunun nəticəsi olaraq əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyinə görə 2022-ci il yanvar ayının 24-dən etibarən xəstəlik məzuniyyətinə çıxmaq məcburiyyətində qalmışdır. İşdə keçirdiyi stress və həyəcan nəticəsində artıq stend olan ürəyində işemik xəstəlik və gərginlik stenokardiyası daha da dərinləşmiş və ümumi vəziyyəti daha da ağırlaşmışdır. Nəticədə onda tənginəfəslik, sinədə göynəmə, kürəkdə ağrılar və tərləmələr müşahidə olunmuşdur. Bundan başqa, ürəyin aritmiyası və qan təzyiqinin qalxıb-düşməsi vəziyyətini biraz da pisləşdirmişdir. Bir neçə dəfə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq onun üçün təcili-tibbi yardım çağırılmışdır. Sadalanan neqativ tibbi proseslərin nəticəsi olaraq, səhhətinin pisləşməsi onun ürəyim üzərində mini əməliyyat, yəni koronar anqioqrafiyanın keçməsi ilə nəticələnmişdir. Daha sonra isə, ambulator müalicədən stasionar müalicəyə transfer olunaraq bir neçə dəfə xəstəxana rejimində yatmışdır. 2022-ci yanvarın sonundan əmək qabiliyyətimn itirməyinə və əmək haqqının 60% qədərini almağına baxmayaraq, o, yaranmış belə çətin və ağır durumda bacardığı qədər, yəni imkan daxilində yanvardan etibarən bir neçə dəfə hissə-hissə ödənişlər etmişdir. İddiaçıdan başqa digər bank və bank olmayan kredit təşkilatlarına kreditləri var və səhhəti ilə əlaqədar olaraq maliyyə vəziyyətinin ağır olması səbəbindən ödənişləri tam həcmdə etmək imkanı olmamış və bunu ona dəfələrlə zəng edən iddiaçının əməkdaşlarına bildirmişdir. Ödənişləri tam həcmdə və vaxtı-vaxtında ödəməməyi üçün üzürlü səbəbləri olmuşdur. Bu səbəblər səhhətində olan ciddi problemləri və bunun nəticəsi olaraq əmək qabiliyyətinin itirilməsi, əmək haqqının 60% qədərini almağı, dərmən və müalicə xərclərinin və məsrəflərinin yüksək olması, habelə himayəsində iki azyaşlı övladlarının və işləməyən yoldaşının olmasıdır. Səhhətinin getdikcə pisləşməsi ona gətirib çıxartmışdır ki, o, aprel ayının sonundan işdən ayrılmalı olmuş və müalicələrini davam etdirmək məcburiyyətində qalmışdır. Hətta, may ayının sonunda vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, o, təcili tibbi yardım vasitəsi ilə Ə.D. Məlikov adina 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. O, 26 aprel 2022-ci il tarixindən bugünədək işsizdir və ödəniş etmək üçün heç bir imkanı yoxdur. Bundan başqa, onun müalicə və digər tibbi prosedurlarına və dərmanlarına xeyli xərcləri və məsrəfləri çıxır. Bu cür ağır şərtlər altında ödəniş etmək qabiliyyətində deyil. Lakin, bu o demək deyil ki, o, ödəniş etmək fikirində deyil və yaxud ödənişlər üzrə öhdəliklərini qəsdən və üzürsüz səbəb olmadan icra etmir və ya onları bilərəkdən icra etməkdən boyun qaçırır. Əksinə, o, məsələyə məsuliyyətli və vicdanlı yanaşaraq, habelə qanunverciliyin tələblərinə riayət edərək, iddiaçıya rəsmi məktubla müraciət etmişdir. Banka pis vəziyyətdə və çətin durumda olduğunu izah edərək xahiş etmişdir ki, ona müəyyən güzəşt və kompromislər olunsun. Bundan başqa, ona dəfələrlə zəng edən bank əməkdaşlarına vəziyyəti barədə və ödəmə qabiliyyətinin olmaması haqda mütəmadi olaraq məlumat verirdi. Lakin, əfsuslar olsun ki, iddiaçı onun məktubuna heç bir rəsmi cavab yazmamış və zərrə qədər belə güzəştə getməmişdir. İndi onun səhhətində müsbət vəziyyət yaransa da, o, hal-hazırda işsiz olduğu üçün borcu ödəmək üçün imkanları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə müvafiq olaraq, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Yuxarda ətrafli izah etdiyi kimi, onun gecikmələri ondan asılı olmayan, onun təqsiri olmadan və üzürlü səbəblər nəticəsində baş vermişdir. Uzürlu səbələrinə dair bütün zəruri sənədlər mövcuddur. Bir neçə ay səhhəti ilə məşğul olduğu üçün və müalicələrinə diqqət yetirdiyi üçün aktiv iş axtarışı ilə məşğul ola bilməmişdir. Lakin, son bir ay ərzində səhhətində pozitiv dəyişikliklər müşahidə olunduğu üçün və özünü daha yaxşı hiss etdiyi üçün aktiv iş axtarışına başlamışdır. Artıq bir neçə yerdən müsahibələrə dəvət almış və çox umid edir və intervyuda iştirak etdiyi şirkətlərdən müsbət cavab gözləyir. Yeni işə başladığı təqdirdə, növbəti ayın maaşını alan kimi imkan dairəsində kredit ödənişlərimi bərpa etmək niyyətindədir, çünki onun borcu ödəməmək, borcdan qəsdən yayınmaq və yaxud üzürlü səbəb olmadan borcu ödəməmək, habelə borcu ümumiyyətlə ödəməkdən imtina etmək kimi fikir və niyyətləri qətiyyən yoxdur və ola da bilməz. O, borcunun olduğunu inkar etmir və onu ödəmək fikri var, lakin indiki vəziyyətdə və məbləğdə ödəmək imkanı yoxdur, imkanı yaranan kimi ödənişlərini, imkan dairəsində bərpa etmək niyyətindədir. Yuxarda qeyd olunanlardan başqa, ona qarşı irəli sürülmüş iddiaya etiraz olaraq bankın onunla imzaladığı krediti müqaviləsində yol verdiyi qanun pozuntularını diqqətə çatdırmaq istəyir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. İddiaçı isə onunla bağladığı kredit müqaviləsinə müvafiq olaraq və ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən faizləri ayda bir dəfə tutur. Bu mövcud qanunvericiliyə ziddir. Belə ki, həmin maddəyə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu maddədən belə nəticəyə gəlmək olur ki, iddiaçı qanunu pozmuşdur, çünki faizlər ilin sonunda deyil, əksinə hər ay tutulmuşdur. Bundan başqa, aralarında bağlanmış kredit müqaviləsinə əsasən borcun bir il başa çatanadək qaytarılması şərti və yaxud öhdəliyi mövcud deyildir, əksinə kredit borcu 36 ay müddətinə qaytarılması təmin edilməlidir. Başqa sözlə, kredit borcunun bir il bitənədək qaytarılması kredit müqaviləsində şərtləşdirilməyib. Bundan başqa, borcun faizlər ilə bir vaxtda ödənilməsi və eyni zamanda qaytarılması tələbini mövcud qanunvericilik nəzərdə tutmur, əgər borc bir il başa çatanadək qaytarılmalı deyilsə. Beləliklə, iddiaçının əsas borc ilə faizi eyni zamanda tələb etməsi qanunsuz və əsassızdır, çünki Mülki Məcəllədə borcluya qarşı bu cür tələb mövcud deyil. Bu səbəbdən, bankın onunla bağladığı kredit müqaviləsi və ona zamin duran şəxslə bağlanmış zaminlik müqaviləsi qanunsuz və etibarsızdır. Bundan başqa, bankın kredit müqaviləsində təqdim etdiyi ödənişin silinməsi ardıcıllığı, yəni gecikdirilmiş borc üzrə ödənişdən, ilk növbədə, cərimə faizlərinin, sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən, əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Təbii ki, əsas borc onun üçün borclu olaraq daha ağır tələbdir, çünki əsas borcun üstünə faiz gəlir. Buna görə də, cərimə faizinin və faizin ilk növbədə tutulması qanunsuzdur. Beləliklə, onunla iddiaçı arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli istehlak krediti müqaviləsinin 4.1, 4.4, 4.5 və 8.3-cü maddələri, habelə iddiaçının ona təqdim etdiyi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli Azerbaycan Respublikasının qanunvericiliyinə, yəni Mülki Məcəlləyə ziddir. Bu isə o deməkdir ki, sözügedən kredit müqaviləsi etibarsız və qanunsuzdur. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən yol verilmiş yuxardaki qanun pozuntuları yalnız borcalanın hüquq və mənafeyini deyil, həmçinin zamin duran şəxsin hüquqlarını və haqqlarını pozduğu üçün, zaminlik müqaviləsi də etibarsız və qanunsuzdur. Bundan başqa, bankla arasında olan kredit müqaviləsinin 5-ci maddəsində bankın hüquq və öhdəlikləri barədə müddəalar öz əksini tapsa da, borcalanın yalnız öhdəlikləri barədə bəndlər mövcuddur. Bu o deməkdir ki, bank qəsdən borcalanın hüquqları haqqında müddəaları müqaviləyə daxil etməmişdir. Bunu borcalanın hüquqlarının məhdudlaşdırılması və qanunla qorunan mənafeyi əlehinə olan hal kimi qiymətləndirir, çünki bununla ədalət prinsipi və tərəflərin bərabər hüquqlara malik olma prinsipi pozulmuşdur. Yekun olaraq bu onu deməyə əsas verir ki, iddiaçı Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 741 və 440.2-ci maddələrini pozaraq həm borcalanı, həm də zamin duran şəxsi aldatmış və onların etibarından sui-istifadə etmiş və hüquqlarını pozmuşdur. Həmçinin, bank yol verdiyi qanun pozuntuları ilə borcalanı və zamini ağır duruma salmış və vəziyyətlərinin pisləşməsinə səbəb olmuşdur. Habelə, bank borcalanın rəsmi məktubunu, üzürlü səbəblərini ispat edən tibbi sənədlərini, həkim rəylərini və digər sübütları nəzərə almamaqla və kompromisə getməməklə Mülki Məcəllənin 445.5-ci maddəsini lazımınca diqqətə almamış, vəziyyəti ədalətli və zəruri formada təhlil etməmiş və illərlə müştərisi olmuş şəxsin məsələsini ümumiyyətlə lazimi səviyyədə araşdırmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı həmin maddənin tələblərini pozmuşdur. Qeyd etmək lazımdır ki, sözügedən kredit müqaviləsinin müəyyən müddəalarının icrası məqsədəmüvafiq deyil, çünki sözügedən müqavilə bəndləri (4.1, 4.4, 4.5 və 8.3) qanunvericiliyə ziddir. Beləliklə, iddiaçının tərtib etdiyi kredit və zaminlik müqavilələrində, habelə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə nömrə 1-də əksini tapmış ödəniş cədvəlində (kredit müqaviləsinin 4.1-ci maddəsi) qanun pozuntularına yol verdiyi üçün həmin müqavilələrin (kredit və zaminlik) və kredit müqaviləsinə 1 saylı əlavədə öz əksini tapmış ödəniş cədvəlinin ləğv olunması və borcalanla Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olan və qanunvericiliyin tələblərini pozmayan yeni kredit müqaviləsi bağlanmalı və qanunvericiliyə uyğun yeni ödəniş cedvəli təklif olunmalıdır. Göstərilənlərə əsasən onunla iddiaçı arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli istehlak krediti müqaviləsinin qanunsuz və etibarsız elan edilməsi, kredit müqaviləsinin qanunsuz olması səbəbindən, zaminin zaminlikdən imtinasını qəbul edərək zaminlik müqaviləsinin etibarsız və qanunsuz elan edilməsi, kredit müqaviləsinin 1 nömrəli əlavəsində əks olunmuş ödəniş cədvəlinin etibarsız və qanunsuz elan olunması, Azərbaycan Respublikasının qanunverciliyini pozmayan onunla bank arasında yeni istehlak krediti müqaviləsinin, habelə qanunvericiliyə uyğun yeni ödəniş cədvəlinin tərtib edilməsi və tərəflər tərəfindən imzalanması, bankın 2021-ci il iyul ayından qanunvericiliyə zidd olaraq ondan tutduğu aylıq faizlərin qanunsuz və etibarsız elan edilməsi, habelə həmin faizlərin əsas borca yönəldilməsi, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinə müvafiq olaraq iş üzrə məhkəmə-mühasibatlıq (maliyyə) ekspertizasının təşkil olunması və keçirilməsi, yuxarda qeyd etdiyi üzürlü və obyektiv səbəblərdən irəli gələn, habelə ondan asılı olmayan və onun təqsiri olmadan baş vermiş bu prosesləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə müvafiq olaraq təfsir edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddiaya qarşı daha bir etiraz göndərərək göstərmişdir ki, iddiaçı onunla bağladığı kredit müqaviləsinin 13.3 maddəsini, həmçinin Azərbaycan Respublikasınin qanunverciliyini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967-ci maddəsinə müvafiq olaraq bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Bank və onun arasında imzalanmış kredit müqaviləsinin 13.3-cü maddəsinə müvafiq olaraq bank bu müqavilədən irəli gələn hüquq və öhdəliklərini borcalanın razılığı olmadan üçüncü şəxsə verə bilər. Bu qanunverciliyə ziddir, çünki bank əgər bank sirrinin qorunmasına dair müştərisinə təminat verirsə, deməli bu onun əsas öhdəlikləri sırasındadır, həm qanunvericilklə, həm də bu müqavilə ilə. Lakin, bank üçuncü şəxsə hüquq və ödəliklərini ötürürürsə, müştərinin bank sirrini pozmüş olur, çünki bu həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967-ci, həm "Banklar haqqında" Qanunun 41-ci, habelə aralarında imzalanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 saylı kredit müqaviləsinin 11.2, 11.3, 11.4-cü maddələrinə ziddir. Həmçinin, ümumiyyətlə bank borclunun özündən və onun zaminindən başqa şəxsə zəng etməli deyil. Ailənin digər üzvlərinin bu işə heç bir aidiyyəti yoxdur. İddiaçının ona təzyiq aləti kimi ailə üvzlərinə və qohumlarına müraciət etməsi qanun pozuntusu olmuşdur. Beləliklə, iddiaçı qanunsuz olaraq ona aid olan bank sirrini yaymışdır. Əlavə olaraq, "Kommersiya sirri" haqqında Qanunun 2.0.1-ci maddəsinə müvafiq olaraq kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmin Qanunun 2.0.7. maddəsinə uyğun olaraq kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması deməkdir. Həmin Qanunun 5.0.4. maddəsinə müvafiq olaraq, kommersiya sirrindən öz maraqları üçün istifadə etmiş şəxslərdən vurulan ziyanın əvəzini məhkəmə qaydasında almaq nəzərdə tutulur. Bundan başqa, "Fərdi məlumatlar" haqqında Qanunun 5.2. maddəsinə müvafiq olaraq konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. Həmin Qanunun 13.1-cü maddəsinə müvafiq olaraq fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Cavabdeh1 da iddiaya eyni məzmunlu etiraz göndərərək onun zaminlikdən imtinasını qəbul edərək onunla iddiaçı arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli zaminlik müqaviləsinin qanunsuz və etibarsız elan edilməsi və həmin zaminlik müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 (eyni zamanda digər Cavabdeh1 nümayəndəsi) iddia tələbini qəbul etməyərək etirazların məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 16,5% olmaqla 16.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 saylı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. 11 iyun 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 16.000 manat məbləğində krediti təhvil almışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlamış 05 yanvar 2022-ci il tarixli xəbərdarlıqdan görünüd ki, onlara 11 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzr üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun 5 gün müddətindən gec olmayaraq ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən 29 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 11 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 29 iyun 2022-ci il tarixə banka 14.378,59 manat əsas və 2.283,73 manat faiz borcu olmaqla, cəmi 16.662,32 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 170 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 9/6127 nömrəli rəyindən görünür ki, Cavabdeh2 11 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 29 iyun 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 15.529,18 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 14.378,59 manat, faiz borcu 1.150,59 manat. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Əmək qabiliyyətinin olmaması vərəqələrindən və digər tibbi sənədlərdən görünür ki, Cavabdeh2 xəstəliyi ilə əlaqədar 2022-ci ildə müxtəlif vaxtlarda əmək qabiliyyətini müvəqqəti itirmişdir. Cavabdeh2 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədrinə ünvanlanmış müraciətdən görünür ki, banka xəstəliyi ilə əlaqədar olaraq borcun ödənilməsi qabiliyyətinin olmaması bildirilmiş və kredit müqaviləsi üzrə bütün faizlərin və cərimələrin silinməsi, yerdə qalan məbləğin isə restrukturizasiya edilməsi xahiş edilmişdir. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanlanmış 26 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 öz xahişi ilə həmin tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. 04 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 139,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 16,5% olmaqla 16.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh – zamin Cavabdeh1 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 xəstəliyi səbəbindən, daha sonra isə işsiz qaldığı üçün üzərinə düşən öhdəliyi lazımınca icra edə bilməmiş və nəticədə onun iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsasən banka 14.378,59 manat əsas və 2.283,73 manat faiz borcu olmaqla, cəmi 16.662,32 manat borcu qalmışdır. İş üzrə keçirilmiş ekspertizanın nəticələrinə əsasən Cavabdeh2 banka kredit müqaviləsi üzrə 14.378,59 manat əsas və 1.150,59 manat faiz borcu olmaqla, cəmi 15.529,18 manat borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməli, digər Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə, işdə olan ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək və həmin rəyi əsas götürərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 11 iyun 2021ci il tarixli, 101804-537578/3 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 14.378,59 manat məbləğində əsas borc, 1.150,59 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 15.529,18 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehlərin etirazlarında göstərdiyi dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcələsinin: 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir... Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir...Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar... Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərini tənzimləyən qanunvericiliyin müddəalarından və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında olan hüquqi mövqedən göründüyü kimi, kredit müqaviləsində əsas borcun və faizlərin qaytarılması müddəti müəyyənləşdirilə bilər. Yəni, hazırki iş üzrə tərəflər arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli kredit müqaviləsində əsas borcun və faizlərin hər ay hissə-hissə qaytarılması müddəalarının olması qanunvericiliyin tələblərinə zidd deyil. O da qeyd edilməlidir ki, Cavabdeh2 bu şərtlərə əməl edərək bir müddət kredit ödənişlərini (əsas və faiz borcunu) həyata keçirmişdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 ondan asılı olmayan səbələrə görə (xəstəliyi, işsiz olduğu və s.) kredit müqaviləsi üzrə öhdəliklərini icra etmək qabiliyyətinin olmaması zamin Cavabdeh1 həmin öhdəlikləri icra etmək vəzifəsindən azad etməmişdir və zamin öhdəliklərini icra etdiyi təqdirdə müqavilə üzrə icranın gecikməsi yaranmayacaqdı. Belə ki, zamin kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 14.378,59 manat məbləğində əsas borc, 1.150,59 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 15.529,18 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 130 manatı iddiaçının xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində vəsaitin 140 manatı cavabdehlərdən müştərək qaydada, 10 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14.378,59 (on dörd min üç yüz yetmiş səkkiz manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc, 1.150,59 (bir min bir yüz əlli manat, əlli doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 15.529,18 (on beş min beş yüz iyirmi doqquz manat, on səkkiz qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 130 (bir yüz otuz) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində vəsaitin 140 (bir yüz qırx) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 10 (on) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar