Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4731/2022 28.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.000 ABŞ dolları (ödəniş gününə olan manat ekvivalenti), 25.000 manat məbləğində pulun və ödənilmiş 270 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonunda yerləşən Masazır qəsəbəsində “İxlas Su” sexini işlədir. Həmin sexdə suyu aparatlarla sterilizə edib, 19 litrlik qablarla sifarişçilərə satışı ilə məşğul olur. Cavabdehi həmin sexdə müştəri kimi tanımış, daha sonra münasibətləri yaranmışdır. 2019-cu ilin sentyabr ayında cavabdeh ona yaxınlaşaraq, atasının həbsdə olduğunu, həbsdən azad etmək üçün pul lazım olduğunu bildirmişdir. Cavabdehə köməklik göstərmək niyyəti ilə 2019-cu ilin sentyabr ayında onun yaşadığı ünvan 1 ünvanında yerləşən həyət evində, tanışı Araz Vəliyevin iştirakı ilə cavabdehə 6.000 ABŞ dolları məbləğində borc pulu, 2019-cu ilin dekabr ayınadək qaytarmaq şərtilə vermişdir. Lakin, deyilən tarixdə cavabdeh öhdəliyini yerinə yetirə bilməmiş, 2020-ci ilin mart-aprel aylarında yenidən yaxınlaşaraq atasının həbsdən azad edilməsi üçün ona yenidən 12.000 ABŞ dolları məbləğində pula ehtiyacı olduğunu, atasının həbsdən azad olunduqdan sonra adına olan daşınmaz əmlakların satışından gələcək pul ilə borcunu bağlayacağını bildirmişdir. O da həmin vaxt tanışı Araz Vəliyevdən 12.000 ABŞ dolları məbləğində pulu borc alaraq, yaşadığı ünvan 1 ünvanında cavabdehə vermişdir. Bu minval ilə cavabdehin atasının həbsdən azad olunması üçün 18.000 ABŞ dolları məbləğində borc pul vermişdir. 2021-ci ilin sentyabr ayında cavabdeh yenidən iddiaçıya yaxınlaşıb atasının cinayət işi üzrə 25.000 manata ehtiyac olduğunu bildirdikdə, iddiaçı tələb olunan məbləği borc verə bilməyəcəyini, lakin, etibar edib işlətdiyi su sexində 3 ay ərzində 25.000 manat məbləğində su verib, satışından əldə etdiyi vəsaiti borc əvəzi olaraq ehtiyacına xərcləyə biləcəyini bildirmişdir. Həmin ilin axırında cavabdehin atası həbsdən azad olunmasına baxmayaraq borc olaraq almış olduğu 18.000 ABŞ dolları və 25.000 manat məbləğində pulu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Bununla əlaqədar olaraq iddiaçı, Abşeron rayon Polis İdarəsinə müraciət etmiş və idarənin TŞ-nin baş təhqiqatçısı Z.K.Mustafayev tərəfindən Cavabdeh izahatı alınmışdır. Həmin izahatında cavabdeh iddia ərizəsində qeyd edilənləri qismən olaraq təsdiqləmiş, 25.000 manata məbləğində suyu ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “İxlas Su” sexindən nisyə götürdüyünü, əlbəəl aldığı 10.000 manat məbləğində pulu, su satışı zamanı avtomobilin xərci olaraq da 5.000 manat olmaqla ümumilikdə ona 40.000 manat məbləğində borcu olduğunu etiraf etmiş, qalan hissədə isə borcunu inkar etmişdir. Lakin, bu imtinası əsassızdır. Belə ki, 18.000 ABŞ dolları məbləğində borcu ortaq tanışları Araz Vəliyevin iştirakı ilə vermişdir. Qeyd olunan xüsusatları şahid qismində Araz Vəliyev bir daha təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, iddiaçıdan cəmi 40.000 manat məbləğində borc almış və qaytarmamışdır. O, borcundan boyun qaçırmır, borcunu iddiaçıya ödəyəcəkdir. Digər hissələrdə iddianı qəbul etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş 30 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, “İddiaçı 4-5 ildir ki, tanıyır. Onların normal münasibəti olmuşdur. O, su sexlərindən su götürüb, “Salam Su" adı ilə satışı ilə məşğul olur. O, təxminən 2018-ci ilin yay aylarında tanışı Ülvi adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsində “İxlas Su” sexini işlədən Mətləblə tanış olmuş və ondan müştəri kimi malı alıb satmağa başlamışdır. Onların bununla da alış-verişi olub, münasibəti yaranmışdır. 2019-cu ilin sentyabr ayında o, Mətləbdən suyu yəni, 19 litri 1 manata aldığına görə ona suyu baha satdığını söyləyib, onunla işləməkdən ayrılmaq istədiyini demişdir. Həmin vaxt Mətləb ona nə problemi olduğunu söylədikdə o, Mətləbə atasının həbsdə olduğunu və pula ehtiyacı olduğunu bildirmişdir. Mətləb həmin vaxt ona köməklik edəcəyini bildirib, 3 ay ərzində ona pulsuz yəni, nisyə su verəcəyini deyib, əlavədə 6.000 dollar ona köməklik üçün borc pul vermişdir. O, Mətləbin bu hərəkətinə görə onunla işə davam etmişdir. Həmin vaxtdan bu günədək Mətləbdən ümumilikdə 10.000 manat da borc pul almışdır. Onun Mətləbə halhazırda 25.000 manat suya görə borcu və 10.000 manat əl borcu vardır. Bundan əlavə də onun maşın xərclərinə görə Mətləbə 5.000 manat borcu da vardır. Onun Mətləbə ümumilikdə 40.000 manat borcu vardır. Həmin pulu hissə-hissə hər ay ödəyəcəyinə söz verir. O, Mətləbdən 18.000 dollar borc pul almamışdır. Mətləbin bu barədə dedikləri doğru deyil. O, Mətləbdən bir neçə dəfə borc alsa da onların bəzisini qaytarmışdır. Hal-hazırda onların arasında yalnız 40.000 manat borc pul yaranmışdır. Onu da qeyd edir ki, 6.000 dollar pulu Mətləbdən Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Smoke” çay evində almış, bundan sonra maşın təmiri üçün ona 5.000 manat xərcləyib, sonuncu 25.000 manat dəyərində suyu isə Masazır qəsəbəsində yerləşən Mətləbin sexindən nisyə götürmüşdür” 04 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 270 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ondan 18.000 ABŞ dolları və 25.000 manat məbləğində borc aldığını iddia etsə də, o, cavabdehə məhz həmin məbləğdə borc pul verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatla müəyyən edildi ki, cavabdehin iddiaçıya cəmi 40.000 manat məbləğində borcu var. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 40.000 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 194 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 40.000 (qırx min) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 194 (bir yüz doxsan dörd) manatı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4731/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4731/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver