Məhkəmə qərarları › İş №e-2(001)-4748/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4748/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4748/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı borc pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı borc pul tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddia məhkəmə aidiyyəti üzrə düzgün verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 19-ci bəndinə əsasən eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Təqdim olunmuş iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, iddiaçı cavabdeh təşkilatın təsisçisi olmaqla, xx.xx.2018-ci il tarixli borc müqaviləsi ilə təşkilata (onun direktorunun şəxsində X1) müqavilənin 1.1-ci bəndinə əsasən - xarici və yerli şirkətlərə olan borclarını ödəmək məqsədilə lazım olan məbləğdə borc verir. Mübahisənin subyekt tərkibinə nəzər saldıqda iddiaçı xx.xx.2005-ci il tarixdən hazırki zamanadək aktiv VOENə malik olmaqla şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi ilə əlaqədar sahibkar kimi fəaliyyət göstərir. Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Mübahisənin predmetinə gəldikdə isə, hazırki mübahisə yuxarıda istinad olunan Plenum qərarında nəzərdə tutulduğu kimi, korporativ tələb kimi, təsisçi ilə şirkət arasında olmaqla, birbaşa olaraq şirkətin göstərdiyi fəaliyyətdən, yəni onun gələcək fəaliyyəti nəticəsində xarici və yerli şirkətlərə yarana biləcək borclarının ödənilməsi məqsədilə və bu fəaliyyətin maliyyə yardımı ilə dəstəklənməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hüquq münasibətləri sahibkarlıq xarakteri daşıdığından və yuxarıda göstərilən korporativ xüsusiyyətlərdən qaynaqlandığından hazırki mübahisəyə ümumi deyil, kommersiya məhkəməsində baxılıb hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə İddiaçı Cavabdeh MMC-yə qarşı borc pul tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyəti üzrə qanunun tələbinə uyğun verilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı borc pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər (dövlət rüsumu 3290 AZN, qəbz **********06) geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar