Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4775/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 400.000 manat məbləğində borc, gecikdirilmiş ödənişə görə 44.000 manat olan dəbbə pulu və 7250 manat pul gecikmə faizi və 742 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində borc müqaviləsi bağlanılmışdır. Sözügedən müqavilənin 1-ci maddəsinə əsasən, müqavilənin predmetini nümayəndəsi olduğu şəxsin Cavabdeh 400.000 manat məbləğində vəsaiti borc verməsi təşkil edir. Müqaviləyə əsasən 400.000 manat məbləğində vəsait müqavilə bağlandıqdan sonra notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh borca verilmişdir. Borc alan borcunu müqavilədə qeyd olunan vaxt ərzində (xx.xx.2024) heç bir faiz əlavəsi olmadan borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, müqavilə üzrə borc ödənişinin icra müddəti keçməsinə baxmayaraq, ümümilikdə 441.200 manat borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Yuxarıda qeyd olunmuş borc məbləğinin 400.000 manatı müqavilənin birinci bəndinə əsasən borc kimi verilən məbləğ, geridə qalan 44.000 manat isə müqavilənin 3-cü bəndinə əsasən yaranan dəbbə pulundan ibarətdir. Dəbbə pulu borc alan və borc verən arasında bağlanılan müqavilənin 3-cü bəndinə əsasən borc alan borcunu qaytarmazsa, gecikdirilən hər gün üçün məbləğin 0.1 faizindən ibarətdir. Mövcud borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində cavabdehə rəsmi olaraq xəbərdarlıq edilmiş, lakin cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Müqavilənin 10-cu maddəsinə əsasən borc alan müqavilə ilə müəyyən edilmiş vaxt ərzində borcunu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 11 ay ərzində ona məxsus pulu özündə saxladığı üçün, gecikdirilmiş ödənişə görə cavabdehdən bank uçot dərəcəsinə uyğun olaraq 7250 manat (400000/100*7,25/12*3=7250) pul gecikmə faizi kimi tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəməyə iddiaya yazılı etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində aralarında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə istinad etmişdir. İlk öncə onu qeyd edir ki, tərəflər arasında borcun yaranma mənbəyi Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, cənub-qərb hissəsində yerləşən 0,12 ha torpaq sahəsi olmuşdur. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, cənub-qərb hissəsində yerləşən 0,12 ha torpaq sahəsini ümumilikdə 800.000 manata razılaşaraq almışlar. Alqısatqı zamanı müqaviləyə 400.000 manat qeyd edilməklə ödəniş edilmiş və qalan 400.000 manata dair isə aralarında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmış, borcun təminatı olaraq da "xxxx" MTK-nın sədri və təsisçisi (hazırki iş üzrə cavabdeh) Cavabdeh arasında xx.xx.2023-cü il tarixli qarşılıqlı öhdəliklər barəsində M-91 saylı müqavilə bağlanmışdır. Göründüyü kimi hazırki iddia ərizəsi əsassız olaraq qaldırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı öhdəliklər barəsində M-91 saylı müqavilə bilavasitə hazırki iddianın predmeti olan borc müqaviləsinin təminatı olaraq bağlandığı təqdirdə, iddiaçı əsassız olaraq cavabdehdən əlavə olaraq 400.000 manat pul tələb edir. Tərəflər arasında bağlanmış borc müqaviləsi başqa əqdi pərdələmək niyyəti ilə bağlanması yuxarıda qeyd etdiyi müqavilə ilə təsdiqini tapır. Lakin, iddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsinin təminatı olan müqaviləni məhkəmədən gizlətmişdir. Onu da Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət ediləcək. Çünki İddiaçı tərəfindən onlara satılmış torpaq sahəsi elektron baza sisteminə əsasən onların yox, təhsil idarəsinin balansında olan torpaq sahəsi kimi qeyd edilmişdir. Yəni İddiaçı onlara satdığı torpaq sahəsi onun tərəfindən tam təhvil verilməmiş və mülkiyyətlərində olsa da sahiblik və istifadələrinə verilməmişdir. Hər iki müqavilə də, xx.xx.2023-cü il tarixli müqavilənin təminatı olaraq bağlanmışdır. Göstərilənlərə əsasən iddianın əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, yuxarıda qeyd olunan məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) etirazda göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixdə İddiaçı (borc verən) ilə Cavabdeh (borc verən) arasında notarial qaydada bağlanmış borc müqaviləsindən görünür ki, borc verən borcalana 400.000 manat məbləğində borc verir, borcalan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc verən borc alana 400.000 manat məbləğində borcu notariusun bankda depozit açılan hesabı vasitəsi ilə borc verir. "xxxx" Tikinti Kooperativinin təsisçisi Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Qarşılıqlı öhdəliklər barəsində M-91 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni 1-ci Bloklu yaşayış binasında, qeyri-yaşayış mərtəbəsinin 1 mərtəbəsində yerləşən, 80 kv.mdən ibarət obyekti bir pay kimi bu müqavilənin 1.2-ci bəndində göstərilmiş şərtlərə uyğun olaraq “Payçı”ya verməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, bu müqavilə, “Təsiçi” ilə “Payçı” arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin təminatı kimi çıxış edir və “Təsisçi” xx.xx.2023-cü il tarixində bağlanılmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə müqavilə predmeti olan daşınmaz əmlak tam olaraq “Şirkət” tərəfindən “Payçının” mülkiyyətinə verilir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər tam olaraq yerinə yetirildikdən sonra “Payçı” bu müqavilə üzrə ona verilməsi nəzərdə tutulmuş bu Müqavilənin 1.1-ci maddəsində göstərilən obyektdən imtina edir. Qeyri-yaşayış binasının ümumi dəyəri xx.xx.2023-cü il tarixdə bağlanılmış kredit müqaviləsinin dəyərinə bərabərdir və 400.000 manat təşkil edir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanılmış M-91 saylı müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə təsisçi tərəfindən öhdəliklər kredit müqaviləsində razılaşdırılmış qaydada tam olaraq yerinə yetirmədiyi təqdirdə o, qeyri yaşayış sahəsinin dəyərini tam olaraq ödəmiş və şirkət qarşısında heç bir öhdəliyi qalmamış sayılır. İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvanladığı ərizənin surətindən görünür ki, sonuncudan 441.200 manat məbləğində borc vəsaitini 3 gün ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın verilməsi üçün məhkəmənin hesabına 742 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, borcun tutulması barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddədən də görünür ki, borc müqaviləsi konsensual deyil, real müqavilədir. Yəni borc müqaviləsinin bağlanmış hesab edilməsi üçün müqavilənin tərtib olunması və imzalanması kifayət etmir. Bunun üçün Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən hərəkətlər tam icra olunmalı və borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana verməlidir. Yalnız bu hal baş verdikdən sonra borc müqaviləsi bağlanmış hesab edilir və borc alanın aldığı əşyanın borc verənə qaytarması öhdəliyi yaranır. Hazırkı işdə iddiaçının iddia tələbi cavabdehlə xx.xx.2023-cü il tarixdə notariat qaydada bağlanmış borc müqaviləsi təşkil edir. İddiaçı iddia edir ki, o, məhz həmin müqavilə əsasında cavabdehə 400.000 manat məbləğində borc vermiş, lakin cavabdeh həmin borcunu ödəmədiyindən onun yuxarıda qeyd edilən məbləğdə borcu yaranmışdır. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixli notarial borc müqaviləsinin 2-ci bəndində 400.000 manat borc məbləğinin notariusun bankda açılan depozit hesabı vasitəsilə borc alana verilməsi nəzərdə tutulmuşdur. Bununla belə iddiaçı 400.000 manat məbləğində pulu həqiqətən də notariusun bankda açılan hesabı vasitəsi ilə cavabdehə borc kimi verməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4775/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4775/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver